Şirvanda kriminal "razborka": "Krıtı Elvin" və dostu öldürüldü

  • 08 noy 2015, 12:27

Şirvan şəhərində silahlı insident baş verib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə  gecə saat 23.00 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən kafedə kriminal aləmin üzvlərinin mübahisəsi zəminində baş verib.

 

"Makarov” tipli silahdan açılan atəş nəticəsində Şirvan sakinləri - əvvəllər məhkum olunmuş, 1990-cı il təvəllüdlü Zaur Vəfadar oğlu Sarıbalayev və 1983-cü il təvəllüdlü, kriminal aləmdə "Krıtı Elvin” kimi tanınan Elvin Zamanəli oğlu Nəziyev qətlə yetirilib.


Birinci şəxs hadisə yerində, sonuncu Şirvan şəhər xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Hadisənin səbəbləri və təfərrüatları araşdırılır.


Olay yerində Şirvan prokurorluğunun əməliyyat-istintaq qrupu, o cümlədən ekspert-kriminalistlər istintaq tədbirləri həyata keçirib. Hər iki şəxsin meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinə təhvil verilib. İnsidentdə neçə silahdan istifadə olunduğu meyitlərin müayinəsindən və ballistik ekspertizadan sonra aydınlaşacaq.

 

Baş verən qətl hadisəsi ilə əlaqədar Şirvan sakini, 1985-ci il təvəllüdlü Tural Baloğlan oğlu Salmanov və daha bir nəfər şübhəli şəxs qismində saxlanılıb. Daha bir neçə nəfərin istintaqa cəlb olunması gözlənilir.

 

Qeyd edək ki, Zaur Vəfadar oğlu Sarıbalayev Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 2009-cu il 3 iyun tarixli hökmü ilə məhkum edilib. 26 may 2014-cü il prezidentin imzaladığı əfv fərmanı ilə azadlığa buraxılıb.

 

Demokratik.Az