Leyla Yunusun səhhəti pisləşib

  • 03 noy 2015, 13:11

Vəkil Elçin Sadıqov: "Kristian Vitt deyib, birinci dəfədir eşidirəm ki, həkimlər siyasi sifarişlə insan həyatını təhlükədə qoyurlar"

Hazırda həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun səhhəti getdikcə pisləşir. Leyla Yunusun vəkili Elçin Sadıqovun sözlərinə görə, bunu onu müayinə edən alman həkim Kristian Vitt deyib. Vəkil Meydan TV-yə deyib ki, oktyabrın 30-da Vitt Leyla Yunusu müayinə edib və səhhətindən narahatlığını qeyd edib: "Leyla Yunus dedi ki, həkim bunun səbəbini yazdığı "Harvone" dərmanını həbsxana şəraitində qəbul etməsində görüb. Həmin dərmanı xəstəxana şəraitində qəbul etmək lazımdır. Avqustun 14-də Vitt Leyla Yunusu müayinə edərkən deyib ki, ən azı 1 ay xəstəxana şəraitində müalicə olunmalıdır. Lakin o, tibb mərkəzində cəmi 5 gün saxlanılıb və avqustun 19-da təcridxanaya köçürülüb. Hazırda həzm prosesi pozulub, kəskin ağrıları var". 

Vəkilin sözlərinə görə, alman həkim səhiyyənin siyasətə qarışmasından da təəssüflənib: "Vitt deyib, birinci dəfədir eşidirəm ki, həkimlər siyasi sifarişlə insan həyatını təhlükədə qoyurlar".

Elçin Sadıqov ou da bildirib ki, mühafizəçilər İxtiyar Qurbanov və Murad Məmmədovun şikayəti əsasında telefon danışıqları və qohumları ilə görüşə məhdudiyyətlər qoyulub: "Əl ağacı əlindən alındığından Leyla Yunusun hərəkəti çətinləşib, sərbəst yeriyə bilmir".