Demokratik TV
ADAU-nun ingilis dili müəllimi ittihamları RƏDD edir - "Deyilənlər yalandır"
Azərbaycan Dövlət Aqrar Universitetinin Dillər kafedrasının müəlliməsi İmamverdiyeva Aygün Vilayət qızı Demokratik.Az saytında yazılanlara münasibət bildirib. ADAU-nun xarici dili müəlliməsi özü barədə səslənənləri qəbul etməyərək müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlarları “işə düzəltmək”, “tələbə qəbulu”, “xaricdə təhsil alınmış diplomun təsdiqi“, “hərbi hissəyə işə düzəltmə”, “hərbiçilərin Əfqanıstanda müqavilə ilə hərbi qulluq etməsi”, ”xəstəxanaya sürücü”, “pensiya təyinatları”, “tələbə və müəllimlərin digər universitetlərə köçürülməsi” və sair işlərdə əlinin olmadığını, dələduzluq etmədiyini, yazılan iddiaların yalan olduğunu bildirib.
İmamverdiyeva saytımıza qısa açıqlamasında vurğulayıb ki, bu ittihamlar ona qarşı məqsədli şəkildə bir neçə şəxs tərəfindən təşkil edilir. Hətta, əvvəllər yaxşı tanıdığı bəzi adamlar bir müddətdir ki, əsassız şikayətlərlə ona qarşı hücumlar təşkil edir, onun iş yerinə gələrək təhdid edir, hətta ona qarşı fiziki güc tətbiq etməkdən də çəkinmirlər.
"Mən uzun illərdir ingilis dili müəllimiyəm, müəllim şərəfimi həmişə qorumağa çalışmışam. Heç kəsə qarşı dələduzluq etməmişəm. Yazılanları oxudum və təəssüf hissi keçirdim ki, barəmdə yalan yazırlar. Məni tanıyanlardan, kollektivimdən və tələbələrimdən öyrənsəniz əmin olarsınız ki, deyilən ittihamların heç biri mənim nə şəxsiyyətimə, nə də müəllimliyimə yaraşmır. Yazılanlar yalandır, şikayətçi kimi ortaya çıxanlar məni sadəcə şərləməyə, məndən pul qopartmağa çalışırlar"-deyə Aygün İmamverdiyeva bildirib.
İttihamları rədd edən müəllimə əlavə edib ki, ona qarşı əsassız ittihamlara görə adını çəkmədiyi şəxsləri tezliklə polisə şikayət edəcək.
Demokratik.Az
