Azərişıq Binə sakininə niyə SMART sayğac sırımaq istəyir? - ŞİKAYƏT

  • 06 yan 2022, 20:17
Azərişıq ASC-nin Xəzər rayonu Binə qəsəbəsi Enerji Satışı və Təchizatı idarəsi daha bir vətəndaşa problem yaşadır. Qurum yetkililəri qəsəbə sakini Həsrətov Ramiz Cəfər oğlunun müvafiq müraciətindən sonra mülkiyyətindəki elektron sayğacın SMART sayğacla əvəz edilməsini tələb edirlər. 
Demokratik.Az-a bu barədə şikayətçinin özü danışıb. 

Vətəndaşın bildirdiyinə görə, bir müddət əvvəl pul ödəyərək mülkiyyətində olan həyətyanı torpaq sahəsindəki tikiliyə əhali kateqoriyalı kod alıb və təyinatı üzrə də istifadə edib. İndi isə zərurət yarandığından, ASAN xidmətə muraciət edib əhali kodunun qeyri-əhaliyə dəyişdirilməsini istəyib. Müvafiq prosedurlar həyata keçirilib, müraciət müsbət cavablandırılıb. Lakin, müraciətə dair rüsum da ödənildikdən sonra, qurumun əməkdaşları vətəndaşın razılığı olmadan evin mövcud sayğacının SMARTkart tipli yeni sayğacla əvəzlənməsi üçün ünvana gəliblər. Vətəndaş isə razılaşmayıb, Azərişığın bu addımını qanunsuz hesab edərək yeni sayğacın köhnəni əvəzləməsinə şərait yaratmayıb.
Vətəndaş iddia edir ki, SMARTkart sayğacın sərfiyyata dair hesablama mexanizmində və digər texniki parametrlərində problemlər olur. Hətta, o tip sayğacların istehsal mənşəyi, keyfiyyət göstəriciləri də bəzən bilinməyən olur. SMARTlar tez-tez xarab olur, kartla pul ödənişində süni cətinliklər yaranır. Bu səbəblərə görə də, şikayətçi özünün istifadə etdiyi və istismara yararlı köhnə sayğacın mülkiyyətində saxlanmasını istəyir. Bundan başqa, ərazidəki bütün abonentlərin sayğaclarının elektron olmasını da nəzərə alsaq, yalnız şikayətçinin ayrıseçkiliyə məruz qalması yolverilməzdir.

Ramiz Həsrətovun dediklərindən bu nəticə çıxır ki, O, əksər hallarda sahibkarların kabusuna çevrilmiş sayğacın qoyulmasına məcbur edilə bilməz. Abonentin keyfiyətli enerji təchizatı ilə təminatı isə təbii ki, Azərişıq ASC-nin başlıca vəzifə öhdəliyidir.

Qurumu təmsil edən vəzifəli şəxslərin vətəndaşa hədə qorxu gəlməsini, "ödədiyi pulun batar, dediklərimizlə ya razılaş, ya da öz əvvəlki sayğacın yerində qalması sənə baha başa gələr...!" kimi mesajları pisləyir, qurum rəhbərliyindən sözügedən məsələyə münasibət bildirməyini rica edirik...
Demokratik.Az
Oxşar xəbərlər