Demokratik TV
Ceyhun Nəbi yazdı - Nəsib bəy Yusifbəylini öldürən "GƏNCƏ"
1920-ci ildə Nəsib bəy Yusifbəyli fiziki olaraq qətlə yetirilmiş və onun ölümü bir müəmma olaraq qalmışdı. 26 noyabr 2021-ci il tarixində o bir daha öldürüldü. Bu dəfə mənəvi olaraq, özüdə doğulduğu, bütün mübarizə içində keçən yaşamını həsr etdiyi Gəncə şəhərində. Bəli, faciəli səslənir. Bu sətirləri oxuyanların bəlkə damarlarında qanı donacaq, vahiməli dəhşət bürüyəcək, amma çox təəssüf ki, bu belədir. Başqa ad fikirləşə, başqa ad qoya bilmədim. Gəncə üçün Nəsib bəy Yusifbəyli ölüb, onun qatili GƏNCƏ'dir. Gələk mövzunun əsl mahiyyətinə, məğzinə. 26 noyabr tarixi üçün Gəncə 1-ci kitab sərgisində Nəsib bəy Yusifbəylinin siyasi və eşq yaşamından bəhs edən "Alovlanan eşq: Cümhuriyyət və Şəfiqə Soltan" adlı sənədli-tarixi romanımı təqdimata dəvət etmişdilər. 26 noyabr tarixində hazırlaşıb Şəmkirdən Gəncəyə yola düşməmiş Gəncədəki dostlardan biri zəng etdi ki, Ceyhun, təqdimata gələcəksənmi ? Dedim bəli, gələcəm. O isə mənə dedi ki, burada təqdimat yerində deyirlər ki, gəlməyəcəksən, təqdimatın olmayacaq. Dedim gələcəm, yalan söhbətdir. Nə isə gəldim Gəncəyə, təqdimat olacaq Gəncə Flarmoniyasının Urban zalına. Bir az kitablara baxış keçirdikdən sonra kitab sərgisinin Gəncədəki təşkilatçılarından biri mənə məlumat verdi ki, axşam səni araşdırırdılar, deyirlər Şəmkirdən gələcək, müxalifətçi, falan-filan. Dedim nə məsələdir ? Kim araşdırır ? O haqqda mənə məlumat vermədi. Dedi, bura Şəmkirdən deyiblər. Məndə dedim nə edək ölkə vətəndaşlığından imtina edəkmi ? Söz demə, yazma, danışma belə ölkə olar ? Bir az sonra məni təqdimata dəvət edən şəxs bildirdi ki, heç nə yazma təqdimat olacaq. Nə isə təqdimat oldu, heç olmasa idi, bundan yaxşı idi. Təqdimatda çıxış etdim, 7-8 nəfər oturub, biri Türkiyədən, biri şəmkirli, biri tovuzlu, biri qazaxlı, biri bakılı, bir nəfər isə gəncəli. Nəsib bəyin ruhundan utandım, doğulduğu Gəncə üçün Nəsib bəy yox imiş, kimlər nə etdi deyə bilmərəm, amma bu şəhər öz yaddaşında Nəsib bəyi öldürmüşdü...