Göygöl məktəbində jurnalistin övladlarına qarşı biabırçı təxribat başladı - Nərimanoğlu baş prokurorluğa müraciət etdi

  • 11 dek 2021, 21:58
Göygöl rayonu (şəhər) Səməd Vurğun adına 3 saylı tam orta məktəbində jurnalist Osman Nərimanoğlunun övladlarına qarşı biabırçı təxribat halları başlayıb. Məktəbin direktoru və digər əhli-əyalı məktəbdəki rüsvayçılıqları ifşa etdiyi və haqlı şikayətlər etdiyi üçün sayt rəhbərinin övladlarına qarşı total xarakterli hücuma keçiblər. Direktor və direktor müavinləri bəzi müəllimlərin də iştirakı ilə jurnalistin 8-A sinif şagirdi Agamirin gizli səsyazısı qeydlərini aparır, şagirdə qarşı süni psixoloji basqılar təşkil etməklə təhsil və ziyalı adı ilə bir araya sığışmayan əməllərə imza atırlar. Əsas məqsəd isə jurnalistin susdurulmasıdır.
Bu barədə Demokratik.Az-a jurnalistin özü məlumat verib.

"Son günlər övladlarımın təhsil aldığı məktəbdə böyük oğlumun qanunla qadağan edilən şəkildə, gizli səsini yazır, hətta gizli videolentə alırlar. Biz məktəbdən, təhsil ocağından danışırıqsa, bu hal məni narahat edir. Hazırda sözügedən məktəbdə xaos hökm sürür, məktəbdə inventar və adi pərdə yoxdursa, təlim-tədris prosesində axsamalar qabarırsa, şagirdlərin davamiyyəti yerində deyilsə və nələrinsə alınmasında valideyinlərin pulu səfərbər edilirsə, məktəbdə rüşvət və korrupsiya meyilləri varsa uşağımın günahı nədir, anlamıram. Dünən oğlum Ağamirə qarşı məktəbin dərs hissə müdiri Mələknisə Murğuzova və digərləri tərəfindən psixoloji basqı tətbiq edilib. Təsəvvür edirsinizmi, müəllimlər adi etik davranış qaydalarına sayğı duymadan övladımı təhqir edib, karidorda səs-səsə verərək uca səslə ona müxtəlif qarğışlar ediblər. Ardınca isə, adıkeçən Murğuzova təlim-tərbiyəsinə cavabdeh olmalı olduğu şagirdini affekt vəziyyətinə gətirərək onun əsəbi davranışlarını videolentə alıb, adekvat reaksiyalarından irəli gələn danışığının gizlin şəkildə səsyazısını təşkil edib. Şagirdi atasının etdiklərinin qarşılığında polisə verməklə, məktəbdən qovmaqla hədələyiblər. Əgər bu yolla sözügedən məktəbin yarıtmaz pedoqoji kollektivi məndən qisas aldığını düşünürsə, jurnalist peşə fəaliyyətimdən irəli gələn hal üzrə məndə olan məlumatların yayılmasının belə şantaj və təhdid yolu ilə qarşısını almaq istəyirsə, bunun adı təkcə təhsil özbaşınalığı deyil. Hesab edirəm ki, son günlər məktəbdə övladıma qarşı baş verənlər əslində mənim fəaliyyətimə yönəlib və adı birbaşa cinayətdir..." - deyə Osman Nərimanoğlu bildirib.

Jurnalist onu da qeyd edib ki, bir müddət öncə (noyabrın 12-də-red) məktəbin 5-B sinfində oxuyan kiçik oğlu da planlı təxribata, zorakılığa uğrayıb. Elmir məktəbin dil-ədəbiyyat müəlliməsi Ləman Məmmədova tərəfindən döyülüb və psixi gərginlik yaşayıb. Həmin tarixdə sinfə özbaşına daxil olan Ləman jurnalistin övladını sağ yanağından kitabça ilə vuraraq ağlamasına, fiziki və mənəvi istirab çəkməsinə səbəbkar olub. Yalnız şikayətdən sonra müəllim əməlinə görə formal da olsa direktorun əmrilə məktəbdaxili töhmət alıb. Eləcə də həmin məktəbin sinif rəhbəri Güldərən Hacıyeva təşkilati nöqsanlara yol verdiyinə, valideyinləri pərdəpulu yığmağa sövq etdiyinə görə tutduğu postdan uzaqlaşdırılıb.

Bütün bunlardan sonra məktəb rəhbərliyi və bir sıra müəllimdə jurnalistə qarşı böyük kin-ədavət yaranıb. Lakin, qisasçılıq zəminində məktəb rəhbərliyinin və kollektivin şagirdlərə hücum çəkmələri, formal əsaslarla tərtib edilmiş bir sıra yazılı və şifahi izahatlarda jurnalistin övladlarına qarşı iftira və böhtanların atılmasına maraq göstərmələri, uşaqların öz yoldaşlarının yanında məqsədli şəkildə nüfuzdan salınması bağışlanmaz rəzillikdir. Şagirdlərə qarşı süni basqı və şərləmə işləri rayon təhsil şöbəsinin Osman Nərimanoğlunun şikayətinə cavab məktubunda da açıq-aydın görünür.
"Rayonun təhsili demək olar ki, başsız qalıb. Bu vəzifənin müvəqqəti icrası ilə məşğul olan Semur Əsgərov əməlli-başlı müqəvvadır. Bu gənc təhsil müdiri qısa zamanda nazirin və yerli icra hakimiyyətinin etimadına dönük çıxırsa, sözügedən məsələdə faktlara deyil, arvadların qeybətinə və quru sözlərə inanıb haqlı şikayətimə ağlına gələn cavabı yazıbsa sözün bitdiyi yerdir. Cavabın məzmununun 10 yaşlı şagirdə sanki prokuror obrazında ittiham aktına bənzəməsi orada təsvir olunan mənzərə də məktəbdə tədris mühitinin yarıtmaz durumuna işarə edir. Və paradoks ondadır ki, TŞ-nin gəldiyi rəsmi qənaətlə şikayətim əsasında öz təsdiqini tapan və müəllimlərin cəzalandırılması halı bir-birini inkar edir.."-deyə jurnalist öz açıqlamasına əlavə edib. 

Nərimanoğlu ölkənin baş prokurorluğuna da müraciət edəcəyini deyib. "Təhsil şöbəsinin müdir əvəzi və TŞ-də əyləşib direktorun səhlənkarlıqlarını yola verməyə çalışan bir neçə vəzifəli şəxs mənə açıq şəkildə həmin məktəbdəki özbaşınalıqlara susmağımı istəyirlər. Əks təqdirdə, məni həmin məktəbdə təhsil alan övladlarımla hədələyirlər. Özbaşınalıqlara susaqmı, aidiyyatı qurumlara həiqəti deməyəkmi? Şikayəti düzgün araşdırmaq əvəzinə malalayıb övladlarımı gözümçıxdıya salırlar. Əgər qanun aliliyi varsa, təhsil nazirliyi həmin məktəbi yoxlatdırmalıdır. Mənim peşə fəaliyyətimə yönələn hal üzrə rayon prokurorluğuna da müraciət edəcəyəm. Cinayət Məcəlləsinin 163-cü maddəsinə əsasən, jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə məsuliyyət yaradır. Əgər bunu məktəb müəllimləri indiyədək bilmirlərsə, inanıram ki, prokurorluq orqanı qarşı tərəfə etdiklərinin məsuliyyətini xatırladacaqlar".

Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir. Belə anlaşılır ki, Göygöl rayon 3 saylı orta məktəbdə öz şagirdlərini hədəfə çevirərək jurnalistin peşə fəaliyyətinə maneələrə və şantaja çalışan bir qrup qadın müəllimləri üçün özfəaliyyət hər şeydən üstündür...
(mövzu diqqətimizdədir)

Demokratik.Az
Oxşar xəbərlər