"Topaz"ın məhv etdiyi daha bir həyat - İŞ MƏHKƏMƏDƏ

  • 15 sen 2021, 17:31
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən T.Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. 
Demokratik.Az bizim/media-ya istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunub. 
Cinayət Məcəlləsinin 126-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülən T.Quliyev ifadəsində göstərib ki, o, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə yüksək balla daxil olub. Ali təhsil aldıqdan sonra müxtəlif dövlət orqanlarında işləyib.
Sonradan “Topaz” mərc oyununa böyük marağı olub və çoxlu məbləğdə borcu yaranıb. 
“Topaz” mərc oyunundan yaranan asılılığına görə T.Quliyev sonuncu iş yeri olan Dövlət Əmlak Komitəsində tutduğu vəzifədən azad edilib. Tanışları və ailə üzvləri T.Quliyevin “Topaz” mərc oyunundan asılılığına görə artıq ona pul verməyiblər. Buna görə də T.Quliyev mərc oyunu oynamaq üçün İ.Manaflıdan bir neçə dəfə sələmə pul götürüb və faizi ilə geri qaytarıb. 
T.Quliyev sonuncu dəfə 1 000 manat pulu İ.Manaflının istəyinə uyğun olaraq, sonuncu ilə onu tanış edən Alı adlı şəxsə verib.
Həmin vaxt İ.Manaflı verdiyi pulları onun sələmə aldığı pulun faizinə çıxdığını və 1 700 manat borcu qaldığını bildirib.
T.Quliyev İ.Manaflıdan 29 mart 2021-ci il tarixinə qədər ona vaxt verməsini xahiş edib. İ.Manaflı da ona 1 700 manat pula görə günə 20% olmaq şərti ilə 3 100 manat pul alacağını deyib. 
 
Martın 29-u o, İ.Manaflıya mesaj yazaraq, aldığı pulu tapa bilmədiyini, ona vaxt verməsini xahiş etsə də, İ.Manaflı ona qarşı şəxsiyyətini alçaldıcı ifadələr işlədib, yaşadığı ünvana gələcəyini deyərək ailəsi ilə bağlı hədələyib. 
Bundan sonra T.Quliyev İ.Manaflıdan özünün əvvəllər işlədiyi Dövlət Əmlak Komitəsinin yaxınlığına gəlməsini istəyib. Görüş zamanı o, üzərində gətirdiyi bıçaqla İ.Manaflıya bir neçə zərbə endirib. Bu zaman yaxınlıqda olan polis əməkdaşları onlara yaxınlaşaraq, T.Quliyevi 37-ci Polis Şöbəsinə aparıblar.

Əlavə məlumat üçün xatırladaq ki, "Topaz"-a "nəzarət" Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovdadır. Yerli medianın yazdığına və təkzib edilməyən məlumatlara görə, illər əvvəldən "Baltech Investment LLC” “Türkcell”in "Azərinteltek”dəki 51 faizlik səhmini aldıqdan sonra “TOPAZ”-a nəzarət Cavid Qurbanovun əlinə keçib. Lakin o, birbaşa deyil, öz yaxın adamları vasitəsilə Azərbaycanda mərc oyunlarına nəzarət etməkdədir. Belə ki, hazırda “TOPAZ”ın 75 faizlik hissəsini qeyri-rəsmi olaraq Vüsal Məmmədovun, bəzi iddialarda Dəmiryolları” QSC-də maliyyə şöbəsindən Vəsilə Abdulovanın nəzarət etdiyi bildirilirdi.
Oxşar xəbərlər