Hacı Tahir Qarabağinin səhhəti pisləşdi - təcili Türkiyəyə aparıblar

  • 13 sen 2021, 22:03
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, Qərb bölgəsi üzrə Qazi, İmamzadə ziyarətgahının imamı Hacı Tahir Abbaszadənin səhhəti pisləşib. Bu barədə Reyting.az-a Gəncə dindarları məlumat veriblər.
Dindarlar bildiriblər ki, səhhətində problemləri artan Hacı Tahir Abbaszadəni müayinə üçün təcili Türkiyəyə aparıblar:

“Hacının səhhətində əvvəllər də müəyyən problemlər olurdu, xüsusən də ağır şəkər xəstəliyindən əziyyət çəkirdi. Qardaşı, polis polkovnik-leytenantı Səməd Abbasov şəhid olduqdan sonra isə sağlıq durumu daha da pisləşmişdi. Son günlər isə ağrıları şiddətlənirdi. Səhhəti ilə bağlı problemləri artdığı üçün təcili Türkiyəyə aparmaq məcburiyyətində qaldılar”.

Reyting.az-ın əməkdaşı Hacı Tahirlə telefon əlaqəsi saxlayıb. O, səhhətində ciddi problemlərin yarandığını təsdiqləyib:

“Hazırda Türkiyədəki xəstəxanalardan birində müayinə olunuram. Bu ağırlıqda dərdi çəkə bilmədim, vəziyyətim daha da pisləşdi. Qardaşım Səmədin şəhadəti, onun övladı ilə bağlı yaranmış problem, şəxsimlə bağlı müəyyən çətinliklər və unutqanlıqlara dözə bilmirəm”.

Hacı Tahir ürəyində də ciddi problemlərin aşkarlandığını deyib və həkimlərin qərarını gözlədiyini bildirib.

O, Gəncə hadisələrindən sonra müəyyən güclü qüvvələrin təzyiqləri ilə üzləşdiyini də diqqətə çatdırıb və hələlik həmin şəxslərlə bağlı açıqlama vermək istəməyib: “Əgər mənə və ailə üzvlərimə qarşı təzyiqlər davam edərsə, onların kimliyini dövlətin müvafiq qurumlarına və ictimaiyyətə açıqlayacağam”.

Onu da qeyd edək ki, Hacı Tahir Abbaszadə Azərbaycanın Milli Azadlıq Hərəkatının fəallarından olub. O, 1990-cı ildə həbs edilərək Moskvadakı Lefertova zindanında siyasi məhbus həyatı yaşayıb.
Oxşar xəbərlər