"QAİ mənə dedi ki, sərxoşsan və narkomana oxşayırsan..!" Yardımlı sakini şikayətçidir

  • 17 iyul 2021, 13:14
Yardımlı rayonunun Bozayran kənd sakini Həsənli Əsgər Şirzad oğlu DYP-nin Masallı rayon şöbəsinin fəaliyyətindən narazıdır.
Vətəndaşın "Demokratik.Az"-a bildirdiyinə görə, iyulun 14 -də vətəndaş öz maşını ilə Yardımlı-Masallı yolunda hərəkətdə olarkən DYP-nin Masallı rayon şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Şikayətçi sürücü polislərdən avtomaşını hansı səbəbə saxlatdıqlarını soruşduqda (xidməti maşınları sonu 566 dövlət nömrə nişanı olan) Yol Patrul Xidməti Əməkdaşları ona "sən içkilisən və narkomana oxşayırsan.." - deyərək Əsgər Həsənlini öz maşınından zorla yerə düşürüblər. Və güclə öz maşınlarına mindirərək Masallı PŞ-yə aparıblar.

Şikayətçinin dediyinə görə, yol polisləri onunla nəzakətsiz davranıblar, ona hədə-qorxular gəliblər. Şikayətçi sürücünün idarə etdiyi AZ65 BB 995 dövlət nömrə nişanlı, VAZ 21099 markalı avtomaşınını cərimə meydançasına saldıqdan sonra, onun içkili olub-olmamasını müəyyən etmək üçün özlərində olan alkotesterlə üfləmə proseduru ediblər. Ona sərxoşluq diaqnozu qoyublar və buraxılması üçün rüşvət tələb ediblər. Vətəndaş isə içkili olmadığını, müayinənin aidiyyatı üzrə həkim tərəfindən həyata keçirilməsini tələb edib. Alkotester aparatının göstəricilərinin həqiqəti əks etdirmədiyini desə də, polislər sürücünü həkimə aparmaqdan imtina edib və özlərindəki aparatın onlara DİN tərəfindən verildiyini bildiriblər. 

Vətəndaş iddia edir ki, daha sonra onu Masallı RPŞ-də polis pod-polkovniki Şəmşir Kərimovun iş otağına aparıblar. Orada da xoşagəlməz söz-söhbətlər olduğunu deyən şikayətçi hesab edir ki, ona qarşı polis özbaşınalığı baş verib. Eləcə də içkili olmadığını bilə-bilə barəsində uydurma inzibati cərimə-xəta protokolu tərtib edərək onun işini məhkəməyə veriblər.

Şikayətçinin bildirdiyinə görə, polislərdən birinin adı Vüsal, digəri Tural olub. Hadisə sürücünün yanında olan həmkəndlilərinin də iştirakı ilə cərəyan edib. Yardımlı sakini polislərin ona narkoman deməsini, onu yalandan sərxoş çıxarıb cərimələməsini həzm edə bilmir.

Həsənli Əsgər Şirzad oğlu "Demokratik.Az" saytı vasitəsilə DİN naziri cənab Vilayət Eyvazovdan sözügedən hadisənin araşdırılmasını, ona qarşı nəzakətsiz davranmış DYP əməkdaşlarının sərt cəzalandırılmasını xahiş edib.
İnanırıq ki, şikayət araşdırılacaq və deyilənlərə hüquqi qiymət veriləcək. 
Məsələ ilə əlaqədar DİN-in rəsmi mövqeyini də dərc etməyə hazırıq!
Demokratik.Az
Oxşar xəbərlər