Media ilə bağlı yeni mürtəce mexanizmlər yaradılır

  • 20 iyun 2021, 01:41
Xalid Ağalı
Ötən ildən hazırlanmaqda olduğu deyilən “Media haqqında” qanun layihəsinin bir küncünə gün işığı düşüb. Düşməz olaydı – bəlli olur ki, medianın hüquqi tənzimlənməsində mütərəqqi islahatlar vəd edən hökumət əvvəlkindən də mürtəce tənzimləmə mexanizmləri üzərində çalışır.Yeni qanun layihəsi internet üzərindən yayım edənlərə lisenziya tələbi gətirilməsini nəzərdə tutur. Yəni, domenin var, saytın var, yayım etmək istəyirsən, gedib Teleradio Şurasının müsabiqəsinə qatılmalısan, lisenziya almalısan və sair.
Avropa Konvensiyasının İfadə azadlığı hüququnu təsbit edən 10-cu maddəsi var. Həmin maddədə belə bir cümlə var: “Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur”. Görünür, “mütərəqqi tənzimləmələr” üzərində işləyən hüquqçular, bu cümləni hərfi anlayıblar, ifadə azadlığı vasitəsi olan bütün fəaliyyətləri lisenziya tələbinə tabe etdirə bilərik, deyə düşünüblər, yanlış düşünüblər. Halbuki, bu cümlə texniki imkanlarla bağlıdır, orda icazə verilən lisenziyalaşdırma tükənə bilən tele, radio resurslarını nəzərdə tutur.
Odur ki, yeni qanun layihəsinin bizə bəlli olan hissəsi mürtəcedir, ifadə azadlığını buxovlayandır, nə konstitusion normalarımıza, nə də Avropa Konvensiyasına uyğundur.
Medianı yaxşı tənzimləyəcək yaxşı qanunun hazırlanıb qəbul edilməsi lazımdır. Bunun yolu: Hökumət hazırladığı qanun layihəsinin mətnini ortaya qoysun. Qoy, vətəndaş cəmiyyəti də alternativ layihə hazırlayıb, açıqlasın. Sonra hər iki layihə “İnformasiya əldə edilməsi haqqında” qanunun qəbulu təcrübəsində olduğu kimi Avropa Şurasının ekspertizasına təqdim edilsin. Hansı qanun bəyənilsə, o da qəbul edilsin.
Oxşar xəbərlər