“Whatsapp” vasitəsi ilə narkotik satanlara hökm oxundu

  • 18 mart 2021, 07:58
Narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olmaqda ittiham edilən şəxslər hakim qarşısına çıxarılıb.
Demokratik.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Elnur Rəsulov və Rüfət Orucəliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən R.Orucəliyev 7 il 6 ay, Elnur Rəsulov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə saxlanılan şəxslərin Nəsimi rayonunda yerləşən kirayədə qaldıqları evə baxış zamanı idman çantasının içərisində narkotik vasitələr olan 959 qram tiryək, 14, 712 qram heroin, 34 qram marixuana, 1, 696 qram psixotrop maddə olan metamfetamin və iki ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Araşdırma zamanı bu şəxslərin narkotik vasitələri “Rais” adlı şəxsiyyəti istintaqa məlum olmayan bir nəfərdən satmaq məqsədi ilə aldıqları məlum olub. E.Rəsulov və R.Orucəliyev İran vətəndaşı ilə “Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsilə mütəmadi olaraq əlaqə saxlayıblar.
Saxlanılan şəxslər ifadələrində qeyd ediblər ki, narkotik vasitələri “Rais”in tapşırığı ilə paytaxtın müxtəlif yerlərində yerləşdiriblər. Sonradan “Whatsapp” vasitəsi ilə həmin yerlərin şəklini çəkib ona göndəriblər. Onlayn yolla narkotik sirafiş verən şəxslər pulları müxtəlif yollarla E.Rəsulov və R.Orucəliyevə çatdırandan sonra onlar əldə etdikləri maddi vəsaitləri “Rais”in göndərdiyi bank kartlarına köçürüblər.
Oxşar xəbərlər