"Göygöl Beton" MMC işlətdiyi traktorçunun pulunu niyə vermir? - ŞİKAYƏT

  • 08 fev 2021, 10:54
Göygöl rayonu ərazisində fəaliyyət göstərən "Göygöl Beton" MMC işlətdiyi traktorçunun pulunu vermir. Gəncənin sabiq polis rəisi Qərib Həsənovun oğluna məxsus şirkət heç bir qanunu saymır.
Qarşılaşdığı problem barədə "Demokratik.Az"-a danışan traktorçu Budaq Əmirxanovun sözlərinə görə, 2 ay əvvəl adıkeçən şirkətin idarəçiləri onu aldadıblar. Belə ki, o özünün idarə etdiyi "AZ16-T-277" nömrəli traktorla birgə "Göygöl Beton" MMC-də 4 gün işlədikdən sonra ona razılaşdıqları əməkhaqqı verilməyib. Traktor sürücüsüsünün əməyi istismar edilərək ümumilikdə 425 manat pulu MMC- tərəfindən mənimsənilib.
Budaq Əmirxanov deyir ki, onu Gəncə şəhəri Nizami rayonunun Polis şöbəsində serjant işləyən Əli Süleymanov aldadıb. Onu bu işə mərhum polis rəisinin nəvəsi olan Əli cəlb edib. Sonda da pulunu verməkdən müxtəlif bəhanələrlə imtina edib.  
Traktorçu deyir ki, MMC-də işlədiyi günlərdə onunla günəmuzd əmək müqaviləsi də bağlanmayıb. Rəsmiyyət tələb etdikdə isə, ona gülüblər və onların işlətdikləri işçilərdən əksəriyyətinin də "əmək müqaviləsi"nin olmamasını bildiriblər.
Şikayətçinin sözlərinə görə, "Göygöl Beton" MMC-nin rəhbəri Nuşirəvan Həsənova da dərdini danışıb. Həsənov isə pul verməyəcəyini deyərək sürücünü polislə təhdid edib...
Demokratik.Az saytı şikayətlə bağlı adıkeçən MMC-nin də mövqeyini dərc etməyə hazırdır.
Demokratik.Az
Oxşar xəbərlər