Azərbaycanın Moldovadakı Səfirliyi məlumat yaydı

  • 06 fev 2021, 20:21
Azərbaycan Respublikasının Moldova Respublikasındakı diplomatik korpusu (səfirliyi-red) bəzi kütləvi informasiya vasitələrində Moldovada miqrasiya qaydalarını pozduqları üçün Rusiya və Azərbaycan vətəndaşlarının saxlanılmalarına dair yayılan məlumata aydınlıq gətirib.

"Demokratik.Az"-ın məlumatına görə, səfirlik aşağıdakı press-relizlə çıxış edib.
"Qeyd etmək istərdik ki, son 10 gündə Moldova ərazisində qanunsuz yaşayan Rusiya və Azərbaycan vətəndaşları Moldova Miqrasiya Xidməti tərəfindən saxlanılıblar. Ümumi sayı 3 nəfər olan saxlanılan şəxslərin 2-si Rusiya vətəndaşı, 1-i isə Azərbaycan vətəndaşıdır.

Vətəndaşımız ilə bağlı məsələ səfirliyin nəzarətinə götürülüb. Hazırda vətəndaşımız müvəqqəti saxlama məntəqəsindədir və onun Azərbaycana göndərilməsi üçün sənədləşdirmə işləri həyata keçirilir.

Səfirlik həmçinin bildirir ki, Moldovada daha əvvəl digər bir Azərbaycan vətəndaşı miqrasiya qaydalarının pozulması səbəbi ilə saxlanılıb. Saxlanılan Azərbaycan vətəndaşı ruhi-əsəb xəstəsi olduğu üçün o, müvafiq qaydada xəstəxanaya köçürülüb. Hazırda o, xəstəxanada müalicə alır. Yaxın günlərdə sözügedən hər iki vətəndaşımız Azərbaycana yola salınacaqlar. 

Azərbaycan Respublikasının Moldovadakı səfirliyi bildirir ki, Moldova Miqrasiya Xidməti ilə sıx əməkdaşlıq münasibətləri mövcuddur və hər hansı məsələlərin həlli məhz bu çərçivədə və müvafiq qanunvericilik əsasında həll olunur." 
Oxşar xəbərlər