"Azərbaycan dünyanın media nəhənglərini satın alıb" - İDDİA

  • 25 okt 2020, 19:26
“Bloomberg”, “CNN”, “The Washington Post”, “The Jerusalem Post”, “The New York Times”, “NBC”, “Al-Jazeera”, “San Francisco Chronicle”, “Sacramento Bee”, “Haaretz”, “USA Today”, “Wall Street Journal”... bu, hələ hamısı deyil
Azərbaycanın mövqeyindən yazılan məqalələrin arxasında nə dayanır? “Armenian Weekly” nəşrinin əməkdaşı Nanore Barsoumian araşdırma kimi təqdim etdiyi bir kitablıq məqaləsində bu suala cavab tapmağa çalışır. O, iddia edir ki, yuxarıda adını sadaladığımız dünyanın media nəhəngləri Azərbaycan tərəfindən satın alınıb, elə bu səbəbdən də Ermənistan-Azərbaycan savaşını rəsmi Bakının maraqlarına uyğun olaraq işıqlandırırlar. Ağlasığmaz bir ittihamdır.

Sirr deyil ki, Ermənistan-Azərbaycan arasında həm də informasiya müharibəsi gedir. 1990-cı illərdə Azərbaycan həm döyüş meydanında, həm də (xüsusən) informasiya müharibəsində ermənilərə böyük hesabla uduzurdu. Çünki dünyanın media mərkəzləri əsasən həmin xəbərləri Rusiya mənbələrinə istinadən yayırdılar. O vaxt (qismən indi də) Rusiya mediası müsəlləh əsgər kimi Ermənistanın milli maraqlarının keşiyində dayanmışdı. İndi vəziyyət kəskin şəkildə dəyişib. Azərbaycan Ermənistanın monopoliyasında olan informasiya blokadasını çoxdan yarıb. Türkiyənin verdiyi informasiya dəstəyi bu sahədə də öz işini görür.

Haqqında söhbət açdığımız məqalə informasiya müstəvisində də ermənilərin Azərbaycana böyük hesabla uduzmasının etirafı kimi qəbul oluna bilər.

Öncə onu deyim ki, əvvəl şikayətlənirdik ki, Azərbaycan dünyada o qədər də tanınmır. İndi hansı TV-ni açırsan, radionu dinləyirsən, qəzetə baxırsan, sosial şəbəkəyə boylanırsan... bütün dünya Azərbaycandan danışır.

Qarabağ savaşı Azərbaycanın adını birdəfəlik dünyanın yaddaşına yazdı. Bu yazıya pozu yoxdur.
Real vəziyyət belədir ki, Ermənistan-Azərbaycan savaşı dünyanın gündəminə oturub. Bu savaş hazırda lokal xarakter daşıyır. Ancaq bu savaşa Rusiya və Türkiyənin də cəlb olunma ehtimalı var. Heç də təsadüfi deyil ki, bəzi media orqanları Qarabağ savaşına Rusiya və Türkiyənin qoşulacağı təqdirdə III Dünya Müharibəsinin başlayacağından yazırlar. Bu ehtimal qorxu və təlaş yartamaq məqsədi güdmür. Bu, sadəcə, mövcud reallığın etirafıdır.
Orası da var ki, Azərbaycan tərəfi təkcə döyüş meydanında ultra-müasir silahlardan istifadə etmir. Həm də informasiya müstəvisində cağdaş vasitələrə söykənərək fəaliyyət dairəsini genişləndirib. Prezident İlham Əliyevin ingilisdilli və rusdilli auditoriyaya hesablanmış mükəmməl çıxışları da informasiya sahəsində uğurlar əldə etməyimizə xüsusi töhfə verib.
Prezident İlham Əliyev: Türkiyə istehsalı olan SİHA-larla bir milyard  dollar dəyərində erməni hərbi texnikası məhv edildi - AZƏRTAC – Azərbaycan  Dövlət İnformasiya Agentliyi
Azərbaycan dövlətinin indiyə qədər yeritdiyi xarici siyasət də bu işdə önəmli rol oynayıb. Erməni jurnalistin məqaləsində də bu məqam xüsusi ilə vurğulanır. “Armenian Weekly” nəşrinin əməkdaşı Nanore Barsoumian yazır: “ Azərbaycan Prezidenti İlham Əliyev Bakıdan min kilometrlərlə uzaqlıqda - ABŞ-ın yerli və milli qəzet səhifələrində və xəbər saytlarında yeni bir cəbhə açıb. Türkiyənin əli ilə suriyalı muzdluları erməniləri hədəf almaq üçün Qarabağa gətirən Azərbaycanın ABŞ-dakı lobbisi hər il milyonlarla dollara başa gələn “informasiya müharibəsi” nin başında dururlar.
Bu lobbiçilərin işinin vacib cəhətlərindən biri də anti-erməni mahiyyətli məqalələr yazmaq, yaymaq və təbliğ etməkdir. Onların taktikası ABŞ mediası vasitəsi ilə Ermənistanı Qərbin nəzərində antisemit dövlət kimi göstərmək, Ermənistanı İranın yaxın müttəfiqi kimi təbliğ etmək və ölkəmizə qarşı qarayaxma kampaniyası aparmaqdan ibarətdir. Eyni zamanda, Azərbaycan tolerantlıq nümunəsi, İsrailin müttəfiqi və dini hüquqların müdafiəçisi kimi təşviq olunur”.

Müəllif hesab edir ki, bütün bu yazılar Azərbaycan hökumətinin sifarişi ilə ortaya çıxır.

Bu iddia nə qədər doğrudur? Fakt budur ki, İsrail ilə Azərbaycanın münasibətləri strateji xarakter daşıyır. İslam Dünyasında İsrailə Azərbaycandan yaxın ölkə yoxdur. İsraili neftlə təmin edən ölkə də Azərbaycandır. İsrail isə beynəlxalq təzyiqlərə rəğmən Azərbaycana ultra-müasir silahlar verir. Eyni zamanda həmin silahların bir çoxunun Azərbaycanda birgə istehsalını da təşkil edir.


İsrail rəsmən bəyan edib ki, bundan sonra da Azərbaycana silah satacaq. Üstəlik, İsrail baş naziri Benyamin Netanyahu bugünlərdə bəyan etdi ki, Azərbaycanla münasibətlərimiz daha da dərinləşəcək. O da sirr deyil ki, ABŞ əhalisinin 2 faizə qədərini təşkil edən yəhudilər Amerikada ciddi söz sahibidir. İsrailin maraqlarını müdafiə edən yerli yəhudi lobbisi bütün bu deyilənləri nəzərə alaraq ABŞ-da Azərbaycanın maraqlarını müdafiə edir. Hər şey bu qədər sadədir. Azərbaycan ilə İsrail arasındakı münasibətlər az qala 30 ildir ki, mövcuddur və bu münasibətlərdən hər iki tərəf məmnundur. Bəs, Ermənistanla İsrailin münasibəti necədir? Yumşaq desək o qədər də ürəkaçan deyil.


Erməni araşdırıcı Azərbaycanın sifarişi ilə yazılmış məqalələrdən bəhs edərkən “Rusiya və İranın Qafqazdakı Təhlükəli Enerji Qambiti” yazısına xüsusi diqqət ayırır. Həmin məqalədə Ermənistanın Rusiya və İranla yaxın münasibətdə olduğu vurğulanır. Artsaq isə “qondarma respublika”( fake republic) kimi təqdim olunur. Əslində həqiqət olan bu fikirlər erməni araşdırıcı tərəfindən sifarişli yazı qismində təqdim olunur.

Sözügedən məqalədə Amerika Erməni Milli Komitəsi də (ANCA) tənqidə məruz qalır. Amerika erməni lobbisinin ağır topu hesab olunan bu təşkilatın hədəfə alınması Nanore Barsoumianın xoşuna gəlmir.


“Newsweek” isə yazır ki, Ermənistan-Azərbaycan savaşı dini xarakter daşımır. Çünki sünni Türkiyə şiə Azərbaycanın yanında yer alıb. Dünyəvi Azərbaycan Qərbyönümlü ölkədir. Roma Papası 2016-cı ildə Bakını ziyarət edib. Azərbaycandakı dini azlıqlar təhülkədən tamamilə kənardadır. Burada “aşkenazi, gürcü və dağ yəhudiləri”nin heç bir problemi yoxdur. Qəzet yazır: “Təəccüblü deyil ki, dünyanın ən böyük şiə ölkəsi olan İran Ermənistanı dəstəkləyir. İran əhalisinin yüzdə otuza qədərini etnik azərbaycanlılar təşkil edir. Buna baxmayaraq İran Ermənistanı dəstəkləyir. Çünki dünyəvi Azərbaycanın uğurları teokratik İranı ciddi şəkildə narahat edir”.
Bu kimi fikirləri yalan adlandıran Nanore Barsoumian əmindir ki, bu məqalə də Azərbaycanın sifarişi ilə yazılıb.
Təbii ki, bir kitablıq məqalənin bütün aspektlərinə toxunmağa ehtiyac yoxdur. Sadəcə onu deyək ki, bu məqalənin önəmi ondadır ki, ermənilər açıq şəkildə etiraf edirlər ki, dünyanın media nəhəngləri onlara çoxdan arxa çevirib. Bir vaxtlar özlərini Qərbin ərköyün uşağı kimi aparan ermənilər üçün bu, sarsıdıcı zərbədir.

Fakt budur ki, Azərbaycan hüquqi, siyasi, əxlaqi baxımdan da bu savaşda haqlı tərəfdir və bu həqiqət beynəlxalq səviyyədə də etiraf olunur. Bu nəticəyə nail olmaq üçün Azərbaycan iqtidarı on illər ərzində məqsədyönlü şəkildə ciddi iş aparıb. Və həmin işin nəticəsi indi - Azərbaycan üçün həlledici bir məqamda ortaya çıxır. Bu da ermənilərin ölkəmizə yönəlmiş informasiya savaşında bizə böyük üstünlüklər verir.

Elbəyi Həsənli, Sürix

https://armenianweekly.com/2020/10/24/whats-behind-all-the-pro-azerbaijan-articles/
Oxşar xəbərlər