“Azərbaycan müharibə gedə-gedə xaricdən silah ala bilər” - ekspert

  • 13 okt 2020, 09:35

Polkovnik Şair Ramaldanov: “Ermənistana silah göndərənlər beynəlxalq konvensiyaların tələblərini pozur, çünki işğalçı dövlətə xüsusilə müharibə getdiyi bir vaxtda silah satmaq qadağandır”

Ehtiyatda olan polkovnik Şair Ramaldanov “Yeni Müsavat”a bildirdi ki, Ermənistana silah göndərən hər hansı ölkə hazırda beynəlxalq konvensiyaların tələblərini pozmuş olur. Ona görə ki, işğalçı dövlətə xüsusilə müharibə getdiyi bir vaxtda silah satmaq, silah vermək qadağandır. Beynəlxalq konvensiyalara məhəl qoyulmaması həm də ikili standartlardır: “Mülki təyyarələrlə və TIR-larla Ermənistana göndərilən silah isə tamamilə qeyri-qanuni yolla gətirilir. Bu, dövlətlər arasında olan hansısa müqaviləyə də əsaslana bilməz. Ermənistanın silah resursları tükənib. Ona görə də silah surasata çox böyük ehtiyacları var. Ona görə də Ermənistana qanunsuz yolla silah-sursat daşınması gözlənilən idi. Çünki başqa əlacları yoxdur. İşğalçı Ermənistana qanunsuz silah göndərilməsi barədə bir neçə mənbələrdən məlumatlar gəlib. Azərbaycanın müvafiq qurumları bu cür məlumatları əldə etməklə məşğul olurlar.
Azərbaycanın müharibə gedə-gedə hansısa ölkələrdən silah alıb-almadığına gəlincə, bu barədə məlumat yoxdur. Hazırda Azərbaycanın arsenalında olan silah-sursat, texnika ordumuza tapşırıqları yerinə yetirməyə imkan verir. Bizim ehtiyatlarımız yetərli qədərdir. Azərbaycan Ordusu və Azərbaycan Respublikası Ermənistandan fərqli olaraq öz torpaqlarının azad olunması üçün, terrora qarşı döyüş aparır. Azərbaycanın beynəlxalq konvensiyalara görə özünü müdafiə etmək hüququ var. Ona görə də xaricdən silah almaq məsələsində Azərbaycanla Ermənistanın beynəlxalq hüquq qarşısında cavabdehliyi eyni deyil. Bu baxımdan Azərbaycanın hüququ var ki, indiki vəziyyətdə də özünü müdafiə məqsədilə xaricdən silah alsın. Beynəlxalq qanunlar Azərbaycana bu imkanı verir".
Polkovnik onu da dedi ki, Azərbaycanın özünün hərbi sənayesi mövcuddur və ordumuz istər patron, istər digər hərbi texnikaların mərmiləri ilə özümüzün hərbi sənayemizin məhsulları ilə təchiz edilir: “Azərbaycanın hərbi sənayesi topların və digər silahların mərmisini istehsal edir. Biz hazırda bu istehsal sayəsində döyüşdə daha çox istifadə olunan sursatların qıtlığını yaşamırıq. Ermənistanın isə bu resursu da yoxdur. Ona görə də adi patronu da xaricdən gətirmək məcburiyyətində qalır. Biz bu sahədə də Ermənistandan üstünük”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
Oxşar xəbərlər