Vəkil Paşayevi necə müdafiə etməli?

  • 11 sen 2020, 22:58
Elman Paşayevin Tovuz hadisələrindən sonra Moskvada erməni təxribatları nəticəsində həbs edilən bir neçə azərbaycanlını müdafiə etdiyi və həbsdən buraxdırdığı məlumdur- ona indiki hücumların arxasında həm də bu faktın dayandığını güman etmək olar...

Bu ilin iyun ayının 8-də Moskvada baş vermiş bir avtomobil qəzası son iki ayda Rusiyada ən çox müzakirə edilən və medianın diqqət etdiyi mövzuya çevrildi.

Moskva kimi meqopolisdə hər gün baş verən qəzalardan bu hadisəni fərqləndirən “Jeep Grand Cherokee” avtomobilini idarə edən şəxsin Rusyanın tanınmış aktyoru, əməkdar artist Mixail Yefremovun olması idi. Qəzadan sonra digər avtomobildə - “Lada”da ölən sürücü bir kənara qaldı, əsas diqqətlər Yefremova yönəldi. Onun sərxoş halda qəza yerində nə baş verdiyindən xəbərsiz danışıqları dərhal bütün xəbər proqramlarının manşetlərinə yerləşdirildi.


Yefremov qəzanın şokundan və alkoqolun təsirindən özünə gələndən sonra videomüraciət yayaraq günahkar olduğunu etiraf etdi. Əslində, publik etiraflıq və xüsusilə də inkar edəsi heç nə qalmamışdı. Zatən hər şey əlahəzrət yol-nəzarət kamerasının da, tele-operatorların da makinasının yaddaşına əbədi yazılmışdı. Amma bu işdə “bir iş” olacağını heç kim öncəliklə ağlına da gətirmirdi.

Yefremovun məşhur sovet aktyoru, Azərbaycan tamaşaçısına daha çox “Avtomobildən özünü qoru” filmindəki müstəntiq rolu ilə xatırladacağım SSRİ xalq artisti Oleq Yefremovun oğlu olması bu qəzada ən sonuncu xatırlanan fakt oldu. Bütün “Kremlyovski media”nın Yefremovun gühankar olmasına dair xəbərlərin sayını artırması bu işdə “siyasi çalarlar” olduğuna işarə sayıla bilərdi.

Son illər Yefremov “Vətəndaş şair” ( гражданин поэт) deyilən kanalda prezident Vladimir Putin də daxil, hakimiyyəti sərt tənqid edən bədii-lirik aktyor çıxışları ilə tanınırdı. Yəni Yefremovun-araq içən digər rus intelligensiyasından fərqi təkcə çox araq içməsində (hətta alkoqolik səviyyəsində) deyildi, mass-media onu Kremlə müxalifətçi kimi görürdü. Bu fərqli münasibəti hazırlanan proqramlarda, tok-şoularda ustalıqla gizlətmək mümkün olsa da, Yefremovun personasına bu diqqətin səbəbsiz olmadığını hətta Bakıda da oturub başa düşmək çətin deyildi.

Yefremovun niyə Şimali Osetiya-Alaniya Vəkillər Palatasının üzvü olan Elman Paşayevi özünə vəkil seçməsi də hələ də sual doğurur. Elman Paşayev bu hadisəyə qədər də Rusiyada tanınmış vəkil olsa da, paytaxt Moskvada Yefremovu müdafiə edə biləcək 10-larla vəkil tapmaq çətin deyildi. Doğrudur, həmin anti-təbliğat sonradan özü işini görmüş, Elman Paşayevi “şeytanın vəkili” də adlandırmağa başlamışdılar. Amma kifayət qədər imkanlı şəxs sayılan Yefremovu o boyda Rusiyada müdafiə edəcək başqa vəkil sanki tapılmadı.

Ola bilməzdi ki, Paşayev kimi təcrübəli vəkil də bu işin sonunda Yefremovun başını sığallayacaqlarını zənn etsin, ya da ona hansısa xüsusi güzəşt olacağına ümidlənsin. Artıq media həmin qəza anından Yefremova ağır hökm verilməsi üçün çalışırdı və buna nail oldular. Bəli, Yefremovun günahı ucbatından insan ölüb, həm də iki uşaq atası. Amma 8 il bu cür qəzalar üçün ağır hökm sayılır.


Beləliklə, Yefremov sentyabrın 8-dən islah-əmək koloniyasının karantinindədir. Bu dəfə isə məhz həmin media Elman Paşayevi məşhər ayağına çəkir. Bu cinayət işi ilə bağlı prosesləri, müdafiə tərəfinin taktikası və bəyanatlarını ilk gündən mən də diqqətlə izləmişəm. Xarizmatik görkəmli azərbaycanlı vəkilin bu prosesə qoşulması “Yefremov işi”nə marağı bir qədər də artırmışdı. İstintaq davam edəndə və məhkəmə başlayandan Paşayevin də efir qəhrəmanına çevrilməsinə reaksiya ilk günlər başqa idi. Amma Yefremova hökm ərəfəsi efirlərdə onun haqda artıq daha çox kompromat materialların səslənməsi, müdafiə etdiyi adamların ondan narazılıqları ilə bağlı materialların verilməsi bu işin aktyora kəsilən cəza ilə yekunlaşmayacağına işarə idi. Buyurun, Yefremov “içəri”dədir, amma indi də hansısa güclü əllər onun azərbaycanlı vəkilini zərərsizləşdirmək planlarını gerçəkləşdirməkdədir.


Paşayevin seçdiyi taktika-Yefremovun ayıq başla etdiyi etirafdan sonra günahsız olmasını bəyan etməsi, sükanın arxasında guya başqa bir şəxsin olması barədə vəkilin məhkəmədə etdikləri müzakirə mövzusu ola bilər. Amma məsələyə bir az başqa rakursadan baxaq. Vəkilin işi nədir? Müqavilə bağladığı şəxsi bütün mümkün vasitələrlə müdafiə etmək. Burada hər şey ortada olsa da, Yefremov “həbsə getsəm, öləcəm” deyirdi və heç şühbəsiz ki, bu cür taktika təkcə vəkilin israrı ola bilməzdi. Amma indi suçun yarısı da vəkilin üzərində qalmış kimi görünür. Bir az da irəli getsələr, “sükanın arxasında Yefremov yox, Paşayev olub” deyə də bilərlər.

Rusiya mediası indi Paşayevin vəkillikdən xaric edilməsini istəyir. Mənəvi məsələri, vəkilin etik kodeksini pozduğunu əsas gətirərək həm də. Rusiya Ədliyyə Nazirliyi də bu gün buna bənzər açıqlama yayıb. Paşayevlə bağlı üç dəfə bu cür qərar olub. Onu əvvəl Krasnodar, sonra Moskva, sonra Yamalo-Nenentskiy vilayətində qeydiyyatda olduğu vəkillik palatasından xaric ediblər. Rusiya mediasından son oxuduğumua görə, bu cür praktika təkcə Paşayevin başına gəlməyib. Vəkillik statusunun ləğvindən sonra hüquqşünaslar yenidən imtahan verib fəaliyyətini davam etdirə bilərlər. Güman ki, Paşayevlə bağlı da bu cür qərar verilsə, onu müvəqqəti işindən uzaqlaşdıra biləcəklər. Rusiya qanunları vəkillik statusunun ömürlük ləğvini nəzərdə tutmur.


Paşayev bir müddət əvvəl “Yeni Müsavat”ın redaksiyasında da olub və “Yeni Müsavat” Media Qrupu ilə əməkdaşlıq əlaqələri var. Onun Tovuz hadisələrindən sonra Moskvada erməni təxribatları nəticəsində həbs edilən bir neçə azərbaycanlını müdafiə etdiyi və həbsdən buraxdırdığı məlumdur. Paşayevə indiki hücumların arxasında həm də bu faktın dayandığını güman etmək olar. Ermənipərəstlər və erməni lobbisi bu cür faktları “bağışlaşmırlar”. Ermənilər indi niyə bu fürsətdən istifadə etməsinlər?

Rusiyada ayağımıza daş dəyəndə Paşayev kimi vəkilləri gözümüz axtarır. Onların sayı isə çox deyil...

Nazim SABİROĞLU,
Oxşar xəbərlər