Demokratik TV
Şıxəli Qurbanovu necə öldürdülər?

1967-ci il, may ayının 24-də səhər tezdən Şıxəli Qurbanovun dişi ağrıyırdı. Ona görə də adəti üzrə ailə üzvləri ilə sağollaşaraq çoxdan dostluq etdiyi diş həkiminin yanına getməyi qərara aldı. Amma o, evdən çıxanda bilmirdi ki, bu onun son gedişidir və bir daha geri qayıda bilməyəcək, qatili də dostluq etdiyi həkim Əliağa Əhmədov olacaq. Məhz Əliağa Əhmədov tərəfindən vurulan iynə Şıxəli Qurbanovun həyatına son qoydu. Şıxəli Qurbanovun ölümünə səbəb ona sianid turşusunun vurulması ehtimal edilir. Sonradan məlum olmuşdu ki, Şıxəli Qurbanovun öldüyünü görən həkim pəncərədən düşərək birbaşa Vəli Axundovun evinə qaçıb. | |
Şıxəli Qurbanova qədər Azərbaycanın ali dairələrində belə bir fədakarlıq göstərən, milli təəssübkeşlik nümayiş etdirən, milli varlığımızı bütün ittifaq səviyyəsində müdafiə edən, “Biz min illər tarixi olan və bəşəri sivilizasiyanın inkişafına öz töhfəsini verən Novruz kimi ən qədim bir bayramın sahibi olan millətik”, -deyə var gücü ilə nəinki Moskvaya, həm də bütün dünyaya hayqıra bilən bir rəhbər olmamışdı. Şıxəli Qurbanov bu addımları ilə SSRİ subyektlərini təşkil edən bütün respublikalarda şok effekti əmələ gətirmişdi. Bu hadisədən sonra onu təqib edir, hər addımını nəzarətdə saxlayırdılar. Hətta bəzi adamlar buna görə Şıxəli Qurbanovun tezliklə həbs edilə biləcəyi barədə şayiələr yaymışdılar. Bir sözlə, imperiya nökərləri olan bəzi rəhbər işçilər hər vasitə ilə Şıxəli Qurbanovu sındırmağa, onu mənən məhv etməyə çalışırdılar. Həmin dövrdə Şıxəli Qurbanov özünə qarşı atılan bu böhtan və iftiralara mətanətlə sinə gərir, öz dərdini yalnız ailəsi ilə bölüşdürə bilirdi. Çünki hiss edirdi ki, totalitar rejimin zülmü altında inləyən və canından artıq sevdiyi milləti onu dar ayaqda müdafiə edə bilməyəcək. Amma o, ümidini də itirməmişdi və bir dəfə həyat yoldaşına: “Mənim başıma bir iş gətirsələr, xalqım qatilləri tikə-tikə edərək qapımıza atar”,-demişdi. Yeri gəlmişkən, onu da deyək ki, Şıxəli Qurbanovun həyat yoldaşı Xavər xanım ərinin təşəbbüsü ilə Novruz bayramı ilə əlaqədar həyata keçirilən hazırlıq işləri barədə ailə üzvlərinin xəbəri olmadığını söyləyib. Xavər xanım: “Bilirdi ki, mənim xəbərim olsa, həyəcanlanacağam, narahat olacağam. Axı o dövrdə belə bir addım atmaq çox təhlükəli idi… Məqsədi Azərbaycan xalqının milli şüurunu oyatmaq idi. Şıxəli bu istəyinə nail oldu”,-deyib. Amma imperiya nökərləri öz işlərində idilər. Onlar Novruz bayramı ilə əlaqədar Moskvaya donos yazaraq, bu bayramın təşkilatçısı olan Şıxəli Qurbanovu millətçilikdə, sovet rejiminə qarşı çıxmaqda, sosializmə zidd olan adət-ənənələri yenidən dirçəltməkdə, dini bayrama milli don geydirməkdə günahlandırmışdılar. O dövrdə Ermənistanda, Gürcüstanda və digər qeyri müsəlman respublikalarında milli hisslərin, millətçiliyin güclənməsinə göz yuman Moskva müsəlmanların adi bir addımından belə dərhal təlaş keçirir və hər vasitə ilə buna imkan verməməyə cəhd edirdi. Təbii ki, Azərbaycanda Novruzun yüksək səviyyədə qeyd olunması Moskvada böyük həyəcanla qarşılanmışdı. Ona görə də dərhal Şıxəli Qurbanovu Moskvaya çağıraraq, ondan Novruzla bağlı izahat tələb etmişdilər. O, Moskvaya gedəndə ölkə rəhbərləri onun həbsə alınacağına və ya ən azından işdən azad ediləcəyinə və bununla da öz kürsülərinə gələ biləcək təhlükənin aradan qaldırılacağına əmin idilər. Amma Şıxəli Qurbanov SSRİ rəhbərliyinə yazdığı 22 səhifəlik izahatında Novruzun dini bayram olmadığını və onun qeyd edilməsinin Leninin milli adət-ənənələrin qorunub saxlanılması siyasətinə ziddiyyət təşkil etmədiyini faktlarla sübut edə bildi. Üstəlik, Moskvada keçirdiyi görüşlər SSRİ rəhbərliyində Şıxəli Qurbanov barədə daha yüksək rəy formalaşdırılmasına yol açdı. Moskvada onun simasında parlaq gələcəyi olan istedadlı bir siyasətçi görməyə başladılar. Onun iyun ayında keçiriləcək Azərbaycan KP MK-nın növbəti plenumunda Vəli Axındovun yerinə respublikamıza rəhbər təyin edilməsi tövsiyə edildi. Necə deyərlər, Şıxəli Qurbanov Moskvadan Bakıya əsl qəhrəman kimi qayıtdı. Ancaq onun başı üzərindən ölüm küləkləri əsməkdə idi. Belə ki, plenum yaxınlaşdıqca vəzifə kürsüsündə hər vasitə ilə qalmaq istəyənlərin narahatlığı daha da artmaqda idi. Yenə də onu addımbaşı təqib edirdilər. Şıxəli Qurbanov və ailəsi artıq izləndiklərini bilirdilər və ona görə də daim təşviş içində idilər. O vaxt Şıxəli Qurbanova üç dəfə sui-qəsd etməyə cəhd etmişdilər. Ancaq hər dəfə də Şıxəli Qurbanov ölümün pəncəsindən xilas ola bilmişdi. Amma bütün bunlar respublika ictimaiyyətindən gizli saxlanılırdı. Şıxəli Qurbanova qarşı sui-qəsd cəhdlərinə baş vurulduğunu Xavər xanım da təsdiq edir. O deyir: “Şıxəlinin həyatına üç dəfə qəsd olundu. Bayramdan sonra maşında gedərkən ona güllə atmışdılar, əlinə dəyib sıyırmışdı. Daha sonra üstünə maşın sürmüşdülər, özünü güclə ağacın dibinə atıb canını qurtara bilmişdi. Bir dəfə də zəhərləmək istəyiblər alınmayıb”. Amma 4-cü cəhddə, Novruz bayramından iki ay sonra milli oyanışımızın düşmənləri Şıxəli Qurbanovu xaincəsinə aradan götürə bildilər. Onu da deyək ki, Şıxəli Qurbanov öləcəyini öncədən hiss edibmiş. Ölümündən bir gün əvvəl, may ayının 23-də Azərbaycan Dram Teatrında Şıxəli Qurbanovun “Sənsiz” dramının son məşqi gedirdi. Mayın 24-də isə tamaşanın premyerası olmalı idi. Amma xaricdən qonaqlar gəldiyinə görə Şıxəli Qurbanov teatrı yarımçıq tərk etməli olur. O, teatrı tərk edəndə: “Sənsiz”ə baxarsız mənsiz...”,-demişdi. Elə də oldu... 1964-cü il, may ayının 24-də səhər tezdən Şıxəli Qurbanovun dişi ağrıyırdı. Ona görə də adəti üzrə ailə üzvləri ilə sağollaşaraq çoxdan dostluq etdiyi diş həkiminin yanına getməyi qərara aldı. Amma o, evdən çıxanda bilmirdi ki, bu onun son gedişidir və bir daha geri qayıda bilməyəcək, qatili də dostluq etdiyi həkim Əliağa Əhmədov olacaq. Məhz Əliağa Əhmədov tərəfindən vurulan iynə Şıxəli Qurbanovun həyatına son qoydu. Şıxəli Qurbanovun ölümünə səbəb ona sianid turşusunun vurulması ehtimal edilir. Sonradan məlum olmuşdu ki, Şıxəli Qurbanovun öldüyünü görən həkim pəncərədən düşərək birbaşa Vəli Axundovun evinə qaçıb. Bu faktı Şıxəli Qurbanovun qızı Gülnarə xanım da təsdiqləyib. Onun sözlərinə görə, atası səhər saat 9.40-da rəhmətə gedib, saat 10-da isə Vəli Axundovun göstərişi ilə ailəsinə xəbər vermədən onu yarıblar. Gülnarə xanım: “Məni həmin gecə Vəli Axundovun evinə göndərdilər. O vaxt qızı ilə bir sinifdə oxuyurdum. Sonradan bildim ki, həmin gecə qonşu otaqda da atamın dişinə iynə vuran həkim yatıbmış”,-deyib. Gülnarə Qurbanova atasının öldürüldüyünü söyləyib: “O zaman vəzifəyə gəlmək istəyənlər bunu təşkil etdilər. Məlum oldu ki, ona sianid turşusu vurublar. Novruz bayramı onu aradan götürmək üçün, sadəcə, səbəb idi. Amma ixtisasca həkim olan Mərkəzi Komitənin birinci katibi Vəli Axundovun təkidi ilə Şıxəli Qurbanovun “anafilaktik şok”dan ölməsi ilə bağlı diaqnoz qoyuldu. Məsələnin araşdırılması üçün Moskvaya gedən Xavər xanımın təkidi ilə SSRİ Baş prokurorunun müavini Bakıya göndərilir. O, araşdırma nəticəsində Xavər xanımın fikirləri ilə şərik olduğunu desə də, Şıxəli Qurbanovun ölümü barədə əsl həqiqət üzə çıxarılmadı. Bir daha qeyd edək ki, Azərbaycan Kommunist Partiyasına növbəti birinci katib seçkisi ilə bağlı keçirilən plenumdan qısa müddət əvvəl Şıxəli Qurbanovu aradan götürmüşdülər. Öldürülməsəydi, o, plenumda Azərbaycan KP MK-nın I katibi seçiləcəkdi... Şıxəli Qurbanovun ölümündən 45 il ötüb. Təəssüflər olsun ki, onun ölümü ilə bağlı bu günə kimi əsl həqiqətin ortaya çıxarılmasına yardım edəcək istintaq aparılmayıb. Vaxtılə ailəsi cəhdlər göstərsə də, heç nəyə nail ola bilməyib. Ona görə də Şıxəli Qurbanovun ailəsi onun öldürülməsi ilə bağlı əsl həqiqətlərin gələcəkdə hökmən üzə çıxarılacağına ümid edir. Onu da deyək ki, Şıxəli Qurbanova sağlığında əsl qiyməti vermədilər, amma dünyasını dəyişəndən sonra Azərbaycan Dövlət Musiqili Komediya Teatrına, Zaqatala şəhərindəki orta məktəbə, Bakı şəhərindəki küçələrdən birinə onun adını verdilər. Ümumiyyətlə, totalitar rejimləri idarə edənlər həmişə timsah kimi hərəkət ediblər. Onlar, əvvəlcə, ovunu öldürüb, sonra isə onun üçün göz yaşları töküblər. Şıxəli Qurbanova gəlincə o, millətini sevən hər bir azərbaycanlının qəlbində əbədiyyətə qədər yaşayacaq. İstifadə olunan ədəbiyyatlar 1. Şixəli Qurbanovun bioqrafiyası - www.adam.az 2. “Bu günədək onun ailəsi təqib olunur, incidilir” (Azadlıq Radiosunun Şıxəli Qurbanov haqqında xüsusi reportajı), azadliqradiosu.az-internet səhifəsi Ülkər Akifqızının reportalı (05.06.2009). 3. az.wikipedia.org-internet səhifəsi 4. Bəhlul Hüseynov - “Şıxəli Qurbanovun həyat və yaradıcılığı”. 5.http://www.azeriart.net/taninmislar/sixeli.htm. (Əsas mənbə - zaman.az) Demokratik.Az |
