Lotu Quli əfsanəsi: Kriminal qiraət - Təsadüf, yoxsa iz azdıqmaq cəhdi?

  • 20 avq 2020, 22:31
Azərbaycan əsilli nüfuzlu “oğru” Nadir Səlifovun (Lotu Quli) qətli kriminal dünyada şok effekti yaradıb. Yenisabah.az xatırladır ki, Nadir Səlifov avqustun 19-da Türkiyənin Antalya şəhərində restoranların birində şam edərkən öldürülüb. Qatil Nadir Səlifovun baş nahiyəsinə 4 güllə vurub.
Nadir Səlifovun qətlə yetirən şəxsə gəlincə, məlumatlara görə, bu, onun yaxın adamı Xan Əhmədlinskidir. O hadisəni törədəndən sonra qaçsa da, Antalya-Dənizli şossesində Türkiyə polisləri tərəfindən saxlanılıb. Xan Əhmədlinskinin də yaralandığı deyilir.
Təsadüf, yoxsa iz azdıqmaq cəhdi?
Lotu Qulinin qətli ilə bağlı müxtəlif mülahizələr səsləndirilir. Xüsusilə, hadisənin avqustun 19-da baş verməsi ətrafında konspirasiyalar qurulur. Məsələ burasındadır ki, 2016-cı il avqustun 18-də başqa bir Azərbaycan əslilli nüfuzlu “oğru” Rövşən Canıyev (Rövşən Lənkəranski) qətlə yetirilib. Bu qanlı olay da Türkiyədə baş verib. Həmin vaxt Rövşən Canıyevlə Nadir Səlifov arasında konflikt olduğundan birincinin qətli Lotu Qulinin aktivinə yazılıb.
2017-ci ildə Rövşən Canıyevin qardaşı Namiq Canıyevin Türkiyədə Nadir Səlifova qarşı su-qəsd planına görə həbs edilməsi bu iddianı səsləndirənlərə əlavə arqumentlər qazandırıb.
Ona görə də Lotu Qulinin avqustun 19-da, yəni Rövşən Canıyevin qətlinin ildönümüdən bir gün sonra öldürülməsi ikincinin yaxın ətrafının qisas əməliyyatı kimi dəyərləndirlir. Lakin bu versiyanı bölüşməyənlər var. Hesab edilir ki, hadisənin avqustun 19-da baş verməsi təsadüf ola, yaxud da bu tarix iz azdırmaq üçün seçilə bilər. Çünki Nadir Səlifovun əsas düşmənləri Azərbaycanda və ya Azərbaycanın kriminal dünyasında deyil, Rusiyadadır.
Nadir Səlifov necə “Ürək” oldu?
1972-ci ildə dünyana göz açan Nadir Səlifov 2001-ci ildə 29 yaşında “oğru” tituluna layiq görülüb. Həmin vaxt o Azərbaycanda Böyük Şor qəsəbəsində yerləşən 6 saylı kaloniyada cəza çəkirdi. Nadir Səlifovu “oğru” tituluna layiq görənlər isə gürcü əsilli kriminalitetlər olub. Yeri gəlmişkən, ona verilən “Quli” ləqəbi gürcü dilində ürək deməkdir.
Deyilənlərə görə, Nadir Səlifovun tərəfdarlarına ciddi diqqət göstərməsi, hər xırda məsələyə görə üstlərinə getməməsi, hətta şəxsi problemlərinin belə həllində yardımçı olması onu “Ürək”ə çevirmişdi.
Nadir Səlifov “oğru” titiluna layiq görüləndən sonra kriminal dünyada sürətlə nüfuz qazanmağa başlayıb. Lakin 2005-ci ildən onun bu dünyanın söz sahibləri ilə problemləri yaranıb. Həmin vaxt Rusiyadan Azərbaycana gələrkən həbs edilən mərhum “oğru” Hikmət Muxtarovla (Sabirabadlı Hikmət) Nadir Səlifov arasında münaqişə yaranıb. Münaqişənin səbəbləri barədə müxtəlif iddialar var.

Bəzi məlumatlara görə, adıçəkilən “oğru”lar arasındakı münaqişə Nadir Səlifovun bəzi qadağaları ilə bağlı olub ki, Hikmət Muxtarov bunu özfəaliyyət kimi dəyərləndirib. Başqa bir iddiaya görə isə Hikmət Muxtarov həbsxanada dustaqlardan birinin döyülməsini sükutla qarşıladığına görə Nadir Səlifovun iradları ilə üzləşib və mübahisə əlbəyaxa davaya çevrilib.
İstənilən halda nəticə arzuolunmaz olub. Yəni, Nadir Səlifov kifayət qədər nüfuz sahibi olan Hikmət Muxtarova əl qalıdırıb. Bu hadisədən sonra Azərbaycanın nüfuzlu kriminalitetləri Lotu Qulini “oğru” kimi tanımadıqlarını bəyan ediblər. Buna baxmayaraq, Nadir Səlifov titulunu qorumaq uğrunda sona qədər mübarizə aparıb. Bu olay Azərbaycanın kriminal dünyasında ikitirəliyə səbəb olub. Hikmət Muxtarovun, daha sonra Məmməd Hüseynovun (Masallı Mamed) ölümündən sonra ikitirəlik düşmənçiliyə çevrilib. Rövşən Lənkəranskinin qətli isə tərəfləri daha da amansızlaşdırıb. Bununla belə, Lotu Quli Azərbaycanın kriminal dünyasını bütövləşdirməyə çalışıb. Hətta vaxtilə onu “oğru” kimi qəbul etməyənlərin sırasında olan Azərbaycan əsilli klassik “oğru” Arif Mehdiyevlə (Sumqayıt Arif) bir araya gələ bilib.
İzlər Rusiyaya aparır
Lotu Quli azadlıqa çıxdıqdan sonra postsovet ölkələrində müxtəlif kriminal qruplaşmaları küncə sıxmaqla bu aləmdə azərbaycanlıların yenidən nüfuz qazanmasını şərtləndirib. Eyni zamanda özü postsovet məkanında bir nömrəli “oğru”ya çevrilməyə başlayıb. Bu isə Rusiyanın kriminal dünyasının liderlərini xüsusilə, mərhum Aslan Usoyanın (Ded Xasan) varisi hesab edilən və hazırda Rusiya həbsxanalarının birində cəza çəkən Zaxari Kalaşovu (Şakro Molodoy) narahat etməyə başlayıb.

Bir il əvvəl Türkiyədə baş verən “Çixladze olayı”nda Zaxari Kalaşovun rolunun olduğu bildirilib. Məlumat üçün deyək ki, bir il əvvəl gürcü əsilli “oğru” Quram Çixladze (Kvejoviç) ilə Nadir Səlifov arasında münaqişə baş verib. Lotu Quli ilə görüşə gələn Kvejoviç onunla saymazyana danışdığına görə vurulub. Onu vuran isə qazax əsilli kriminal avtoritet Arman Cüməgəldiyev (Arman Dikiy) olub. Hadisədən dərhal sonra Nadir Səlifovun titulunun alınmasına cəhd edilib. Lakin o, bununla bağlı keçirilən “sxodka”lardan qalib ayrılıb.
Bundan sonra Quram Çıxladze Lotu Qulinin bacısı oğlu Məhəmməd Qurbanova (Maqa) hücum çəkib. Restoranların birində əylənən Maqa bıçaqlanıb. O zaman bu olay Nadir Səlifovu qanlı münaqişəyə cəlb etmək cəhdi kimi dəyərləndirilmişdi.
Rusiya mediasında vaxtaşırı Nadir Səlifov barəsində kompromatların dərc edilməsi də göstərirdi ki, onun güclənməsi bu ölkədə narahatlıqla qarşılanır. Hətta Lotu Quli ilə münasibətləri kəskin olan azərbaycan əsilli kriminal avtoritet Əli Heydərov (Albert Rıjıy) azadlığa buraxıldıqdan sonra Rusiya mediası yazırdı ki, onu Zaxari Kalaşovun yerinə hazırlayırlar. Bu, əslində Lotu Quliyə qarşı mübarizədə Albert Rıjının önə çıxacağına işarə idi.
Qısası, Rusiyanın kriminal dünyası, eyni zamanda güc strukturları Lotu Qulini sanki kabus kimi qəbul edirdi.
Bu baxımdan, ehtimal olunur ki, Nadir Səlifovun qətlinin sifarişi Rusiyadan verilə bilər.
Vidadi Məmmədov
Demokratik.Az
Oxşar xəbərlər