Demokratik TV
Gəncədə maşını oğurlanan şikayət etdi, lakin özü tutuldu - ŞİKAYƏT+fotolar

Səbuhi Cavadovun "Demokratik.Az" saytına bildirdiyinə görə, maşını qaçırıldıqdan sonra şəhərin mərkəzinə yaxın ərazidə Toyota-Prado markalı avtomaşına çırpılıb, günahkar hadisədən yayınarkən də şəhərin 46 saylı uşaq bağçasının yanında yüksək sürətlə qaz borusuna dəyərək onu yerə aşırıb. Maşına xeyli ziyan dəyib.
Şikayətçi deyir ki, iki gün sonra işin araşdırılmasını həyata keçirən təhqiqatçı Şahin Şıxəliyev onu şöbəyə çağırıb, təhqiqat bölməsinin rəisi Fizuli Əliyevlə birlikdə ona mahiyyətdən kənar suallar veriblər. Maşını hansı yolla aldığını sorğu-sual edərək zərərçəkmişi bilərəkdən aqressivləşdiriblər. Sonda, polislərlə aralarında söz mübahisəsi ortaya çıxıb və "xüsusi raport"la Səbuhi Cavadov 27 saat polisin saxlanma məntəqəsinə atılıb.
Şikayətçi deyir ki, maşınını qaçıran şəxsi cəzalandırmağı "unudan" polislər onun 30 sutkalıq cəza veriləcəyi ilə qorxudaraq azad edilməsi müqabilində 1000 manat istəyiblər. Və anasının vasitəsilə 600 manat rüşvət alıblar. Təbii ki, bundan sonra şikayətçi sərbəst buraxılıb.
Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna da şikayət edən Səbuhi hesab edir ki, onun konstitusion hüquqları polisdə hüquq təhsilli şəxslər tərəfindən pozulub, ondan rüşvət alınması isə polisin peşə fəaliyyəti, hazırki müsbət imici ilə bir araya sığmır.
Şikayətçi maşınına dəymiş maddi zərərin ödənilməsi üçün çalışdığını, lakin polisin məqsədli araşdırmasının onun qanuni istəyinə maneələr yaratdığını qeyd edir.
Hazırda fakt üzrə Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
İnanırıq ki, şikayətçinin dedikləri və olay obyektiv araşdırılacaq!
Demokratik.Az




