Demokratik TV
Avqustun 5-də sərt karantin rejimi ləğv olunarsa...
Həkimlərin Operativ Qərargaha təqdim etdikləri təkliflərdə nələr var?
Məlum olduğu kimi, Azərbaycanda bir neçə gün sonra, yəni avqustun 5-də 14 şəhər və rayonda tətbiq edilən sərt karantin rejiminin bitməsi gözlənilir.Xatırladaq ki, sonuncu sərt karantin rejimi iyunun 20-dən tətbiq olunub. Bu müddət ərzində şahidi olduq ki, ölkədə virusa yoluxanların sayı müəyyən qədər aşağı düşdü, sağalanların sayı isə sürətlə artmağa başladı. Həmçinin koronavirusla əlaqədar reanimasiya şöbəsində müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı da azalıb. Rəsmi statistikaya görə, hazırda reanimasiya şöbəsində müalicə alan xəstələrin sayı 285 nəfərdir. 67 nəfər isə süni tənəffüs cihazına qoşulub.
Bütün bunlar nəzərə alınaraq ehtimal olunur ki, avqustun 5-dən sonra sərt karantin rejiminin uzadılması gözlənilmir, SMS-lə icazə ləğv ediləcək, çimərliklər, fəaliyyəti dayandırılan iaşə obyektləri açılacaq, hətta regionlara gediş-gəliş qadağası aradan qaldırılacaq.
Qeyd edək ki, regionlara gediş-gəlişin bərpa edilməsi ilə bağlı artıq təkliflər də var. Məsələn, bu günlərdə millət vəkili Fazil Mustafa məsələ ilə bağlı son açıqlamasında bildirib: “Şəhəri bir az boşaltmaq və yüngülləşdirmək lazımdır. Elə rayonlar var ki, istirahət mərkəzləri və başqa yerlər çalışmır. Amma elə bölgələr var ki, koronavirus orada yayılmayıb. Ona görə də orada restoranlar və kafelər işləyir. Qaydalara əməl etməklə insanlar şəhərdən uzaqlaşa bilərlər. Düşünürəm ki, ilk növbədə bu istiqamətdə düşünmək lazımdır.
Çünki səhiyyə sistemimizin bu problemi çözmək imkanları xeyli aşağıdır. Minlərlə insan evdə müalicə olunur. Bu şəraiti nəzərə alaraq insanlara Bakıya bir müddət dönməmək şərti ilə sərbəst davranmaq imkanları vermək lazımdır. Bu imkan yaradılsa, insanlarımız ən azı 20-25 gün rayonlarda təcrid olunub, qala bilər".
Bununla belə gündəlik olaraq virisa yoluxanların sayı 300-400 nəfər arasında dəyişməkdədir. Bu rəqəmlər də kifayət qədər çoxdur. Bəzən həkimlər də həyəcan təbili çalaraq bildirirlər ki, xəstəxanalarda artıq yerlər dolub, yeni xəstələrin qəbulu çətinləşib, kifayət qədər kadr çatışmazlığı var və sairə.
Bəs avqustun 5-də sərt karantin rejiminin ləğv olunması reallaşarsa, fəlakət yaşaya bilərikmi?
Tibb elmləri doktoru, professor Adil Qeybulla məsələyə bu cür mövqe bildirdi: “Təbii ki, ölkədə sərt karantin rejimi uzun müddətli davam edə bilməz. Lakin mövcud rejimin yumşaldılması da tədricən aparılmalıdır. Xatırlayırsınızsa, bundan əvvəl sərt karantin rejimi ləğv edildi, insanlar sanki təhlükəni unutdular, nəticədə ölkədə yoluxma sayı sürətlə artmağa başladı. Bu baxımdan karantin rejimi yumşaldıqdan sonra insanların davranışlarını ehtiva edən xüsusi təlimatların hazırlanmalıdır. Bununla bağlı həkimlər bir yerə yığılaraq təkliflər hazırlayıb və onu artıq Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim ediblər”.
Adil Qeybulla təkliflər barəsində də danışıb:
“Həmin təkliflərin mahiyyəti ondan ibarətdir ki, karantin qaydaları özbaşına yumşaldıla bilməz. Bununla bağlı xüsusi təlimatlar işlənib, hazırlanmalıdır. Yəni ötən dəfə sərt karantin rejimi yumşaldılan kimi yüz minlərlə adam küçələrə axışmasın, maskasız gəzməsin. Bildiyiniz kimi dünyada Yaponiya modeli var. İnsanlar bu rejimlə yaşaya bilirlər. Bunun üçün də Yaponiya yavaş-yavaş vəziyyətdən çıxa bilir. Biz həkimlərin təqdim etdiyi təkliflər aşağıdakılardan ibarətdir:
Bütün COVİD-19 testləri və müayinələrin, o cümlədən, özəl laboratoriyalarda aparılan testlərin dövlət hesabına aparılmasını və tibbi maskaların pulsuz paylanılmasını vacib hesab edirik.
Aptek şəbəkələrinin COVİD-19 xəstələrinin müalicəsi üçün nəzərdə tutulmuş dərman preparatları ilə təchizatı, süni qiymət artımına ciddi nəzarətin təmin edilməsini məsləhət görürük.
Əhalinin karantin (əks-epidemik) davranışlarına ciddi riayət etməsi üçün təsirli maarifləndirici və inzibati tədbirlərin (o cümlədən ictimai qınağın vacibliyinin təbliği) gücləndirilməsini müvafiq hesab edirik.
Bu il avqustun 5-dən sonra karantin rejiminin xeyli yumşaldılmasını (“evdə qal!” rejiminin ləğvi, çimərliklərin açılması və rayonlara test-neqativ insanların səfərlərinə icazə verilməsi) və yuxarıda sadalanan mexanizmlər üzrə ciddi rejimli əks-epidemik davranışların tətbiqinin daha da sərtləşdirilməsini məqsədəuyğun hesab edirik.
Karantin yumşaldıqdan sonra bütün qapalı məkanlarda, ictimai nəqliyyat vasitələrində, ictimai iasə müəssisələrində, istehsal müəssisələrində, inzibati və özəl binalarda, idman obyektlərində və b. insanların əks-epidemik davranış qaydalarını ehtiva edən təlimatların hazırlanmasını və onların insanlara əlçatanlığının təmin olunmasını tövsiyə edirik. Qapalı sahələrin, obyekt və müəssisələrin ölçülərinə, sahəsinə uyğun insanların maksimal sayı, əks-epidemik (karantin) davranışları (giriş və çıxışda bədən temperaturunun ölçülməsi, üzbənd (maska), zərurət olduqda birdəfəlik baxil geyilməsi, sosial məsafə gözlənilməsi, əllərin dezinfeksiyasının təmini və s.) prinsiplərinin işlənilməsini və bu istiqamətdə müvafiq təlimatlar hazırlanması üçün birgə əməkdaşlığı məqsədəuyğun hesab edirik.
COVİD-19 xəstələrinin müalicəsı yalnız patogenetik istiqamətdə, ÜST təlimatlarına müvafiq aparılmalıdır. ÜST-nin təlimatlarında və müalicə protokollarında qeyd edilməyən antiviral dərman preparatlarının (arbidol, ergoferon, favipiravir, avifavir və s.), antibiotiklərin əsaslandırılmadan istifadəsinin məqsədəuyğun olmaması haqqında tibb mütəxəssislərinin və əhalinin məlumatlandırılması istiqamətində müvafiq işlər aparılmasını zəruri hesab edirik.
Mediada əhalinin COVİD-19 ilə qorxudulma yanaşmasını məqsədəuyğun hesab etmirik. Xəstələrin 80%-nın xəstəliyi simptomsuz, yüngül və orta ağrlıqda keçirdiyini nəzərə alaraq, insanlara qorunmağın vacibliyi anladılmalı, lakin qorxudulma istiqamətində təbliğat dayandırılmalıdır. Ölənlərdən çox sağalananlar haqqında təbliğat daha məqsədəuyğundur. Əhalinin tibbi-psixi reabilitasiyası istiqamətində kompleks tədbirlərin (psixo-emosional sarsıntıların, depressiyaların, panik vəziyyətlərin aradan qaldırılması və önlənməsi) aparılması üçün müvafiq addımlar (kütləvi təbliğat, psixoloqların, cəmiyyətə nüfuz imkanı olan ictimai fiqurların, mütəxəssislərin və tibb alimlərinin prosesə cəlb olunması) atılmasını məqsədə müvafiq hesab edirik.
Xüsusi rejimli koronavirus xəstəxanalarının COVİD-19 xəstələrinin müalicəsinə yararlığının yenidən müəyyənləşdirilməsi, havalandırma sistemi məqbul olmayan xəstəxanaların, xüsusilə tədris müəssisələrinin (Tibb Universitetinin terapevtik və cərrahi klinikaları, Bakı Sağlamlıq Mərkəzi) asan dezinfeksiya oluna və havalandırıla bilən sadə tikintilərdə yerləşdirilməsi mümkün olan mobil, səyyar xəstəxanalarla əvəz edilməsini vacib hesab edirik.
Poliklinikalarda yaradılmış xüsusi qərargahlar vasitəsilə COVİD-19 xəstələrinin monitorinqi, ambulator müalicəsinin təşkili və icrası istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini, həmin qərargahlara rəhbərliyin xüsusi rejimli koronavirus xəstəxanalarında işləmiş həkimlərə həvalə edilməsini zəruri hesab edirik.
Həkimlərin, tibb işçilərinin və evdə müalicə olunan xəstələrin distansion diaqnostik-müalicəvi konsultasiyası üçün NK, TƏBİB və ya Səhiyyə Nazirliyi yanında online mərkəzin açılmasını və həmin mərkəzdə infeksion xəstəliklər üzrə mütəxəssislərin 24/7 rejimində işləməsinin vacibliyini məqsədə müvafiq hesab edirik.
Tibbi hospitalizasiya yalnız COVİD-19-a yoluxanlarda təsdiq olunmuş fəsadlaşma (ağırlaşma) əlamətləri meydana gəldikdə aparılmalıdır. Fəsadlar (ağırlaşmalar) olmadıqda, diaqnostik testlərin nəticələrin müsbət olması, yüksək hərarət və digər hallar xəstənin ev şəraitində izolyasiya edilməklə poliklinika (sahə, ailə) həkiminin nəzarəti altında ambulator müalicəsi ilə kifayətlənməlidir.
Azərbaycan Respublikası Prezidentinin COVİD-19 ilə mübarizədə iştirak edən tibb işçilərinin vəzifə (taarif) maaşlarının 3-5 mislinədək müddətli Prezident əlavəsi verilməsi haqqında sərəncamının (18 mart 2020-ci il) və onun əsasında Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli qərarının icra vəziyyətinin yoxlanılmasını təklif edirik. Bir çox hallarda Sərəncamın və müvafiq Qərarın icrası doğru yerinə yetirilmir, müddətli Prezident əlavəsinin ödənilməsində ciddi ləngimələr, Əlavənin tam həcmdən dəfələrlə aşağı həcmdə ödənilməsi barədə çoxsaylı şikayətlər və məlumatlar mövcuddur. Bu şəraitdə, aylarla COVİD-19 xəstələri ilə üzbəüz qalan, onların müalicəsi naminə gecə-gündüz ağır zəhmət çəkən həkimlərə, tibb və texniki yardim işçilərinə onların haqq etdiklərini vermədən xaricdən gətirilən mütəxəssislərə dəfələrlə artıq maaşların ödənilməsini yolverilməz hesab edirik. Bu qərarların tibb ictimayyəti və yerli alimlərlə məsləhət aparılmadan məmurlar tərəfindən qəbul edilməsi Azərbaycan həkimlərinin, tibb işçilərinin aşağılanması və onların zəhmətinin doğru dəyərləndirilməməsi kimi qiymətləndirildiyindən qarşısı təcili alınmalıdır.
Təkliflər arasında səhiyyə işçilərinin məvacibinin artırılması və tibb müəssisələrinin dövlət səviyyəsində mukafatlandırılması istiqamətində zəruri addımlar atılması da var.
Adil Qeybulla regionlara gediş-gəliş ilə bağlı qadağaların aradan qaldırılması məsələsinə də münasibət bildirib:
“Müəyyən qaydalarla regionlara gediş-gəliş bərpa edilməlidir. İnsanlar təmiz hava almalı, istirahət etməlidir”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”