Gəncənin Hacıkənd qəsəbəsində karantin qaydaları pozulur - POLİS HARA BAXIR?

  • 21 iyun 2020, 18:12
Gəncənin Hacıkənd qəsəbəsində məcburi və sərt karantin rejiminin qaydaları kobud şəkildə və bilərəkdən pozulmaqdadır.
Nazirlər Kabineti Yanında yaradılan Operativ Qərərgahın çıxardığı bütün növ qərarların icrası Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi vahidində heçə sayılmaqdadır.
Dağətəyi ərazidə, qosqoca meşə içərisində iqlim kurortu olan Hacıkənd post-pandemiya dönəmində inzibati nəzarətsizliyin dadını çıxarır.
Mövsümlə əlaqədar minlərlə insan müxtəlif rayonlardan və Bakı şəhərindən axışaraq məhz Hacıkəndə gəlir, qəsəbədə yaşayanlar da qonaqlara qoşularaq yolboyu açıq fəaliyyətdə olan təmtəraqlı istirahət məkanlarında, restoran və qəlyanaltılarda ənənəvi yay sevincini füsunkar təbiətlə bölüşürlər.
"Demokratik.Az"-ın əldə etdiyi və şəxsən müşahidə etdiyi mənzərə onu deməyə əsas verir ki, Hacıkənddə qeyri-adi anarxiya mühiti var. Xoşagəlməz və bağışlanmaz hal Gəncənin icra başçısı Niyazi Bayramov, eləcə də Hacıkənd qəsəbəsi icra nümayəndəliyi başda olmaqla, karantin qaydalarının tətbiqinə nəzarətçi olan Gəncə şəhəri Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yaradılıb. Nəticədə, Bakıdan sonra, koronavirus infeksiyasının ən çox yayıldığı Gəncənin öz inzibati ərazisində yoluxma risqi dəfələrlə artıb.  
Qəsəbədə "Anar", "Xan bulağı", "Şır-şır", "Laçınqaya", "Kəpəz", "Arzu", "Soyuqbulaq", "Sahil", "Qoşabulaq", "Lalafo-kafe", "Sputnik", "Gəncə bağı", "Əyləncə Mərkəzi", "Mozu" və digər məkanların qanundankənar qaydalarla fəaliyyət göstərmələri aydın sezilir.
"Demokratik.Az" bununla əlaqədar Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Hacıkənd qəsəbəsi üzrə nümayəndəsi Hümbət Hüseynovla telefon əlaqəsi yarada bilib. Uzun müddətdir qəsəbəyə cavabdehlik daşıyan H. Hüseynov karantin qaydalarının pozulduğunu təsdiq etsə də, mövcud özbaşınalığın qarşısının alınması üçün əlindən bir iş gəlmədiyini də açıq etiraf edib.
İHB yetkilisi: "Dediyinizi bilirəm, amma karantinə mən deyil, sahə müvəkkili, polis nəzarət edir. Mən də məlumat vermişəm, aidiyyatı üzrə polis şöbəsilə əlaqə saxlayın!" - deyərək məsuliyyətdən qaçıb. 
Hacıkəndin giriş-çıxışında hansısa kontrol postların olmaması, ərazidə ümumiyyətlə polisin və DYP əməkdaşlarının fəaliyyətinə rast gəlinməməsi də asayiş keşikçilərinə ciddi suallar doğuracaq haldır. İstirahətə gələnlərin maskasız təmas qurmaları, restoranlardakı kütləvilik də diqqət çəkir.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı dəfələrlə qərar verib. Bu əsnada, NK-nin əlavə tədbirlər barədə müvafiq Qərarına əsasən 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək qeyd olunan ərazilərdə məhdudiyyətlər tətbiq edilməlidir.
Ümid edək ki, Gəncə İHB və Gəncə Baş Polis İdarəsi Nazirlər Kabinetinin tövsiyyə və qərarlarının icrasında maraqlı olacaq, bari bundan sonrakı günlərdə insanların sağlamlığı Hacıkənddə meşəni icarə edib pul qazanan kimlərinsə maraqlarına qurban olmayacaq.
Xəbərdə adıkeçən qurum və şəxslərin söz haqqını tanıyırıq...
Demokratik.Az 




Oxşar xəbərlər