Göyçayın Qaraməryəm kənd sakini döyülüb və ölümlə hədələnir - ŞİKAYƏT

  • 07 apr 2020, 15:27
Göyçay rayonu Qaraməryəm kənd sakini Quliyev Səbuhi Faxrəddin oğlu mətbuat vasitəsilə ölkənin Daxili İşlər Nazirliyinə və baş prokurorluğuna MÜRACİƏT ünvanlayıb. Vətəndaş "Demokratik.Az"-a ünvanladığı açıq müraciətində aşağıdakıları yazıb:
"Bir qrup harınlamış imkanlı şəxslər tərəfindən döyülərək xəsarət almağıma və ölümlə hədələrə məruz qalmağıma görə mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Daxili işlər naziri cənab Vilayət Eyvazova və Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova müraciət edirəm.
Hörmətli Nazir və hörmətli Baş prokuror ! 
03.04.2020 -ci il tarixdə təxminən saat 17 -18 00 radələrdə həmkəndlim Qasımov Fuad Nazim oğlu Qaraməryəm kəndində düşmənçilik niyyəti və məni öldürmək məqsədilə idarə etdiyi "Priora" markalı avtomobili ilə məni vurmuş xəsarət yetirmişdi. Bundan sonra məni Qasımov Fuad Nazim oğlu, qardaşı Qasımov Cavid Nazim oğlu, atası Qasımov Nazim Mürsəl oğlu, yaxın dostları Abdullayev İntiqam Səhliyar oğlu, qudaları Xəlilov Ceyhun Xəlil oğlu və yaxın qohumları Fərəcullayev İlkin Cəbrayıl oğlu köməksiz vəziyyətdə olarkən məni amansızcasına döyərək sol qolumun mil sümüyünü və sol əlimi iki hissədən sındıraraq bədənimin müxtəlif naihələrinə həyat üçün təhlükə yaradan xəsarətlər yetirmişlər.
Gecə ilə qəza törətdikləri avtomobili polisdən gizlədərək maqazinlərindəki satıcısı və yaxın qohumu olan Fərəcullayev Namiq Rafael oğlunun həyətinə salmış və sınmış işıq farasını dəyişmişlər.
Məni döydükdən sonra isə mənə məxsus telefonu cibimdən götürüb  ekranını sındırıblar. Hətda həmin telefonumu onlardan alıb gətirən şəxs də şahid kimi bunu qeyd edir.
Onların törətdikləri bu cinayət Qaraməryəm kəndində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin müşahidə kamerasında qeydə alınmışdır. Adlarını qeyd etdiyim şəxslərin mənə qarşı cinayət törətmələrini təsdiq edən konkret subutlar var.
Bu hadisə ilə bağlı həmin şəxslər Göyçay  Rayon Polis Şöbəsində bir neçə saat saxlandıqdan sonra sərbəst buraxılmışlar. Sərbəst buraxıldıqdan sonra isə həmin şəxslər məni tüfənglə atıb öldürəcəkləri ilə hədələyirlər. Bu cinayətin təşkilatçısı isə Qasımov Fuad Nazim oğludur.Fuad Qasımov imkanlı şəxsdir, onun çoxlusayda ticarət obyektləri var. Geniş imkanları sayəsində belə cinayətlər törədib insanların gözünün odunu alır.Hazırda qorxu həyacan içində yaşayıram.Çünki belə bir təhlükəli cinayəti törədən şəxsin sərbəst buraxılması heç bir məsuliyyətə cəlb edilməməsi və məni ölümlə hədələməsi onun dahada ağır cinayətlər törədəcəyinə şərait yaratmış olacaq.
Hörmətli Nazir və Baş prokuror məsələni dərhal nəzarətinizə götürməyinizi və təcili təxirə salınmaz tədbirlər görməyinizi sizlərdən xahiş edirəm.Əks təqdirdə bu adamlar cəzasızlıqdan azğınlaşaraq məni öldürəcəklər".
Demokratik.Az saytı inanır ki, vətəndaşın şikayətinə aidiyyatı orqanlar tərəfindən reaksiya veriləcək.
Qarşı tərəfin də söz haqqını tanıdığımızı bəyan edirik...
Demokratik.Az

Oxşar xəbərlər