Rövnəqin hakerləri "Demokratik.Az"-a hücuma başladı

  • 21 mart 2020, 17:30
Bugün səhər saatlarında "Demokratik.Az" saytında yayımlanan sıradan bir xəbər "SOCAR" prezidentinin kurasiyasında olduğu deyilən "hakerlər komandası"nı hərəkətə gətirib. Artıq bir neçə saatdır ki, saytımıza qarşı aramsız davam edən "DDoS" kiberhücum saytımıza operativ girişdə və xəbərlərin normal oxunmasında oxucularımıza problemlər yaradır. 
SOCAR Şefinin yeni şirkətləri də üzə çıxdı başlıqlı xəbərin yayımından dəqiqələr sonra "Demokratik.Az" saytına qarşı başlayan qanunazidd proses Azərbaycan məmurları arasında tənqidə ən dözümsüz məmur kimi tanınan Rövnəq Abdullayevin güc-qüdrətinin göstəricisi, xalqın sərvətinin idarə olunmasında fövqəl etibardan milyonlar qazanmış oliqarx məmurun müstəqil elektron KİV-lərə qarşı növbəti təzyiq dalğası kimi dəyərləndirilə bilər.
Son illərin təcrübəsi göstərir ki, yerli saytlar zaman-zaman məhz adıçəkilənin özü və rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə tənqid yayımlayarkən anoloji hücumlardan əziyyət çəkib.
Təkcə son illərin statistikasına nəzər salındıqda görərik ki, SOCAR-ın əməkdaşlarının şəhid ailəsinin evini dağıtması ilə bağlı xəbəri yayan "Hurriyyet.org", Muxalifet.az və Turaninfo.org saytları, eləcə də bu ilin yanvar ayında "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun müsahibəsini dərc etmiş afn.az. bakupost.az, qafqazinfo.az, yenicag.az və bir sıra saytlar oxşar haker hücumları ilə "vurulublar".
Həmin saytların rəhbərləri də "qara daş"ın haradan atıldığını yaxşı bilib və açıq ifadə ediblər.
Ən qınanılası da odur ki, məlum kiberhücumların həyata keçirilməsi havayıya başa gəlmir və "SOCAR"ın pullarının boş yerə və şəxsi istəyə xərclənməsinə səbəbdir.
Son günlər saytımızda Mübariz Mənsimovun tutulmasına etiraz əlaməti olaraq onun azadlığına çağırış edən xəbərlərin yayımlanması da saytımıza Rövnəq Abdullayevin haker hücumu etdirə bilmə ehtimalımızı gücləndirir.
Ortada olan mövcud durum bu gün ölkəmizdə informasiya təhlükəsizliyi, söz və mətbuat azadlığı ilə bağlı ciddi problemlərin mövcudluğunu, birbaşa "SOCAR" rəhbəri Rövnəq Abdullayevin öz keyfinə uyğun istədiyi sayta kibercinayətkarlıq həyata keçirə bilmək müstəqiliiyinin olduğunu iddia etməyə əsas verir. Aldığımız məlumata görə, sayın Abdullayevin bu kimi işlərini Bakıda həyata keçirən bir qrup haker və onların aylıq pulunu yeyərək tənqidlərin ümumiyyətlə yazılmamasını öncədən istiqamətləndirən bir neçə sayt rəhbəri var.
Əslində, bəlkə də mediaya qarşı açıq savaş açan Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Qanundan xəbərsizdir. Çünki həmin qanun məmurların əhalilə, həmçinin mətbuatla ünsiyyət qurma və xalqın dəstəyini qazanma yollarını göstərirsə, Rövnəq Abdullayev məhz buna əməl etmir.
Sözügedən qanunun 1-ci maddəsində qeyd olunur ki, hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq, bu qanunun müddəalarına əməl etməyə borcludur. 4-cü maddədə isə bildirilir ki, dövlət qulluqçusu bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. 6-cı maddədə deyilir ki, dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.
Odur ki, vaxtilə zil sürücüsü olan, minbir məşəqqət və əziyyətlərlə ali posta yiyələnən, indisində isə asan-asudə həyat yaşayan cənab Rövnəq Abdullayev Demokratik.Az-ı və digər kütləvi informasiya vasitələrini hədəf seçib müxtəlif yollarla xəbərcilik işimizə maneçilik yaratmaqdansa, fəaliyyətində əsaslı dönüş yaratsa, haram pullarla varlanmağı durdursa və oğlunun qoluna itirmək üçün taxdığı qol saatlarına sayılan milyonların qədrini bilsə hər şey daha yaxşı olar. Biz yazmırıq ki, hücum edək və ya hücuma məruz qalaq, yazırıq ki, mövcud olan neqativ hallar aradan qaldırılsın. Yazırıq ki, həqiqətlər gün işığına çıxsın.
"Demokratik.Az" olaraq "SOCAR" şefini mətbuata sayğıya və yayımladığımız hansısa xəbərə sivil reaksiya verməyə dəvət edirik. Əks halda, Rövnəq Abdullayevin barəsində yazılmaqdan niyə bu qədər qorxduğunu daha dərin axtarmağa başlayacağıq... 
Osman Nərimanoğlu
Demokratik.Az
Oxşar xəbərlər