Şikayətçi ana Şəki polisindən prezidentə şikayət yazdı - MƏKTUB

  • 29 fev 2020, 13:19
Şəki rayonun Aşağı Göynük kənd sakini, şəhid anası Əbdürəhimova(Zamanova) Məfkurə Zaman qızı açıq məktubla ölkə rəhbərliyinə müraciət edib.
"Demokratik.Az" bildirir ki, Ana öz şikayət məktubunda oğlu Sadiqin sifarişlə ölümcül döyülməsindən, Şəki Polisində olaya düzgün baxılmamasından, saxta 24 noyabr və 31 yanvar qərarının ləğv edilməsi və şikayətinin araşdırılmasını Qax rayon Polis Şöbəsinə həvalə edilməsindən bəhs edir. 
Məktubu olduğu kimi təqdim edirik:
"Çoxhörmətli Prezident İlham Əliyev, Mehriban xanım, Zakir Qaralov, Vilayət Eyvazov, Fikrət Məmmədov.
Əvvəlcə xatırladım ki, ailəmizdə 5 oğlan və 3 qız övladı olmuşdur ki, ən böyüyü rəhmətlik Faiq  idi. Onu da qeyd edim ki, bir şəhid ailəsi olaraq 27 yanvar 1994-cü ildən bu günə qədər bizə nə bir ev, nə bir torpaq sahəsi, nə avtomobil, nə maddi yardım, nə övladlarımdan hər hansı birini işlə təmin edilməmişdir. Elə biz də həddən artıq kasıb vəziyyətdə yaşasaq da dövlət idarələrindən nə isə istəməyi, qapılar döyməyi qürurumuza sığışdırmamışıq. 1999-cü ilə qədər uçuq-sökük bir daxmada 8 uşağı böyütmüşəm.Böyük oğlum Faiqi də bu evdən həm iki illik Almaniyada hərbi xidmətə, həm də 1992-ci ildən Qarabağ Müharibəsinə bu daxmadan yola salmışam. O cəbhəyə getməmişdən əvvəl Gürgcüstana gedib muzdla işləyib həyətimizdə daşdan ev tikmək istəyirdi. Heyf ki, 1994-cü ildə onun tikdiyi, lakin başa çatdıra bilmədiyi yarımçıq evin daş divarları arasına onun tabutu “qonaq” oldu. Ddüzdür, sonralar kolxozdan bir iki dəfə bayramlarda paylar göndərilsə də qəbul etməyib geri qaytarmışıq. Amma ailəmizə ən çox təsir edən bu oldu ki, hazırda oğlum Sadiqin 4 nəfərlik ailəsilə və 36 yaşlı subay oğlum Həzilə 28 kv m sahəsi olan həyət evində birtəhər yaşayırıq. Amma bu birtəhər yaşamağı da mərdiməzarlar qoysa. Belə ki, 2019-cu ilin   oktyabrın 3-də günortadan sonra oğlum Sadiqi bildirdilər ki, səni Şəki DYP əməkdaşları axtarırlar.O, Aşağı Göynük kəndindəki “Göynük petrol” yanacaqdoldurma stansiyasının yanında avtomobili saxlayıb VAZ2106 markalı, ağ rəngli, 10 DJ 106 nömrəli şəxsi avtomobillərində əyləşmiş iki nəfərlə görüşür. Biri mülkü formada, digəri polis formasında olur.Oğluma deyirlər ki, sənin 90 BX 213 nömrəli avtomobilinin 10 manat cəriməsi olub və sən onu ödəmədiyinə görə avtomobilini həbs edib aparmalıyıq. Sürücülük vəsiqən də ləğv olunur. Sadiqin yanımda olan Hümmətov Ziyəddin Kamal oğlunun yanında özlərini DYP işçiləri adalndıranlar tələb ediblər ki, ya 200 manat hörmət elə ki, biz sistemdən bu cəriməni silək, ya da avtomobili aparmalıyiq və “prava”n da ləğv olunacaq.( Bu danışığın Adamovun səs yazısı vardır)
 Sadiq yaxındakı “Ulduz” marketdəki  aparatda cəriməni ödəməyə tanışını göndərir. O saat 16-50 dəqiqədə 16 manat cəriməni ödəniş edib gələndə, polis R. Adamov qəbzə baxmadan avtomobiliə oturub  özbaşına sürüb gedirlər., Oğlum da DİN-nin 102 xidmətinə zəng edir.
Məsələ Şəki Prokurorluğunda və Polisində araşdırlır və ört basdır edilir. DYP əməkdaşı Ramil Adamov Sadiqin əmisi oğlu Mehdinin  077 500 7005 mobil nömrəsinə gizli nömrədən 11 oktyabrda günortadadn sonra zəng edərək oğlumun  gedib şikayət ərizəsini geri götürməyii tələb etmiş, bu günün sabahı da var deyərək hədə qorxu gəlmişdir. Polis R.Adamovun bu hədə-qorxusunun qarşısını almaq üçün Sadiq Əbdürəhimov 25 oktyabr 2019-cu ildə DİN-i cənab Vilayət Eyvazova özünün və ailəsinin təhlükəsizliyinin təmin edilməsi barədə rəsmi müraciət göndərmişdir.
Yaxşı ki, bu hadisə ilə bağlı  aparılan araşdırmanın cavabı olaraq DİN-nin Baş Dövlət Yol Polis İdarəsi rəisinin 29 oktyabr 2019-cu il tarixli  məktub göndərmişdir: “ Bildirilir ki, Şəki RPŞ-nin DYP-nin baş inspektoru R.Adamov ciddi imtizam məsuliyyətinə cəlb olunmuşdur.”
Cənab Prezident!  Oğlum Sadiq Şəki DYP işçisi R.Adamov tərəfindən gizli nömrədən hədlənməyindən və baş rəisi general R.Zeynalov tərəfindən ciddi cəzalandırıldıqdan sonra oğlum Sadiq iki muzdur tərəfindən  vəhşicəsinə döyülmüşdür.   Belə ki,  19 noyabrda qonşumuz oğlumu Şəki şəhərindəki “Şəki”şadlıq evinə toya dəvət etmişdi. Toyun ortasında digər qonşum Rasim Əlimərdanovun öluma sözü olduğunu və həyətə çıxmağımı istədi. Oğlum dəvəti normal qəbul edib şadlıq evinin  həyətinə, yol tərəfə çıxan kimi məni dəvət edən və digər yekəpər qohumu olan qaydasız döyüş  üzrə Azərbaycan  çempionu olmuş Nurəddin Nazim oğlu  heç bir söz demədən başladılar oğlumu vəhşicəsinə, amansızlıqla döyməyə. Nazim sanki kiminsə sifarişini yerinə yetirirmiş kimi oğlumu hüşü itəndən sonra da vəhşicəsinə döyməyi davam etdirmiş , bu anda qaynı Kamal özünü yetirdikdə muzdlu qatillər dərhal qaçmağa başlamışlar. Bütün toyda iştirak edən 400 nəfərin gözləri önündə baş vermiş vəhşiliyin, qəddarlığın nəticəsində Sadiq şoka düşmüş, yaxşıki, toya gəlmiş Sərxan həkim ona ilk tibbi yardımlar göstərdikdən 30 dəqiqə sonra oğlum gözlərini açmışdır. Bütün bu sifariş hərəkətləri Şadlıq evinin kameraları altında, və yüzlərlə toy iştirakçısının gözləri önündə baş vermişdir. Oğlumu ağır vəziyyətdə kəndə gətirib evdə uzandırdılar. Sir-sifəti dağılmış, 2 dişi düşmüş, çoxlu qan itirmiş və ağrının dəhşətindən bükülü vəziyyətdə qalmışdı. Buna baxmayaraq o mənə şikayət etməyə qoymurdu. Özü zəng edib Rasimə bildirdi ki, gəlin üzr istəyin. Hər ikisinin cavabları bu oldu ki, yaxşı etmişik döymüşük, gedin hara istəyirsiniz şikayət edin. Bu cavabdan sonra mən dərhal DİN-nin 102 xidmətinə zəng vurub şikayət etdim. Sabahı günü oğlumu ölümcül döyən qaydasız döyüş üzrə Azərbaycan çempionu Nurəddin,qohumu Rasim və ailə üzvləri bizə gəlib yalvar-yaxar etdilər ki, Sadiq bizi bağışlasın.  Oğlum hər ikisinə sual verdi ki. Bax deyin görüm mənim bu vaxtadək sizinlə hər hansı bir işim olubmu, borcum, ya da bir pis söz demişəmmi? Deyin mən də öz günahımı bilim. Hər ikisi qeyd etdilər ki, yox səninlə bizim heç bir hətta xırda da olsa problemimiz olmayıb. Bəs o zaman niyə məni heç bir söz demədən bu hala saldınız.? Hər ikisi evimizə yığılan camaatın qarşısında yerə baxaraq bilməmişik, piyan olmuşuq cavabını verdilər. Məni də ağrıdan budur ki, Krılovun “Qurd və quzu” təmsilində heç olmasa qurd quzunu yemək üçün bir iki kəlməlik dialoqa girir. Bu qatillər isə oğluma heç bir söz demədən başlayıblar vəhşicəsinə döyməyə. Yaxşı ki, yaxındakı adamlar onu ölümdən xilas ediblər. Oğlum çox arıqdıq və balacaboyludur. Cəmi 52 kq. çəkisi var. 1 aydan çoxdur ki, oğlum beyin silkələnməsindən gecələr yata bilmir. Muzdurların bu sözündən biz kənd camaatı belə başa düşdük ki, onlara kimsə Sadiqin son dərəcə qəddarcasına döyülməsini sifariş veribmiş. Və sifariş çox tələskənliklə, süni formada həyata keçirilib.Heç olmasa yalandan mübahisə etməyi də yaddan çıxarmışlar. Şikayətimlə bağlı Şəki polisində müstəntiq hər iki tərəfdən izahatlar alıb öz bildiyi kimi qondarma tərtib edərək 24 noyabrda cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edib.(Tərtib etdiyi uydurma izahatlar əsasında) Bu qərar bizə 5-6 gündür çatıb. Düzdür, oğlum onu döyənlərdən deyil, sifariş verən caninin tapılıb cəzalandırması üçün 26 noyabrda yenidən şikayət vermişdir. Və hazırda da Şəki polisində araşdırma formal olaraq davam edir.   Bunu görən DYP polisi Ramil Adamov dekabrın 24-dək oğlumun qaynatası Ziyəddinə və digər şəxslərə zənglər edərək yenə şikayətini geri götürməsini onun bu döyülmə  işinə aidiyyatının olmamasını bildirmiş və Şəki DYP idarəsinə dəvət edərək onun avtomobilinə dəymiş zərərəi ödəməyə hazır olduğunu bildirmişdir. Oğlumun bu şərtlərlə razılaşmadığını bildikdən dərhal sonra R.Adamov vəziyyətdən çıxış yolu kimi Sadiqi qorxutmaq və cəzalandırmaq üçün onun barəsində iddia qaldırararaq ona dəymiş 10000 manat maddi və 20000 manat mənəvi ziyanın ödənilməsi tələbilə Şəki məhkəməsinə müraciət etmişdir. Maraqlı burasıdır ki, iddia elə verildiyi gün, 24 dekabrda hakim Pərviz Hacıyevin icraatına verilmiş və dərhal da bildiriş poçtla göndərilərək ildırımsürətilə yeni ilin birinci iş gününə hazırlıq iclası təyin olunmuşdur.Yəni, iddianın daxil olduğu andan 6 iş münü müddətində. Bundan artıq sifariş necə olur, hörmətli mənim qohumum Fikrət Məmmədov? Nəticəsi əvvəldən bəlli olan məhkəmədə Ramil Adamovun məqsədi budur ki, sentyabr ayında mənə verilən Şəhid oğlum Faiqin “qan pulu” olan 11000 manat pulu bu formada ələ keçirsin. Amma onun tələb etdiyi 30000 manat pulun hamısını vermək iqtidarında deyilik axı. Nə olsun ki, o Sadiqin şikayətlərini ört basdır etmək üçün iddiada tələb etdiyi qədər ziyana düşmüşdür?Elə ildırımsürətli Şəki Məhkəmə icraatı da bundan xəbər verir. R.Adamov iddianı verərkən Şəki Polis Şöbəsindən qanunsuz əldə etdiyi 24 noyabr 2019-cu il tarixli qərarını da məhkəməyə təqdim edib. Yəni Şəki Polis Şöbəsi R.Adamovu “xilas” etmək üçün ona qanusuz olaraq sənəd verib şərait yaradıb ki, onu məhkəmə oyunbazlığıilə istintaqdan yayındıra bilsinlər.Çünki, Şəki Polisində 24 noyabr əsassız və sonradan ləğv edilən qərarında sanki günahkar oğlum göstərilirdi. Bəli, biz indi də oğlumun döyülməsinə şifariş vermiş cinayətkarın tapılaraq cəzalandırılmasında israrlıyıq. Və məsələnin araşdırılmasının polis R.Adamovun nüfuz dairəsinə daxil olan ona havadarlıq edən Şəki Polisində deyil, Qax Polis Şöbəsində araşdırlmasını xahiş edirik.Və bu döyülmə faktı üzrə  polis R.Adamov bizim üçün əsas  şübhələndiyimiz şəxsdir. Sadiqin bu günə kimi heç vaxt heç kimlə işi olan deyil. 6000 əhalisi olan kəndimizdə kimsə desə ki, Sadiqdən kiçik incikliyim var, o zaman biz ailəvi kəndi tərk etməyə hazırıq.
  Bir məsələni də xatırladım ki, 2019-cu ilin aprelin 12-də qohumum olan Şəki Maliyyə İdarəsinin müdiri Vüqarın oğlu Bəlyarın idarə etdiyi NİVA avtomobili Kiş körpüsünün yanında Şəki DYP əməkdaşları tərəfindən saxlanılmış və NİVAnın arxası yatıq olması bəhanəsilə ona  zorakılıq göstərərək DYP idarəsinə aparmış, avtomobili cərimə meydançasına. Özünü isə həbs etmişlər. Halbuki,  oğlan NİVA-ya 4 kisə sement yığmışdır. Avtomobilin və sürücünün azad edilməsi üçün Vüqar müəllimin bacanağı, Şəki İcra Hakimiyyəti başçısının 1-ci müavini olan Həsən Həsənov ( nazir Fikrət Məmmədovun əmisi oğlu) dəfələrlə Şəki DYP rəisi Ş.Uluxanova zənglər etsə də rəis telefonu açmamışdır.Baş  vermiş bu insidentlə bağlı Daxili İşlər nazirinə DYP özbaşnalığı barədə məruzə edilmişdir Baxın. Indi də oğlum Sadiqin DYP rəisinin dostu olan R.Adamovdan verdiyi şikayəti bu polislər guya qohumum Vüqarın sifarişilə verildiyini düşünür və Sadiqi məhkəməyə sifariş verməklə cəzalandırmağa çalışırlar.Motiv də budur.
Mənim 2 yanvar 2020-ci il tarixli şikayətim əsasında 24 noyabr 2019-cu il tarixli ŞəkiŞPŞ-nin saxta və əsassız qərarı ləğv olunaraq işin yenidən araşdırılması Şəki polisinə həvalə edilmişdir. Doğrudur, biz inanmırdıq ki, Şəki polisi digər DYP polisi r.Adamovun adı sifarişçi kimi hallanan işin araşdırılıb cinayətkarları cəzalandırsın. Belə də oldu. 31 yanvar 2020-ci ildə ŞəkiŞPŞ nin təhqiqatçısı Aqil Cəfərov yenə də eyni məzmunlu qərar qəbul edərək cinayət işinin başlanmasına lüzum görməmişdir.ona görə də bu əsassız qərardan yenə şikayət edirəm:
     Təhqiqatçı oğlumu 60 gündən sonra həkim ekspertizasına göndərməklə guya işə obyektiv baxdığı görüntüsü yaratmışdır. Bəs niyə 3 həftə ərzində bu prosedur edilmirdi? Niyə hadisədən 7 həftə sonra oğlumun Bakıda müraciət etdiyi İstanbul NNS klinikasının rəyləri nəzərə alınmadı?
Niyə 11 oktyabr saat 15 radələrində oğlumun əmisi oğluna gizli nömrədən əmisioğlu Mehdiyə zəng etmiş şəxsin kimliyi operatora sor\u verilməklə araşdırılmadı? Çnki, zəng edən şəxs sadiqin R.Adamovla bağlı verdiyi şikayəti geri götürməsini tələb etmiş, yoxsa pis olacağaı barədə hədə-qorxu gəlmişdir.Niyə Mehdi Əbdürəhimovun izahatı alınmadı? Niyə mayor A.Cəfərov oğlumun Rasimin dayısı tərəfindən hədə-qorxusu ki, “Sən bizi 1000 manat ziyana salmışsan” sözləri izahata yazmaq istəmədi? Bu pul görəsən hansı polisə işi ört basdır etmək üçün verilibmiş?Niyə oğlumla 1-ci hadisə günü “Göynük petrol”un qabağında Şəki DYP işçiləri R.Adamovla, Aqşinin oğlumdan 200 manat rüşvət istəməsilə əlaqədar olan videogörüntülər sonradan Adamov tərəfindən icazəsiz silinmişdir? Niyə Şəki DYP rəisi Ş.Uluxanov 11 oktyabr 2019-cu ildə səhər oğlumu yanına çağırmış və Adamovla ba\lı yazdığı şikayəti geri götürməyi tələb etmiş, və bunu şər-böhtan adlandırmışdır.Geri götürməsə əni elə şər-böhtana salaram ki, mesajı verməklə oğlumu hədləmişdir.Niyə? kim olub bu adam? Dayısı mamedov da 23 il Şəki DYP işlədiyi müddətdə Şəki camaatına qan uddurub İndi onun bacısı oğlu Ş.Uluxanov da Şəkidə dayısının yoluilə getmək istəyir bəlkə? Belədirsə, onda biz rədd olub gedək ölkədən. Ona görə də Şəki ŞPŞ-nin saxta və sifariş əsasında qəbul etdiyi 31 yanvar 2020-ci tarixli qərarının ləğv edilməsini, işin vicdanla, kişi kimi pul qazanmağı ( yəni, halal maaşla dolanan) bacaran  polis tərəfindən ədalətli araşdırma aparılmasını tələb edirəm. Xatırladım ki, Polsin işi ört basdır etməsindən sonra sifarişi alan əsas cani Rasim sifarişçinin pulları hesabına Rusiyaya uzun müddətli qaçmışdır ki, iz itirilsin. Şəki polisi də bu adamı yüngül cərimə ilə cəzalandırmışdır ki, sərhəddi keçməyə problem olmasın.
     Cənab Prezident! Şəhid anası kimi Sizə müraciət edir və xahiş edirəm oğlumun qəddarcasına döyülməsinə sifariş verənlərin tapılaraq cəzalandırlmasını Qax rayon Prokurorluğunda və Polis Şöbəsində  vicdanlı və peşəkar müstəntiqlər tərəfindən araşdırılmasına şəxsi nəzarətiniz altında göstəriş verəsiniz.                             
                  Əlavələr: sənədlər və fotolar 20 əd.
       Şəki İH-nin başçısının 1-ci müavini H.Həsənovun 18 fevral 2020-ci il məktubu
Hörmətlə, şəhid anası               M.Z.Əbdürəhimova(Zamanova) 
Oxşar xəbərlər