Məhkəmə DTX-nın həbs etdiyi sabiq icra başçıları ilə bağlı qərar verdi

  • 20 dek 2019, 20:22

Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov məhkəmə qarşısına çıxarılıb.

"Demokratik.Az" xəbər verir ki, Səbail rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən verilmiş təqdimata baxılıb. Məhkəmənin qərarı ilə Q.Səmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.  

Qeyd edək ki, DTX-nın yaydığı xəbərə görə, həyata keçirilən tədbirlər nəticəsində 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədovun bu müddət ərzində vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilib. Belə ki, dövlət qayğısı olaraq işsiz vətəndaşların ictimai işlərə cəlb edilib aylıq qazanc əldə edə bilmələri üçün dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əmək haqları ələ keçirilib, o cümlədən Yevlax şəhərində "Yaşıllaşdırma və işıqlandırma müəssisəsi”nin fəaliyyətinə və digər abadlıq, təmir-tikinti işlərinə cəlb edildiyi rəsmiləşdirilən 133 nəfər heç bir işə cəlb edilmədən və əmək haqqı almadan, adlarına açılmış əmək haqqı kartları Qoca Səmədovun tabeçiliyində fəaliyyət göstərən şəxslər tərəfindən ətraf rayonlardakı bankomatlarda nağdlaşdırılaraq, Qoca Səmədova şəxsən təqdim edilməklə 236.000 manat dövlət vəsaiti mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. 

Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev barəsində də məhkəmə həbs qətimkan tədbiri seçib. 

Səbael Rayon Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən verilmiş təqdimata baxılıb. 

Məhkəmənin qərarı ilə N.Quliyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Demokratik.Az

Oxşar xəbərlər