Kriminal Aləmin canlı əfsanəsi-Rövşən Canıyev

  • 28 fev 2015, 19:45

Hətta bu qədər məşhurlaşmasaydı belə, atasının qatilini məhkəmə zalında öldürdüyünə görə "zon”larda həmişə hörmətlə qarşılanmalı, bayırda da sözünə hər zaman dəyər verilməlidir...

Nədir "Rövşən Lənkəranski”ni bu qədər cəlbedici, maraqlı edən? Hündür boyu, gənc yaşlarında saxladığı uzun saçları, maliyyə imkanları, sözübütövlüyü, ədaləti, yoxsa bu qədər qalı dava-savaşdan sağ qurtulmağımı?



Onu daha da "əlçatmaz” edən bir ciddi səbəb də var: adı İnterpolun axtarış siyahısındadır...

Deyilənlərə görə, dindardır. Spirtli içki içmir, narkotiklərdən də uzaqdır, uzun danışmağı da sevmir. Orta təhsilli, ailəlidir. Onun gah Bakıda gizləndiyi deyilir, gah sorağı Moskvadan, Dubaydan, İstanbuldan gəlir... Sonra haradasa "güllələnir”, haradasa "adam vurdurur” xəbərləri sıralanır. Qəzetlər yazıb ki, onu sonuncu dəfə ötən ilin noyabrında Aşura mərasimində görüblər. Xəbərlərə görə, "Kiçik Bazar” adlanan ərazində ətrafında 4-5 mühafizəçisi ilə birgə olub. Onu daha da "əlçatmaz” edən bir ciddi səbəb də var: adı İnterpolun axtarış siyahısındadır...

Ona xüsusilə doğulub boya-başa çatdığı cənub zonasında pərəstiş edənlər, "cənub şəhərinin kriminal əfsanəsi” sayanlar da    çoxdur. Kriminal aləmdə ona rəğbəti olmayanlar da, düşmənləri də kifayət qədərdir. Amma etiraf ediləsi bir gerçək də var: hətta bu qədər məşhurlaşmasaydı belə, atasının qatilini məhkəmə zalında öldürdüyünə görə "zon”larda həmişə hörmətlə qarşılanmalı, bayırda da sözünə hər zaman dəyər verilməlidir... 
          
Fakt budur ki, "oğru dünyası”nın son on illiklərdə ən nüfuzlu simaları - "böyük qardaş” - Hikmət Muxtarov ("Sabirabadlı Hikmət”) və Məmməd Hüseynovun ("Masallı Mamed”) ölümündən sonra internet axtarış saytlarında adı ən çox aranan azərbaycanlı "qanuni oğru”lar sırasında  Rövşən Canıyevin adı ("Lənkəranski) birinci sırada gəlir. Azərbaycan mediasında onun haqqında üç-dörd cümləlik xəbər dərhal minlərlə oxucu tapır. Nədir  ”Rövşən Lənkəranski"ni bu qədər cəlbedici, maraqlı  edən? Gənc yaşlarında saxladığı uzun saçları, maliyyə imkanları, sözübütövlüyü, ədaləti, yoxsa bu qədər qanlı dava-savaşdan sağ qurtulmağımı? Yoxsa "Ded Xasan”ın qətlinin onun adına yazılmasımı? Bəlkə yeniləşən dünyanın kriminal aləminə Polad Ələmdar sayağı fərqli baxışımı? Yeri gəlmişkən, onu "dərin dövlətin” adamı sayanlar da var axı... 

*   *   *

O, 1975-ci ilin yanvar ayının 27-də Lənkəranda doğulub. Bir ay əvvəl 40 yaşı tamam olub. Onu kriminal dünyada ön sıraya çıxaran atasının qatilini məhkəmə zalında güllələməsidir. 17 yaşında əlinə silah alıb bu işə ürəklə gedirsənsə, kriminal aləm niyə sənin başına and içməsin ki? Qisas həmişə qiyamətə qalmaz ki... 


1996-cı ildə baş verən o qətl işinə görə yeniyetmə  Rövşənə cəmi iki il iş kəsilib. 1997-ci ilin martında isə cəzası şərti cəza ilə əvəz olunaraq azadlığa buraxılıb. "Rövşən Lənkəranski”nin  adı belə tanınmağa başlayıb... 

2000-ci ildə "Lənkəranski” artıq "qanuni oğru” sayılırdı. Elə həmin il o, Bakı bulvarında kriminal aləmdə yaxşı tanınan Kəramət Məmmədovu münaqişə zəminində üzərində olan odlu silahla yaralayır. "Lənkəranski” həmin davada ciddi psixi travmalar aldığını iddia edir və məhkəmə-psixi ekspertizanın qərarı ilə müalicəyə göndərilir, ona qarşı açılmış cinayət işinin icraatı dayandırılır. Bir müddət sonra isə hüquq-mühafizə orqanları onun izini itirirlər, onun barəsində beynəlxalq axtarış elan edilir.

"Lənkəranski”nin sorağı bunda sonra Moskvadan daha tez-tez gəlir. Ona "qanuni oğru” adını dövrünün ən tanınmış "vor zakonu”-"Nardaranlı Mirseymur" verib. Moskvadakı biznes əlaqələrinin də "Lənkəranski” rəhmətlik Mirseymurla yaxınlaşdıqdan sonra yarandığı deyilir. Bu həmin dövr idi ki, Moskva bazarlarına nəzarət uğrunda amansız mübarizə gedirdi. 2003-cü ildə "Lotu Quli”nin("Nadir Səlofovun) də adı keçdiyi qətl baş verir. Mirseymura ”Peşera" barında "Steçkin” tipli tapança-avtomatdan 12 güllə vurulur. Azərbaycanlı "qanuni oğru” xəstəxanaya çatdırılmamış həyatla vidalaşır. 


2003-cü ildə Sankt-Peterburqda "Yevlaxlı Elçin” kimi tanınan Elçin Əliyev də öldürülür. Onun qətli ilə bağlı müxtəlif versiyalar olsa da, bu illər ərzində bu barədə heç kim açıq danışmayıb. Qeyri-rəsmi bilinən budur ki, bu qətldə "Lənkəranski”nin adı hallanıb və hətta 2004-cü ilin dekabrında bu cinayət işinə görə Moskvada həbs də edilib. Amma sübutlar olmadığı üçün həbsdən buraxılıb.

2006-cı il aprelin 7-də Moskvada  "Sabirabadlı Hikmət” qətlə yetirilir. 2007-ci ildə "Ağbaş” ləqəbli Çingiz Axundov da Rusiya paytaxtında öldürülür. Bu illərdə Rusiya bazarlarında azərbaycanlıların biznesinə nəzarət "Rövşən Lənkəranski”yə keçir. İddialar var ki, onun "Lotu Quli” ilə münasibətləri məhz bazarlara nəzarət uğrunda savaşdan qaynaqlanır və illərdir ki, davam edir.

2008-ci ilin fevralında Kiyevdə həbs edilən "Lənkəranski”  Azərbaycana ekstradisiya edilmir. Buna səbəb Ukrayna hökumətinin ona qaçqın statusu verməsi olur. Amma 2009-cu il dekabrın 3-də "Rövşən Lənkəranski” yenidən Ukraynada həbs edilir. 2010-cu ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə prokuror 2000-ci ildə Azərbaycan məhkəməsinə "qalmış borcunu” silmək üçün ona 12 il iş istəyir. Amma məhkəmə ona cəmi 2 il 9 ay iş kəsir və bu müddət başa çatdığından o, məhkəmə zalından azadlığa buraxılır. 

"Lənkəranski”nin "srok”dan tez buraxılmaları, uzun müddət axtarışda olmasına baxmayaraq ələ keçməməsi onun opponentlərini həmişə düşündürüb, qıcıqlandırıb. Məsələn, onun 2010-cu ildə həbsdən çıxmasına "Lotu Quli” vəkil vasitəsilə belə reaksiya veribmiş: "Rövşəni həbs edib bura gətirəndən sonra Nadir bizə dedi ki, onu buraxacaqlar. Dedik ola bilməz. Onun üstündə ağır maddələr var. Amma məhkəmə onu zaldan azadlığa buraxdı. Rövşən axtarışda ola-ola hava limanı vasitəsilə ölkəyə gəlir, onu qarşılayıb-yola salırdılar. Bu onu göstərir ki, müəyyən yüksək vəzifəli məmurlar onun arxasında dayanır”.


Daha bir faktı da qeyd edək. "Lənkəranski”nin qardaşı Gömrük Komitəsində yüksək vəzifədə işləyir...

"Rövşən Lənkəranski”nin "oğru” adının alınması barədə hələ "Ded Xasan” sağlığında 30 "qanuni oğru” adından (onların sırasında 10 azərbaycanlı avtoritet də olub) "malyava” (göndəriş) yayılıb. 2014-cü ilin oktyabrında İspaniyada həbsdən azad olunan, "Ded Xasan”ın varisi Zaxari Kalaşovun ("Şakro Molodoy”) bu ilin yanvarında Ermənistanda keçirdiyi "sxodka”da da  "Rövşən Lənkəranski”nin  "qanuni oğru” adının müzakirəyə çıxarıldığı, hətta titulunu itirdiyi barədə xəbərlər də təsdiqlənməyib. 


***
"Lənkəranski”nin indi də harada olduğu bilinmir. O, mütəşəkkil cinayətkarlıq, qəsb, rüşvətxorluq, çirkli pulların yuyulması və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinir. Onun həbsi barədə İtaliya məhkəməsi xüsusi qərar çıxarıb və saxlanılması üçün İnterpola müraciət edilib. Qeyd edək ki, İtaliya 2013-cü ildə də onun  barəsində beynəlxalq axtarış elan etmişdi. Lakin bir müddət sonra bu məlumat İnterpolun saytından çıxarılmışdı.  

Bir müddət əvvəl "Moskovskiy komsomolets” qəzeti dünyanın ən məşhur kriminallarından olan Vyaçeslav Leontevlə ("Vadik Belıy”) müsahibə dərc etmişdi. O, "Ded” in qətlinin "Lənkəranski”nin təşkil etməsi barədə iddiaları rədd edərək bunları demişdi: "Kimlərsə Xasanla Rövşənin münasibətlərinin pis olduğu barədə yalanlar uydurub. Bu, Xasanı öldürənlərin uydurmasıdır. Rövşən tərbiyəli, intellektual və dinə bağlı adamdır. Onun kəndlilərindən və yerlilərindən soruşsanız, Rövşən haqqında ancaq xoş sözləri deyərlər. Onun sadə adamlara necə hörmət etdiyini eşidərsiniz”. "Belıy” demişdi ki, "Lənkəranski”nin  güllələnməsi barədə xəbərlər də yalandır: "O, sağ-salamatdır”.