Şəhid övladı prezidentdən ev istəyir - MÜRACİƏT

  • 21 sen 2019, 20:32

Mən, Xocavənd rayonun Qaradağlı kəndindən məcburi köçkün,Şəhid ailəsi,hazırda Abşeron rayonun, Saray qəsəbəsində  qeydiyyatda olan və yaşayan Tağıyev Elyar Bakir oğlu

Çoxhörmətli Prezident cənab İlham Əliyevə, 1-ci vitse-prezident xanım Mehriban Əliyevaya və H.Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevaya son ümid olaraq müraciət edirəm:

Sizin daima bizim kimi şəhid ailələri və məcburi köçkünlərin məişət problemlərini diqqətdə saxlamağınız, tez tez görüşlər keçirməyiniz və yardımçı olmağınız biz şəhid ailələrini ruhlandırır ki, tezliklə dədə-baba ocağımıza qayıdacağıq. Lakin onu da başa düşürük ki, hələlik gözləmək lazımdır ki, Ali Baş komandan olaraq uyğun zamanda Sizin əmriniz verilən kimi biz torpaqlarımızı qısa müddətdə düşməndən azad edək. 1991-ci ilin payızında ailəmin yaşadığı Xocavənd rayonun Qaradağlı kəndinə erməni hücumları kəskinləşmişdi. Atam Tağıyev Bakir Yunis oğlu vəziyyətin ağırlığını görüb anamı və biz 6 nəfər uşaqları kənddən çıxardı. Və bir neçə gündən sonra ermənilərin kəndimizə hücumu oldu. Atam özünümüdafiə dəstəsinə rəhbərlik edirdi. Məlumata görə o kəndimizin müdafiəsi zamanı ağır yaralanmış və kəndi son anda tərk edə bilməmiş, əsir düşmüşdür. Ermənilər atamı və digər yaralı əsirləri kəndimizin yanındakı ferma binasına doldurmuş, qapını bağladıqdan sonra onları diri diri yandırmışlar. Biz, şəhid Bakirin ailəsi olaraq hələ də ermənilərin törətdikləri vəhşilikdən özümüzə gələ bilmirik.

 Hazırda  məcburi köçkün olaraq, kiçik ailəmlə birlikdə Abşeron rayonun Saray qəsəbəsində uçuq, heç bir şəraiti olmayan bir otaqlı daxmada yaşayıram. 10 ildir ki,  ailə qurmuşam. Orta məktəb şagirdi olan 1 xəstə övladım var. Yoldaşım hazırda şəraitsizlikdən xəstəliyə tutulub və işsizdir. Mənzil şəraitimiz son dərəcə dözülməzdir. Özüm qaz idarəsində texniki işçi kimi çalışıram. Əməkhaqqım 320 manatdır. Çox kasıb dolanırıq.

Bu ilin iyulun 27-də "Qaçqınkom” Saray qəsəbəsində dövlət hesabına inşa edilmiş 800 mənzili qaçın və məcburi köçkünlərə hədiyyə etdi. Amma nədənsə bu mənzillərin paylanması zamanı niyə məhz Saray qəsəbəsində ağır gün-güzəranla yaşayan şəhid oğlu kimi mənə, Elyar Tağıyevə mənzil verilmədi.  Dəqiq deyə bilmərəm ki,  şəhid ailələrinə qarşı mənzil növbəsində bu dərəcədə "sosial ədalət” prinsipinə necə riayət edildi. Amma hesab edirəm ki, Xocavənd rayonun Qaradağlı kəndinin müdafiəsi zamanı son gülləsinə qədər sarkisyanlarla döyüşmüş və sonda ermənilərin ağır yaralı Bakir Tağıyevi əsir alması və diri diri yandırması faciəsini yaşayan bir övlad kimi mənim də bu gün heç olmasa mənəvi haqqım çatır ki, xəstə ailəm nəhayət 27 ildən sonra dövlət hesabına müvəqqəti mənzillə təmin olunsun.

 Doğrudanmı, bu günə qədər dövlət hesabına mənzillə təmin olunan məcburi köçkün ailələrinin mənzil şəraiti, hazırda mən şəhid ailəsinin yaşadığı mənzil  şəraitndən ağır olub.? İnanmağım gəlmir. Budur, 19 sentyabr 2019-cu ildə yenə yaşadığımız Saray qəsəbəsində məcburi köçkün ailələri üçün 60 mənzil də dövlətimiz tərəfindən hədiyyə edildi. Təki hamının mənzili olsun! Axı mən də bir insan, bir şəhid ailəsi və bir məcburi köçkün olaraq son dərəcə ağır vəziyyətdə yaşadığıma görə ailəmin heç olmasa 1 otaqlı normal şəraiti olan mənzillə təmin olunmağımı istəyirəm.

    Çoxhörmətli Prezident! Sizdən çox xahiş edirəm bir vaxtınız olan kimi əvvəlcə Saray qəsəbəsində yaşadığım evə ailənizlə qonaq gəlib kasıb süfrəmizdə oturasınız və yazdıqlarımın reallığını öz gözlərinizlə görəsiniz. Təşəkkürlər!

Hörmətlə, şəhid oğlu, məcburi köçkün 

Tarix: 21 sentyabr 2019-cu il.


 

Oxşar xəbərlər