İkram Rəhimov 27 gündür aclıq edir

  • 05 sen 2019, 00:03

Realliq.info saytının həbsdəki rəhbəri İkram Rəhimov saxlanıldığı Bakı İstintaq Təcridxanasından məktub göndərib. Yaxınlarının təqdim etdiyi məktubda jurnalist aclıq aksiyasını davam etdirdiyini yazır.

"Avqust ayının 7-dən qanunsuz həbsimə, sifarişli məhkəmə hökmünə və Apellyasiya Məhkəməsinin mənim şikayətimi obyektiv araşdırmamasına etiraz olaraq aclıq aksiyasına başlamışam. 27-ci gündür ki, davam edən aksiyamın başlıca səbəbi az-çox hamıya açıq bəllidir. Azərbaycanda azad söz, müstəqil mediaya qarşı davam edən hücumlar, təzyiqlər, qanunsuz qadağa, bloklamalar və son nəticə olaraq azad media nümayəndələrinin sifarişli həbsləri hamını düşündürməli və narahat etməlidir. Əgər bu gün Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və onun himayə etdiyi Mətbuat Şurasının rəhbərliyi mənim həbsimi sifariş edərək gerçəkləşdirə bilirsə, deməli, azad medianı təmsil edən hər kəs bu taleyi yaşaya bilər. Ədalətsizlik, özbaşınalıq qanunların işləmədiyi bir mühitdə haqq-ədalətin bərpası üçün mübarizə aparmaq və onu əldə etmək çox çətindir. Lakin yenə də azad söz nümayəndələrinin birliyi və bu haqsızlıqlara qarşı birləşmələri haqlı tələblərimizin gerçəkləşməsinə zəmin yarada bilər. Azad söz nümayəndələri bu gün onlara yönəlmiş basqılara qarşı bir arada ola bilməsələr, gec-tez mənim taleyimi yaşayacaqlar”.

Jurnalist aclıq aksiyasını dayandırmaq niyyətində olmadığını da qeyd edib.

"Bir daha mənə qarşı edilən haqsızlıqlara və qanunsuz həbsimə etiraz olaraq, aclıq aksiyasını davam etdirdiyimi bildirirəm. Bu aksiyanın sonu ölüm olsa da onu dayandırmaq, qərarımdan dönmək haqqında düşünmürəm. Əli Həsənov və onun kimilərin sifarişlərinin qurbanı olmamaq üçün birləşməkdən başqa yolumuz yoxdur”, deyə aclıq edən jurnalist yazıb. (Turan.az)

Oxşar xəbərlər