Yol polisi indi də piyadalardan rüşvət alır!

  • 04 iyul 2019, 22:06

Sosial şəbəkələrdə yol polisi əməkdaşının yol hərəkəti qaydalarını pozan iki piyadadan rüşvət aldığını əks etdirən videogörüntülər yayılıb.

Demokratik.Az "Oxu.Az”-a istinadla xəbər verir ki, görüntülər Bakıda qeydə alınıb.

Videodan aydın olur ki, yol polisi iki gəncdən 10 manat pul alaraq onlara qanunla nəzərdə tutulan protokolu yazmır.

Hər iki piyada ayrı-ayrılıqda 10 manat verərək polisi razı salıb ərazidən uzaqlaşır.

Qeyd edək ki, yolu təyin olunan yerdən keçməyən piyadalar üçün 20 manat cərimə nəzərdə tutulub. Cərimələnən hər bir şəxs yazılan protokola uyğun olaraq banka ödəniş edir.

Məsələ ilə bağlı saytın əməkdaşları Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovdan açıqlama almağa çalışsalar da, cəhdləri nəticəsiz qalıb.

Beləliklə, təqdim olunan videodan açıq görünür ki, DYP əməkdaşları sürücülər bir yana, artıq piyadalardan da rüşvət yığmağa başlayıblar. Bu fakt DYP sistemində dərin islahatların zəruriliyini bir daha ortaya qoymuş olur.

Oxşar xəbərlər