“Ermənilər Allahdan tələb etdi ki...”

  • 16 iyun 2019, 01:33

İsveçrə, Avstriya və Almaniya mediası Ermənistandakı səfalətdən yazır

"Avropalıların buradakı səfaləti təsəvvürə gətirməsi belə çox çətindir”

İsveçrənin Sürix şəhərində "Liebfrauenkirche” kilsəsinin rahibi Josef Karber məhkəmə tərəfindən təqsirkar bilinib və cərimə olunub. Katolik kilsəsinin rahibi bir erməni qadını 7 il ərzində qeyri-qanuni şəkildə İsveçrədə saxlayıb. Belə ki, rahib qadına kilsə daxilindəki otaqlardan birini ayırıb və onun yaşaması üçün maddi və mənəvi dəstək verib. 54 yaşlı qadın haqqında İsveçrə qəzetləri bir şey yazmır, hətta onun adını belə gizli saxlayırlar.

Məhkəmə tərəfindən simvolik cəza alan (cərimə) rahib deyir ki, etdiyim əmələ görə peşman deyiləm, gələcəkdə belə bir vəziyyətlə qarşılaşsam yenə eyni işi görərdim. Rahib məhkəmədə bildirib ki, qadın xərçəng xəstəsidir və o, Ermənistanda kriminal ələmlə ciddi əlaqəsi olan əri tərəfindən təzyiq və təhdid altında yaşayıb. Əgər o, geri dönsəydi, çoxdan dünyasını dəyişmişdi...

Qanuna əsasən bu qadını Ermənistana göndərmək gərəkir. Ancaq xərçəng xəstəsi olan bu qadının geriyə göndəriləcəyi ağlabatan deyil. Çünki belə bir gediş İsveçrdənin beynəlxalq imicinə mənfi təsir göstərə bilər...

Həm də 54 yaşlı xərçəng xəstəsi ac-yalavac Ermənistanda müalicəsi üçün lazım olan zəruri dərmanları almağa belə pul çatdıra bilməz. Ermənistanda isə vəziyyət həqiqətən də ürəkaçan deyil.

Azərbaycanda iqtidarın nəzarətində olan media orqanları dönə-dənə vurğulayır ki, Ermənistan aqrar ölkədir, iqtisadi vəziyyət acınacaqlıdır. Əhalinin dolanışığı fəlakət həddindədir. İmkanı olan ölkəni tərk edir. Sosial şəbəkələrdə isə əsasən müxalif yönlü insanlarımız and-aman edir ki, yalandır, hətta Ermənistanda da əhali Azərbaycandan yaxşı yaşayır.

Xərçəng xəstəsi olan qadınla bağlı məsələni araşdırarkən almandilli mediada Ermənistanla bağlı bəzi məqalələri nəzərdən keçirməli oldum. Gəlin görək almandilli media bu məsələ haqqında nə yazır. (Sitat gətirdiyim məqalələrin orjinalının linklərini yazının sonuna əlavə edəcəm. E.H)

Almaniyanın "gmuender-tagespost.de” saytında gedən "Armenien ist Armut und Schönheit” (Ermənistanin səfaləti və gözəlliyi) adlı məqalədə deyilir ki, 75 yaşlı Georg Hakobyan ayda 30 min dram (təxminən 62 dollar) təqaüd alır. Bir vaxtlar poçta işləyib. Hazırda tək-tənha yaşayır. Yaşadığı köhnə evdə elektrik və su da yoxdur.

Avstriyanın "derstandard.at” saytında gedən məqalə isə belə adlanır: "Armut und Hoffnung in Armenien” (Ermənistanda səfalət və ümid). Məqalədə Şirak rayonunda vəziyyətlə bağlı maraqlı məqamlar var. Məsələn, elə birinci cümlədə qeyd olunur ki, burada uşaqların yarısı səfalət içində yaşayır.

10 yaşlı Gregori Edigaryan-ın bir arzusu var: "Mən böyüyəndə polis olmaq istəyirəm, onda mən pul qazanacam. Həmin pulla anama odun alacam. Sonra o odunu doğrayacam və anama isti olsun deyə sobanı yandıracam”. 20 yaşlı dayısı Löva onu elə indicə məktəbdən gətirib. Gregori Edigaryan-ın dayısı, onun 30 yaşlı anası Manuşak və 59 yaşlı nənəsi Vard Gümrüdə bir yerdə-iki otaqlı mənzildə yaşayırlar. 
Otaqların arasındakı qapı qırılıb, tualet olsa da, duş yoxdur. İsti sudan danışmağa dəyməz. Mənzilin girişindəki bir küncdən həm də mətbəx kimi istifadə edirlər...

1988-ci ildə Gümrüdə dəhşətli zəlzələ olub. Elə o vaxtdan da şəhər böyük səfalətin qucağındadır...

Manuşak deyir ki, əlimizə nə keçirsə isinmək üçün yandırırıq. Bəzən qonşular da kömək edir. Otaqda balaca elektrik radiatoru var. Ancaq o, otağı qızdıra bilmir. Bu mənzilin divarlarından biri əvvəl yox idi. Onu da 12 il öncə ucaltdılar.

Gümrüdə hər kəs işsizdir, ancaq həvəslə işləmək istərdilər. Burada qulluqçu qadın olmaqla da bir şey qazanmaq çətindir. 
150 min insanın yaşadığı Gümrü şəhəri Türkiyə sərhəddi yaxınlığında yerləşir. Demək olar ki, paytaxt İrəvandan sonra Ermənistanın ikinci ən böyük şəhərində 1988-ci ildə baş verən zəlzələ nəticəsində bir gündə 25 min adam öldü, yarım milyon insan evsiz qaldı. Buradakı səfaləti avropalıların təsəvvürə gətirməsi belə çox çətindir.

Zəlzələdən 30 il keçəndən sonra belə 3 min nəfər "Domik”də (balaca və müvəqqəti ev) yaşayır. Qışda burada 30 dərəcə şaxta olur. Minlərlə uşaq axşam yeməyə bir şey tapmır və buz kimi yatağa girməli olur.

Hazırda Ermənistanda əhalinin 20 faizi işsizdir. Gümrüdə yerləşən Şirak rayonunda isə bu göstərici 40 faizi aşır. Burada əhalinin 47,2 faizi səfalət içindədir. Uşaqlar arasında səfalət 50 faizi keçir.

Məqalədə başqa bir ailə haqqında da maraqlı qeydlər var. 37 yaşlı xanım Armenuhi Bernetsyan deyir ki, axşamlar yata bilmirəm. Çünki siçovullar axşamlar evi bürüyür. O, əri Spartak Mkrtchyan və 6 uşağı ilə birlikdə burada 2 otaqlı tikilidə yaşayır. Onların böyük qız uşağının 13 yaşı var. O, həmişə xəstə olur, çünki döşəmədə yatmaq zorundadır.

Bütün uşaqlar burada məktəbə gedir. Məktəblə yaşayış məntəqəsi arasında 6 km. yol var. Ancaq uşaqların çoxu avtobusa minmir, çünki gedişhaqqı çox bahadır.

Evin kişisi 44 yaşlı Spartak Mkrtchyan deyir ki, zəlzələ zamanı valideynləri evini itirib. Ona görə də balaca tikilidə yaşamalı olublar. O, maşın təmir edir, xanımı isə suç ustasıdır. Ancaq xanımı daha işləmir. Çünki əkiz uşağı bağçaya qoymaq ailəyə çox baha başa gəlirdi. Ona görə də xanımı işdən çıxıb evdə uşaqlara baxır...

Ermənistanda 3 milyon əhali yaşayır, mühacirətdə olan ermənilərin sayı daha çoxdur. Demək olar ki, hər bir ailənin Rusiyada və ya ABŞ-da qohumu yaşayır.

Məqalənin sonunda Avstriyadan olan 80 xeyriyyəçinin hesabına səfalət içində olan insanlara göstərilən yardımın vacibliyi vurğulanır. Onların hesabına 100 nəfər uşağa xidmət edən mərkəzdə görülən işlərdən bəhs olunur. Deyilir ki, şikəst olan 4 yaşlı Martin bu mərkəzə gələnə qədər yeriyə bilmirdi. Ancaq indi göstərilən qayğı nəticəsində müəyyən irəliləyiş var...

Avstriya "Qırmızı Xaç” təşkilatının sədri Michael Landau da bu mərkəzdə olub. O, deyir ki, ehtiyacı olan uşaqlara təcili yardım göstərmək lazımdır. Bu uşaqların yaşamaq və təhsil almaq haqqı olmalıdır. Əks təqdirdə bu uşaqların həm öz həyatı, həm də yaşadıqları cəmiyyətin vəziyyəti fəlakət doğuracaq şəkildə pis olacaq.

Almaniyanın məşhur "zdf.de” saytı "Armut und Korruption” (Səfalət və korrupsiya) adlı məqalədə yazır ki, hökumət deyir ki, hər il 30-40 min gənc Ermənistanı tərk edir. Sovet İttifaqı dağıldıqdan sonra Ermənistanı 16-30 yaş arasında olan 1 milyondan çox gənc tərk edib. Həmin gənclərin simasında Ermənistan həm də gələcəyini itirib...

Ən maraqlısı isə odur ki, yerli ermənilər ölkədən qaçır. Ancaq almanlar yazır ki, Suriyadan 17 min erməni yaşamaq üçün Ermənistana gəlib. Onlar ümid edirlər ki, orada təhlükədən kənar şəraitdə yaşaya bilərlər...

Sayt vurğulayır ki, "Transparency İnternational”ın hesabatında (2018-ci il) deyilir ki, Ermənistan korrupsiyaya görə 107-ci yerdə gedir. Efiopiya, Makedoniya və Vyetnamla yan-yana dayanır.

Bu yazını Almaniyanın "Frankfurter Allgemeine Zeitung” nəşrində ermənilər haqqında gedən bir lətifə ilə tamamlamaq istərdim. Qəzet yazır ki, ermənilərdə özünütənqid ruhu çox yüksəkdir və buna nümunə kimi aşağıdakı əfsanəni qeyd edirlər: Ermənilər qədim vaxtlardan üzü bəri iddialı və paxıl olub. Onlar hər şeyin yaxşısına və böyüyünə sahib olmağa can atırdılar. Allah insanlar arasında burun paylayanda ruslara balaca burun düşdü. Gürcülərə isə dağlarda daha rahat nəfəs almaq üçün böyük burun verildi. Ancaq hər şeyin ən yaxşısını və böyüyünü istəyən ermənilər Allaha üz tutdular və tələb etdilər ki, ən böyük burunları onlara verilsin. Allah onların bu arzusunu həyata keçirdi və hər doğulan erməniyə böyük bir burun hədiyyə etdi...

Elbəyi Həsənli, Sürix

https://www.faz.net/aktuell/reise/reise-in-den-kaukasus-staat-armenien-16097709.html

https://www.zdf.de/nachrichten/heute/armenien-verliert-seine-zukunft-100.html

https://www.aargauerzeitung.ch/schweiz/pfarrer-versteckte-sieben-jahre-eine-auslaenderin-nun-muss-er-vor-gericht-134558606

https://derstandard.at/2000097041338/Armut-und-Hoffnung-in-Armenien

Oxşar xəbərlər