Xəbər lenti
Bütün xəbərlər

İsgəndər Həmidov əməliyyat olunub VƏ..

  • 28 may 2019, 09:32

Ağasif Şakiroğlu: "Müalicəsini yarımçıq qoyub geri dönmək istəyirdi”

İki hissəyə parçalanan Azərbaycan Xalq Hərəkatında (AXH) sabiq daxili işlər naziri İsgəndər Həmidovun lideri olduğu qanad ətrafında son günlərdə baş verənlər diqqət mərkəzindədir. AXH üzvlərinin  saxlanılaraq ifadələrinin alınması hələ də davam edir. İndiyə qədər yüzdən artıq hərəkat üzvünün dindirildiyi bildirilir.

Bütövlükdə AXH-yə qarşı cinayət işinin açıldığı yöndə xəbərlər dolaşır. Artıq hərəkatın İdarə Heyətinin iki üzvünün-İlyas Abdullayev və Yavər Mikayılovun cinayət məsuliyyətinə cəlb olunduqları barədə yayılan məlumatlar öz təsdiqini tapmaqdadır. 12 gündür Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan hər iki şəxs barədə məlumat yoxdur. Onların vəkili də hüquqlarını müdafiə etdiyi AXH funksionerləri ilə görüşə bilmir.

Hərəkat ətrafındakı müəmma təkcə bununla bitmir. Həbslər başlayandan az sonra səhhətində ciddi problemlərin yaranması səbəbindən ölkəni tərk edib Türkiyəyə gedən İ.Həmidov barədə indiyə qədər məlumat almaq mümkün deyil. Bu da bəzi suallara yol açıb. Sabiq nazirin daha çox həbslər səbəbindən ölkəni tərk etdiyi deyilsə də, bunlar öz təsdiqini tapmır. 

AXH-nin İdarə Heyətinin üzvü, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu son durumla bağlı "Yeni Müsavat”a bunları dedi: "Həbslər dalğası zəifləyib desəm doğru olmaz. Hazırda da proses davam edir. Hər gün ölkənin müxtəlif yerlərində sıravi AXH üzvlərini saxlayıb, Bakıya gətirib ifadələrini alıb azad edirlər. Hazırda İdarə Heyətinin üzvləri İlyas Abdullayevlə  Yavər Mikayılov həbsdədir və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılırlar. Onların həbsindən 12 gün keçsə də heç bir məlumat ala bilmirik. Vəkil görüşə bilmir. AXH-nin iki fəalı Rəşad Ələkbərov və Mirqulam Əliyev axtarışa verilib. Evlərində axtarış aparılıb. Hazırkı son durum belədir”.

A.Şakiroğlu AXH-nin hər iki funksionerinə cinayət işinin açıldığını düşünür: "Vəkili görüşə buraxmırlar deyə dəqiq məlumat ala bilmirik. Hər halda, 12 gündən artıq bir zamanda orada saxlanılırlarsa, məntiq və hüquq cinayət işinin başladıldığını deməyə əsas verir”.

GAP sədri İ.Həmidovun son durumu ilə bağlı da danışdı: "Mütəmadi olaraq İsgəndər bəylə maraqlanıram. O, hazırda Türkiyənin İstanbul şəhərindədir. Müayinə olunaraq mayın 26-da əməliyyat olunub. Səhhəti qənaətbəxşdir. Həkimlər sağlığı üçün artıq təhlükə olmadığını bildirirlər. Türkiyəyə ilk getdiyi gün və ondan sonra da danışığımız olub. Hakimiyyətin o gedəndən sonra AXH-yə qarşı başlatdığı repressiyadan sarsıntı keçirmişdi. Müalicəsini yarımçıq qoyub geri dönmək istəyirdi. Qarşısını zorla ala bildik. Proseslər barədə narahatlığını ifadə etdi. Əməliyyata hazırlaşdığı vaxt bu ona çox pis təsir etmişdi”.

Müsahibimiz İ.Həmidovun ölkəyə qayıtmayacağı yönündə gəzən söz-söhbətlərə də aydınlıq gətirdi: "Adam ölkədən nə qaçıb, nə də mühacirətə gedib. Həmidovun ürəyində, sadəcə, gözlənilməz pristub tutub. Müayinə və müalicəyə gedib. O, müayinəyə gedəndən 48 saat sonra AXH-yə qarşı repressiya başlanılıb. Bu da AXH-yə və Həmidova qarşı açıq təxribatdır. AXH hazırda hakimiyyətin əsas hədəfindədir. Hərəkata qarşı saxta və qurama bir cinayət işinin açılmasına dair məlumatları bizlər də almışıq. Hesab etmirəm ki, hədəfdə hazırda həbsdə olan AXH rəhbərliyində təmsil olunan həmin iki şəxsdir. Hədəfdə ümumilikdə və bütövlükdə AXH-nin mübarizə üslubudur. Hakimiyyət uzun illərdən sonra hərəkat ətrafında vətəndaşların fəallaşaraq birləşməsindən, AXH-nin təşkilatlanmasından xüsusi narahatlıq keçirməkdədir”.

A.Şakiroğlu AXH-nin fəaliyyətini davam etdirdiyini də qeyd etdi: "İclaslar mütəmadi olaraq keçirilir. Hətta ötən həftə AXH rəhbərliyinin 2 toplantısı oldu. Biri ənənəvi İdarə Heyətinin toplantısı, digəri isə AXH İdarə Heyətinin növbədənkənar toplantısı idi. Hər həftənin ilk günü AXH İdarə Heyətinin toplantıları olur”.

"Yeni Müsavat”

Oxşar xəbərlər