Xəbər lenti
Bütün xəbərlər

"Xəzər Lada"nın Gəncə təmsilçisi "Demokratik.Az"-ı da təhdid etdi - ŞOK TƏFƏRRÜAT

  • 25 may 2019, 15:33

Mayın 20-də "Xəzər Lada"nın Gəncə ofisində baş verən kütləvi davadan yeni kriminal və xoşagəlməz səslər çıxıb. Rusiyanın "Avto-VAZ" şirkətinin istehsal etdiyi avtomobillərin Azərbaycanda satışı və servisi ilə məşğul olan "Xəzər Lada"nın Gəncə nümayəndəliyinin rəhbəri İmam Məmmədov "Demokratik.Az"la telefon əlaqəsi yaradaraq yayılan xəbərlərə görə saytın rəhbərini məhkəmə və digər vasitələrlə təhdid edib. Jurnalistlə kobud danışaraq onu öz ofisində "razborka"ya çağırıb. Və saytın yalan yazdığını, hadisə zamanı orada olmadığını, Qarabağ əlillərini döydürmədiyini, "qoçu dəstəsi" saxlamadığını, əksinə baş verənlərdən sonra özünün (Zeynalov qardaşlarından-red) şikayətçi olduğunu iddia edib.

İmam Məmmədov Qarabağ əlillərinin, xüsusilə saytımıza şikayət edən Zeynalov Qalib İbrahim oğlunun bədən xəsarətləri aldığı iddia edilən davaya normal münasibət göstərib olayı tam aydınlatmaq, öz mövqeyini sivil qaydada sərgiləmək əvəzinə jurnalistə qarşı açıq aqressiya göstərməklə sanki "Xəzər Lada"nın əsas mövqeyini sərgiləyib.

Son günlər olay ətrafında apardığımız müstəqil jurnalist araşdırması nəticəsində də müəyyən etmişik ki, əslində adıkeçən şirkət rəhbərliyi də baş verən xoşagəlməz davanın qəlpələrini yox etməyə, olayı heç olmamış kimi sırımağa, öz nüfuz dairəsindən yararlanaraq polisin təhqiqatına təsir göstərməyə cəhdlər edir. Bununla bağlı artıq müəyyən qeyri-yasal addımlar atılır, davada iştirak edən şəxslərin kimliyi  polisdən gizlədilir, onlardan kimsə izahat vermir, şikayətçilərə polisin təliqəsi əsasında yazılmış mövcud ekspertiza rəyi tam mübahisələndirilir.

Aldığımız məlumatlara görə, İmam Məmmədovun qardaşları da hazırda məhbəs həyatı yaşayır. (Biri Rusiyada, digəri isə Azərbaycanda-red) Mənbəmiz məhz onu qeyd edir ki, İmam Məmmədovun özü də qardaşları qədər kriminal olaylara meyilli biridir. Görünür, dava hadisəsinin baş verməsinə səbəb də, məhz "Xəzər Lada" MMC-nin Gəncə filialının rəhbərinin öz ətrafında yaratdığı mühit və davranışdan doğub.

Bu nüansı tam kənara da qoysaq, olaya "Xəzər-Lada"nın hazırkı prezidenti, şirkətin 20 faizinin səhminin sahibi Fəxrəddin Qasımzadənin özü də susqundur.

Hadisədən bu yana 5 gün müddət keçsə də, Azərbaycanda tanınmış bir şirkət zərərçəkmiş Qarabağ əlillərinin, Zeynalov qardaşlarının timsalında ölkə vətəndaşlarının döyülməsində, baş verənlərin gizli qalmasında belə maraqlı görünürsə bu yalnız təəssüf doğurur.

Xatırladaq ki, "Xəzər-Lada" şirkəti 2002-ci ildə 445,8 milyon manatlıq nizamnamə kapitalı ilə fəaliyyətə başlayıb, Rusiyanın "Avto-VAZ" şirkətinin istehsal etdiyi avtomobillərin Azərbaycanda satışı ilə məşğuldur. Şirkətin səhmlərinin 30%-i Aleksandr Nikiforova, 29,8%-i Lyudmila Nazarenkoya, 19,4%-i Fəxrəddin Qasımzadəyə ("Xəzər-Lada"nın hazırkı prezidenti), 12,2%-i Naməddin Qasımzadəyə, 8,6%-i 146 fiziki şəxsə məxsusdur. 

Şirkətin rəhbəri Fəxrəddin Qasımzadənin hələ SSRİ dönəmindən "Lada"nı təmsil etdiyi bildirilir.

Bundan başqa, "Xəzər Lada"nın prezidentinin PA-nın məsul işçisi, prezidentin sabiq köməkçisi Tariyel Ağayevlə də yaxın əlaqələrinin olduğu, bu yolla öz nüfuzunu qoruduğu bildirilir. Bütün bunlar isə, şirkətə heç bir bəraət haqqı vermir.

Hələ də inanırıq ki, hadisəyə rəsmi və normal münasibət bildiriləcək...

Gəncə ş, Nizami rayon Polis Şöbəsindən də məsələnin araşdırılması istiqamətində aparılan prosessual hərəkətlərə dair münasibət öyrənib dərc etməyə çalışacağıq.

Qarşı tərəfin söz haqqına sayğımızı bir daha bəyan edirik.

Demokratik.Az

ƏVVƏLKİ XƏBƏR YAZISININ LİNKİ - Gəncədə "Xəzər Lada"nın "qoçuları" Qarabağ əlillərini döydü

Oxşar xəbərlər