Xəbər lenti
Bütün xəbərlər

"Bacısına dovşan şəkli göndərib"- qanlı hesablaşma

  • 21 apr 2019, 00:08

Bacısına mesaj yazan qonşusunu bıçaqlayan şəxsin məhkəməsi davam etdirilib. Prosesdə gərginlik yaşanıb, yeni təfərrüatlar üzə çıxıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən 1998-ci il təvəllüdlü Ataş Rəşidovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

İttihama görə, hadisə ötən il avqustun 29-da Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində baş verib. Ataş Rəşidov münaqişə zəminində həmyerlisi Bəxtiyar Allahverdiyevin evinə gələrək ona bıçaqla bir neçə xəsarət yetirib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Adaş Rəşidova qarşı Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Sonuncu məhkəmə iclasında zərərçəkmiş Bəxtiyar Allahverdiyevin anası Gülnar Allahverdiyeva ifadə verib.

Hadisə günü baş verənlərdən danışan Gülnar Allahverdiyeva deyib ki, evdə olan zaman oğlunun qapıda bıçaqlandığını görüb: "Qapıya çatanda qanın içində idi. Dedi ki, qapını bağla. Mən də qapını bağladım. Qarnından vurulmuşdu. Dedim ki, kim vurdu? Ataşın vurduğunu dedi. Təcili yardıma zəng elədim".

Gülnar Allahverdiyeva hadisənin təfərrüatından sonradan xəbər tutduğunu deyib.

Bildirib ki, oğlu Ataşın bacısına mesaj yazıb, amma bu, təsadüfən olub: "Ataşın bacısına "salam, necəsən" yazıb. O da telefona baxanda Bəxtiyarın olduğunu bilib. Bəxtiyara ana, bacı söyüşləri, başqa təhqirlər yazıb. Sonra da görüşə gəlib. Adam bir zəngə, bir mesaja görə adam bıçaqlayar?".

Məhkəmədə məlum olub ki, Bəxtiyar Ataşın bacısına dovşan şəkli də göndərib. Hakim bu şəklin mənasını Gülnar Allahverdiyevadan soruşub.

Şahid Gülnar Allahverdiyeva bunun nə məna verdiyini bilmədiyini deyib. Söyləyib ki, bu şəkilə görə də adam-adamı öldürmək istəməz.

Belə məlum olub ki, göndərilən dovşan şəkli gənclər arasında mübahisənin daha da böyüməsinə səbəb olub. Çünki həmin dovşan şəklinin gənclər arasında mənası "ağır" təhqir imiş...

Hakim Gülnar Allahverdiyevaya sual verib ki, Ataşın ailəsi onlara barışıq təklifi edibmi?

G.Allahverdiyeva bildirib ki, istintaq zamanı Ataşın ailəsigil barışığa gəliblər, amma sonradan narazılıq yaranıb: "Dedilər ki, barışıq olsun. Əməliyyata nə lazım olsa, edəcəklər. Atası bir dəfə min manat yardım elədi. Mən əməliyyatlara 7-8 min xərcimiz çıxdığını dedim. Amma inanmırlar. Oğlumun daxili orqanları zərər görüb. İndi də oğlumun əməliyyata ehtiyacı var".

Bəxtiyar Allahverdiyev bağırsaqlarının çöldə olduğunu deyib və qarnını açaraq məhkəməyə göstərmək istəyib. Amma hakim buna icazə verməyib və ekspertiza rəyi ilə tanış olduqlarını söyləyib.

Daha sonra məhkəmədə təqsirləndirilən Ataşın atası Nüsrət Rəşidov ifadə verib.

O, hadisə günü evdə olduğunu, yatdığını deyib. Bildirib ki, qızı onu oyadaraq Ataşın Bəxtiyarla dava etməyə getdiyini deyib:

"Ünvanlarını soruşub getdim. Yolda zəng elədim, amma Ataş cavab vermirdi. Mən ora çatanda təcili yardım gəlmişdi. Sonra mən Ataşı parkda tapdım. Onunla danışdım, dedi ki, Bəxtiyar qızıma nəsə yazıb, təhqir edib".

Nüsrət Rəşidov hadisənin baş verməsində əsas günahların Bəxtiyar olduğunu deyib:

"Sən camaatın bacısına, qızına niyə yazırsan ki, axırda belə olsun? Deyir ki, guya nömrəni təsadüfən tapıb? Niyə başqasına yox, mənim qızıma yazıb? Qızımla onun bacısı bir sinifdə oxuyur. Tanışlıq da oradan var. Mesajı da bilərəkdən yazıb. Amma yalan deyir ki, guya səhvən olub və bilməyib ki, yazdığı şəxs qızımdır".

İfadəsinin davamında Nüsrət Rəşidov həm hadisənin təfərrüatı ilə bağlı bildiklərindən, həm də barışıq məsələsi ilə bağlı narazılıqdan danışıb:

"Bəxtiyar söyüşlər, təhqirlər yazıb. Ataş da bunu oxuyub. Sonra Ataş bunun nömrəsini blok edib. Bəxtiyar başqa nömrədən zəng etməyə başlayıb və yenə də söyüş söyüb. Həmin danışıqlar da var.

Hadisədən sonra barışmaq istədik. Amma olmadı. Qeyd edim ki, hadisə olan gün Bəxtiyarın anası bizə zəng elədi. Qızıma deyib ki, anan gəlsin, yoxsa polisə deyəcək. Bu şantaj deyil? Polisə demir, bizi çağırır? Pul istədilər, razılaşmadıq. İmkanım çatanı verdim. Dedim ki, yenə də kömək etməyə çalışacam. Mən qaçmıram, sadəcə imkanım daxilində kömək edəcəm".

Məhkəmə iclasında Ataşın bacısı Nərmin də dindirilib. O, da atası kimi eyni məzmunlu ifadə verib. Əlavə edib ki, Bəxtiyar ona bilərəkdən mesaj yazıb və başqa nömrədən də zəng edərək qardaşı Ataşı təhqir edib. Şahid həmin danışıqların olduğu telefonu da məhkəməyə təqdim edib.

Hakim Bəxtiyardan Ataşa başqa nömrədən zəng etməsinin səbəbini soruşub. Bəxtiyar əvvəlcə zəng etmədiyini deyib. Ancaq zəng edilən, mesaj yazılan nömrə ona xatırladılıqdan sonra belə izahat verib: "Nömrə mənim olub, amma həmin vaxt məndə deyildi".

Məlum olub ki, nömrə Bəxtiyarın anasının adına olub və istifadə üçün oğluna verib.

Anası da Bəxtiyardan Ataşa ikinci nömrə ilə zəng etməsinin səbəbini soruşub. Bəxtiyar isə yenə də zəng etmədiyini deyib.

Məhkəmə ikinci zənglə bağlı Bəxtiyar Abdullayevin anasına da sual verib.

Gülnarə Abdullayeva deyib ki, ikinci zəngin edildiyi deyilən nömrə ona məxsus olub və istifadə üçün oğluna verib. Bu sözlərdən sonra isə Bəxtiyar həmin vaxt nömrənin özündə olmadığını, zəng edən şəxsin başqa biri ola biləcəyini iddia edib.

Şahid Nərmin Rəşidova deyib ki, hadisədən sonra Bəxtiyar və anası onları şantaj edib, pul tələb edib: "Bu adam özü əməliyyat olmadı ki, bu cür şantaj eləsin".

Ataş Rəşidov özünü qismən təqsirli bilir. Bəxtiyar bacısına mesaj yazdığını deyib. O deyib ki, mübahisə zamanı Bəxtiyar onu yumruqla vurub.

Oxşar xəbərlər