Xəbər lenti
Bütün xəbərlər

Bakıda məşhur "Diqlas" Ticarət mərkəzi tamam yandı - VİDEO

  • 26 mar 2019, 12:58

Fövqəladə Hallar Nazirliyi Bakının 8-ci kilometr adlanan ərazisindəki "Diqlas” Ticarət Mərkəzində baş verən yanğınla bağlı yeni məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının yayılmasının qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Aviasiya dəstəsinin 3 ədəd helikopteri tərəfindən yanğının söndürülməsi üçün tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

* * *

Bakıda məşhur ticarət mərkəzi yanıb külə dönüb. Hazırda yanğın baş verən ərazidə olanlar xəbər verirlər ki, yanğının söndürülməsi üçün 4 əlavə helikopter, 6 təcili yardım briqadası cəlb olunub. Polis əməkdaşları mallarını xilas etmək istəyən mağaza sahiblərini ərazidən çətinliklə uzaqlaşdırırlar.
Ticarət mərkəzində 500-ə yaxın mağazaya təxminən 30 milyon manata yaxın ziyan dəydiyi bildirilir.

Mağaza sahiblərinin çoxunun halı pisləşib, ürəyi gedənlər var. Mağaza sahiblərindən ikisi 300 min manata yaxın mallarının kül olduğunu bildirir. Onların sözlərinə görə, yanğın ticarət mərkəzinə bitişik yerləşən dönərxanadan başlayıb. Ardından partlayış baş verib. Ərazi tünlük olduğundan yanğınsöndürənlərin içəri girməsi çətin olub.

Ticarət mərkəzinin birinci mərtəbəsindən 4-cü mərtəbəsinə kimi bütün mağazaların yandığı bildirilir.

Hazırda fövqəladə hallar naziri Kamələddin Heydərov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və digər rəsmilərin hadisə yerinə gəldiyi bildirilir.

Yanğın davam edir.

Yanğının söndürülməsi zamanı Fövqəladə Hallar Nazirliyinin bir əməkdaşı xəsarət alıb. Onun təcili tibbi yardım briqadası ilə 3 saylı Sabunçu Rayon Klinik Xəstəxanasına aparıldığı bildirlir. FHN əməkdaşı yanğını söndürərkən əlindən kəsik xəsarəti alıb.

"Diqlas” Ticarət Mərkəzində baş vermiş və hazırda davam edən güclü yanğınla bağlı bütün perimetr boyu təhlükəsizlik tədbirləri görülüb. Hadisə səbəbindən Qara Qarayev prospektinin metronun "Neftçilər” stansiyasından üzü "Xalqlar dostluğu” stansiyasına qədər olan hissəsi bağlıdır. Həmin yoldan keçən marştut avtobuslarının istiqaməti dəyişdirilib, avtobuslar B.Çobanzadə küçəsinə yönəldilib. Hazırda FHN-nin vertolyotları da cəlb olunmaqla yanğınsöndürənlər güclü alovla mübarizə aparmaqdadır.


Oxşar xəbərlər