Əfv sərəncamının icrası tam başa çatdı
Martın 17-də Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı icra olunub.
Sərəncamın icrası Milli Məclisin deputatlarının, Ombudsman Aparatının, dövlət qurumlarının, ədliyyə nazirinin yanında fəaliyyət göstərən İctimai Komitənin, əfv komissiyasının üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Penitensiar Xidmətin tabeliyindəki 1, 2, 4, 6, 9, 10, 11, 15, 16, 17, Bakı İstintaq Təcridxanası və digər cəzaçəkmə müəssisələrində həyata keçirilib. Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldıqları cəzaçəkmə müəssisələrinə gələrək, Sərəncamın icrasını vaxtında və yüksək səviyyədə təmin ediblər.
Prezident tərəfindən əfv olunmuş şəxslər Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıblar.
Penitensiar Xidmətin rəhbərliyi cəzaçəkmə müəssisələrində əfv edilmiş şəxslərə, o cümlədən qadınlar, ahıllar və digər məhkumlara azad olunmaları barədə sənədləri təqdim ediblər.
Bununla əlaqədar keçirilən tədbirlərdə çıxış edən Penitensiar Xidmətin rəhbərliyi, Ədliyyə Nazirliyinin nümayəndələri, Milli Məclisin deputatları, Ombudsman Aparatının əməkdaşları və digərləri Novruz bayramı münasibətilə məhkumlara və onların ailə üzvlərinə təbriklərini çatdırıblar. Çıxış edənlər bu humanist aktın mahiyyəti və əhəmiyyətə barədə danışıblar. Vurğulayıblar ki, əfv Sərəncamı bir qayda olaraq, cəzaçəkmə müəssisələrində nümunəvi davranışları ilə fərqlənən, həqiqətən islah olunmuş məhkumlara şamil edilir. Əfv olunan şəxslərin bu humanist aktdan düzgün nəticə çıxaracaqlarına, Azərbaycan dövlətinin qanunlarına əməl edəcəklərinə və cəmiyyətə adaptasiya olacaqlarına əminlik ifadə edilib.
Bildirilib ki, son illər Azərbaycanda insan hüquqlarının təmini istiqamətində bir sıra humanist qərarlar qəbul olunub. Prezident İlham Əliyevin martın 16-da imzaladığı və ümumilikdə 431 nəfərə şamil olunmuş əfv Sərəncamı da bu humanizm aktlarının tərkib hissəsidir.
Qeyd edilib ki, təməlini ulu öndər Heydər Əliyevin qoyduğu humanizm siyasəti Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. Bu gün əfv və amnistiya institutları daha çevik və işlək mexanizmə çevrilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da Ulu Öndərin mərhəmət, insanpərvərlik məfkurəsindən çıxış edərək amnistiya təşəbbüsləri irəli sürür.
Ümumilikdə, 1995-ci ildən bu günədək Azərbaycanda əfvlə bağlı imzalanan fərman və sərəncamlarla 8 minə yaxın, qəbul olunmuş amnistiya aktları ilə isə 30 minə yaxın şəxs azadlığa buraxılıb. Dövlətimizin başçısının humanist təzahürü olaraq, 2017-ci il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamı insan haqlarının, o cümlədən azadlıq hüququnun qorunmasına xidmət edir. Ötən dövrdə bu mühüm sənədin icrası çərçivəsində cinayət qanunvericiliyinin dekriminallaşdırılması minlərlə şəxsin müxtəlif cəzalardan azad olunmasına səbəb olub. Həmçinin azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqi genişləndirilib.
Azadlığa çıxan şəxslər və onları qarşılamağa gəlmiş ailə üzvləri, yaxınları göstərdiyi humanistliyə, mərhəmətlik siyasətinə və Novruz bayramı ərəfəsində imzalanan əfv Sərəncamına görə dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər
Cəzadan azad olunan şəxslər cəmiyyətə qovuşaraq müstəqil dövlətimizin inkişafı yolunda fəaliyyət göstərəcəklərini bildiriblər.
Xatırladaq ki, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 399 nəfər Sərəncama əsasən, cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər, həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub. Eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən, üç nəfər islah işləri, bir nəfər ictimai işlər, 12 nəfər isə cərimə cəzasından azad edilib. Əfv olunan şəxslər arasında xarici ölkələrin vətəndaşları da var.
Bu əfv Sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirir, xalqın dövlətə, ədalətə inamını daha da artırır.
Demokratik.Az