Söyün Sadıqovun həbsinin GİZLİNLƏRİ

  • 14 fev 2019, 09:08

Xəbər verildiyi kimi, Rusiya Federasiyasının Rostov şəhərində azərbaycanlıların keçmiş diaspor rəhbəri Söyün Sadıqov həbs edilib. "Reket”likdə ittiham olunan "AzerRos”un sabiq rəhbəri güc yolu ilə 100 milyon rubl tələb etməkdə günahlandırılır.

Onun həbsi müəyyən çevrələrdə rezonans doğurub. Bu da səbəbsiz deyil. Çünki S.Sadıqov sıradan biri deyil. O, Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə seçilir. 2012 -2018-ci illərdə Putinin etibarlı nümayəndəsi olub. Onun həbsi ilə bağlı bir sıra versiyalar var. İlk iddia Rusiyada yaşayan, Azərbaycan baş nazirinin sabiq birinci müavini Abbas Abbasovla bağlıdır. S.Sadıqovla A.Abbasov arasında zaman-zaman yaşanan gərginlik barədə mediada saysız-hesabsız xəbərlər var. Bu həbsdə A.Abbaosvun "əlinin olduğu” barədə ittihamlar səslənir.

Bundan əlavə, S.Sadıqovun Gürcüstanda Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımın iştirakçısı Mixail Avaqyana abidə qoyulmasına sərt şəkildə bildirdiyi etirazın da həbsə səbəb ola biləcəyi ehtimalları var. Keçmiş diaspor rəhbəri gürcü iqtidarına iki ay vaxt verərək, abidə sökülməyəcəyi təqdirdə Gürcüstanda yaşayan soydaşlarımızı öz muxtariyyətlərini tələb etmək üçün ayağa qaldıracağını bəyan etmişdi.

S.Sadıqovun həbsi ilə Azərbaycanın Rusiyadakı səfirliyinin, Xarici İşlər Nazirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin hansı addımları atacaqları, məsələni araşdırıb-araşdırmayacaqları indidən suallar doğurur. Digər tərəfdən Putinə yaxın bir şəxsin uzun müddət həbsdə qalıb-qalmayacağı da müzakirələr sırasındadır.

Aqil Əsədov: "Hər bir azərbaycanlının problemi komitənin diqqətindədir”

Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, İnformasiya və Analitik Təhlil şöbəsinin rəhbəri Aqil Əsədov "Yeni Müsavat”a açıqlamasında məsələni diqqətdə saxlayacaqlarını bildirdi: "Bildiyiniz kimi, komitə xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti həyata keçirən mərkəzi icra qurumudur. Komitə əsasnaməsinə, o cümlədən, dövlət başçısının tapşırıqlarına uyğun olaraq xaricdə yaşayan azərbaycanlılarla bağlı davamlı şəkildə siyasəti həyata keçirir. Hər bir azərbaycanlının problemi komitənin diqqətindədir, o cümlədən, qeyd etdiyiniz məsələ də komitənin nəzərindədir. Hələ ki məsələlər təhlil olunur. Komitə hər bir azərbaycanlının məsələsinə həssas yanaşır”.

Əslən Gürcüstandan olan S.Sadıqovun həmyerlilərinin də həbslə bağlı mövqelərini öyrəndik.

Mahir Dərziyev: "Onun muxtariyyətlə bağlı məlum çağırışını biz təxribat kimi qiymətləndiririk”

Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev S.Sadıqov barədə kifayət qədər sərt danışdı: "Söyün Sadıqovun adı hər zaman qalmaqallarda çəkilib. Buna təəssüf etməmək mümkün deyil. Son vaxtlar da bu adam daha çox həm Azərbaycan, həm də Gürcüstan gündəmində skandallarla yadda qalıb. O, Gürcüstan əsillidir, burada doğulub. Amma müsahibələrimdə də demişəm ki, onu Gürcüstanla heç nə bağlamır. Bölücülük etmək istəmirəm, amma açığı deyim ki, bu şəxsin kökü də Borçalı ilə bağlı deyil. Onun atası, babası başqa yerdən Borçalıya gəliblər. Amma bu fərq etməz. O da bizim soydaşımızdır. Söyün Sadıqov Gürcüstan azərbaycanlıları arasında heç bir nüfuza sahib olmayan adamdır. Nə bura gəlib gedən, nə də burada iş görən deyil. Bir xeyirli işi ilə bağlı belə yadda qalmayıb. Dediyim kimi, ancaq skandallarla yadda qalıb. Onun muxtariyyətlə bağlı məlum çağırışını biz təxribat kimi qiymətləndiririk. Bu adam çağırışı ilə iddia edir ki, Gürcüstanda yaşayan azərbaycanlılar potensial separatçıdırlar, bölücüdürlər. Düşünür ki, buradakı azərbaycanlılar bir insanın çağırışı ilə ayağa qalxa bilərlər. Onun bəyanatı kökündən yanlış idi, sırf təxribata hesablanmışdı. Söyün Sadıqovun heç bir mənəvi haqqı yoxdur Gürcüstan azərbaycanlılarına xitab etməyə. O faktiki şəkildə Gürcüstanın konstitusiya quruluşuna, ərazi bütövlüyünə qəsd edib. Gürcüstanın Cinayət Məcəlləsi ilə yəqin ki, nəzərdə tutulmuş bir neçə cinayət əməli törətmiş olurdu. Əminəm ki, Söyün Sadıqov nə zaman Gürcüstana gəlsə, hüquq mühafizə orqanları bəyanatla bağlı ona qarşı müəyyən işlər görərlər”.

Deputat S.Sadıqovun adının Rusiyada azərbaycanlı icması arasında daim Putinin yaxın adamı kimi hallandığını da qeyd etdi: "Deyirlər ki, Söyün Sadıqov Rusiya xüsusi xidmət orqanlarının zabitidir. Hətta onu da deyirlər ki, Federal Təhlükəsizlik Xidmətinin polkovnikidir. O, eyni zamanda, Putinin müşaviri olub. Rusiya Mədəni Milli Muxtariyyətinə başçılıq edən şəxslərdən olub. Hər zaman müşahidə etmişəm və görmüşəm ki, Söyün Sadıqov Rusiya mənafeyinə sədaqətlə xidmət edən şəxsdir. Vaxtı ilə Azərbaycandakı prezident seçkiləri ilə bağlı Rusiyada qurulan planın əsas icraçılarından birinə çevrildiyi də bəllidir. Onun məsuliyyətsiz bəyanatları, hərəkətləri görünür, hər kəsi artıq bezdirib. Rusiya yetərincə korrupsioner bir ölkədir. Orada rüşvətxorluğa görə həbs olunma o qədər də ağlabatan deyil. Yəqin ki, Söyün Sadıqov sahiblərinin qəzəbinə düçar olub. Digər tərəfdən ola bilsin ki, ittiham olunduğu reket maddəsi üzrə etdiyi əməl bütün qırmızı cizgiləri keçib. Amma istənilən halda bu həbs Rusiyada Söyün Sadıqova qarşı olan etimadsızlıqla bağlıdır. Ona etimad göstərilsə idi, himayə olunardı, cinayət məsuliyyətindən yayındırardılar. Haradasa demək olar ki, Söyün Sadıqov işini görüb getdi. Onun nə qədər həbsdə qalacağını kimsə söyləyə bilməz. Amma görünən odur ki, Söyün Sadıqov Putinin qəzəbinə tuş gəlib, onun yanında olan etimadını itirib. Reket ittihamı inandırıcı deyil. Bu işin arxasında başqa məqamlar var. Bunu kimsə bilə bilməz”.

Zəlimxan Məmmədli: "Bizlər onun taleyinə istənilən halda biganə olmamalıyıq”

"Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli indidən S.Sadıqov  barəsində konkret fikirlər söyləməyin mümkünsüz olduğunu söylədi: "Söyün Sadıqovun son bəyanatına hər kəs mövqe bildirdi. Bu həbslə bağlı konkret qənaətə gəlmək çox çətindir. Çünki o siyasi mərkəzə yaxın adamdır. Mətbuatdan aldığım informasiya əsasında bunu deyirəm. Əgər belədirsə, o bu şəkildə həbs edilməməli idi. Görünür, başqa səbəblər var. Rusiyada tanışıq, maliyyə çox şeyləri həll edir. İrəli sürülən ittihamın birbaşa doğru olduğunu söyləmək düzgün olmazdı. Söyün Sadıqovun vəkilinin açıqlaması olsa, müəyyən qənaətlərə gəlmək olar. Hər şeyi zaman göstərəcək. İstənilən halda kimsənin həbsini istəmərəm. Amma həbs əmələ uyğundursa, qanunlar çərçivəsindədirsə, hər kəs etdiyinə görə cəzasını çəkməlidir. Hüquqdan kənar həbs varsa, bu artıq siyasi məsələdir. Bütün hallarda Söyün Sadıqov bizim millətin adamıdır, həbsinə təəssüflənirəm. Ola bilsin ki, mərkəzi hakimiyyətlə müəyyən narazılıq baş verib və bu səbəbdən həbs baş verib. Düşünürəm ki, bizlər onun taleyinə istənilən halda biganə olmamalıyıq”.

Cavanşir ABBASLI,
"Yeni Müsavat”

Oxşar xəbərlər