"Kəmaləddin Heydərov torpaqlarımızı əlimizdən alır" - İmişlidə narazılıq

  • 05 fev 2019, 09:11
İmişlinin Sarıxanlı kəndində narazılıq baş qaldırıb.
"Fermerlərin 15 illik icarəyə götürdükləri örüş sahələrini əllərindən alıb, gah pambıq əkirlər, gah da orada başqa təsərrüfat yaradacaqlarını deyirlər. Əslində isə məsələ fərqlidir. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov rayon rəhbərliyi ilə razılaşıb, həmin torpaqları o istəyir. Görünür, varlarına var qatmaq niyyətindədirlər. Sadə kəndlini pis vəziyyətdə qoyurlar". Sarıxanlı kəndinin sakini Elxan Tarverdiyev belə deyir.
Bir il əvvəl Sarıxanlı kəndinin sakinlərinə bildiriblər ki, Nazirlər Kabinetinin qərarı ilə sizin örüş sahələrinin təyinatı dəyişdirilib, əkin sahəsi kimi istifadəyə verilib, pambıq əkiləcək. Əvvəlcə ərazini şumlayıb pambıq əkiblər, sonra isə çəkil ağacı.
Deyirlər, biz Kəmaləddin Heydərovun adamlarıyıq
Kənd sakinlərindən Zahid İsmayılov deyir ki, icarə müqaviləsi olmasına baxmayaraq, onun da torpaq sahəsi əlindən alınıb: "Qafur və Tofiq adlı iki nəfərdir. Hamısını onlar edirlər. Özlərini də "Gilan Holdinq”in işçiləri kimi təqdim edirlər. Deyirlər, biz Kəmaləddin Heydərovun adamlarıyıq. Bu ərazilər bizimdir. Nə istəsək, edərik".

Kənd sakini Elxan Tarverdiyev
Otlaq sahəsi Şirin Qum adlanan ərazidədir. İmişlinin Sarıxanlı kəndinin sakinlərinin örüş sahələridir. Ümumi 4200 hektar ərazidir. "Hələlik bunun bir hissəsini zəbt edib, əkiblər. Bu yaxınlarda başçımız bizə dedi ki, Kəmaləddin müəllimin göstərişi var, bütün ərazini boşaltmalısınız. Daha bilmirəm bizdən sonra həmin ərazidə nə edəcəklər, nə iş görəcəklər", - Elxan Tarverdiyev belə deyir.
İcarə müqaviləmiz var, əlimizdən ala bilməzlər
Sarıxanlı kəndinin sakinlərinin demək olar ki, hamısı heyvandarlıqla məşğuldur. Onlar ailələrini mal-heyvan saxlamaqla dolandırırlar. Deyirlər ki, əgər həmin torpaqlar onların əlindən alınsa, bundan sonra necə yaşayacaqlarını bilmirlər: "Heyvanlarımızın örüş sahəsidir. İnanın, bilmirik nə edək. Heyvanlarımız acından qırılır. Hər yerə müraciət etmişik. Prezident Administrasiyasına, Mehriban Əliyevaya, İmişli Rayon İcra Hakimiyyətinə. Hamı eyni sözü deyir. Deyirlər ki, dövlətin torpağıdır, bugünədək istifadə etmisiniz, bundan sonra əlinizdən alırıq. Halbuki icarəyə götürmüşük. İcarə müqaviləmiz var, əlimizdən ala bilməzlər. Əlimizdən alırlar, deyirlər, sizə yaxşı yol", - kənd sakinlərindən Ələddin Hüseynov belə deyir.
E.Tarverdiyev deyir ki, onda olan məlumata görə həmin ərazinin bir qismini əkinçiliyə, digər qismini isə maldarlığa ayırmaq istəyirlər: "Yerin yarsına taxıl, yarısına soya, arpa əkəcəklər, bir hissəsində də fermer təsərrüfatı yaradacaqlar. Demək istəyirlər ki, siz yaxşı saxlamırsınız, özümüz məşğul olacağıq heyvandarlıqla. Biz kənd camaatıyıq. Gözümüzü açandan mal-heyvan saxlamışıq. İşimiz budur. 10-15 nəfərdən ibarət ailələrimizi bununla saxlayırıq. Dolanışığımız buradan çıxır. Gözümüzü buna dikmişik. Ailəmizi bununla dolandırırıq. Qardaşım Rusiyadan pul göndərib, 27 min dollar xərc qoymuşam o fermaya. İnanın, hələ o pulu geri qaytara da bilməmişəm. Ərazidə evimiz, çardağımız, mal-heyvan tövlələrimiz var. Deyirlər, mart-aprel ayı sizi çıxaracaqlar oradan. Bəs bizim o qədər mülkümüz, əziyyətimiz? Onlar nə olacaq?"

Kənd sakini Zahid İsmayılov
Necə qaytaracağıq o kreditləri?
Kənd sakinləri deyirlər ki, təsərrüfatlarını inkişaf etdirmək üçün dövlətdən kredit götürüblər. Hələ qaytarmayıblar. Torpaqlar əllərindən alınsa, həmin borcu necə geri qaytaracaqlarını bilmirlər: "Necə qaytaracağıq o kreditləri? Kredit götürüb, təsərrüfatımı genişləndirmişəm. Deyirlər, necə ödəyirsən, ödə. 40-45 fermadır. Hamısından 3-5 ailə dolanır. Hamımızın evini yıxmaq istəyirlər. Əgər torpağın təyinatı dəyişdirilibsə, bizdən alıb, əkin əkmək istəyirlərsə, o zaman fermerlərə dəyən ziyan ödənilməlidir. Bunlar deyirlər ki, torpaq artıq sizin deyil, "Gilan Holdinq”ə verilib. Heç bir kompensasiyadan da söhbət gedə bilməz. Noyabrda kredit götürmüşəm. Həmin vaxt məndən torpaq vergisi alıblar. Bəs necə torpaq bizim əlimizdən alınıb ki, məndən vergi ödəməm tələb edilir?" 
Bunu şişirtməyin anlamı yoxdur
Sarıxanlı kəndinin icra nümayəndəsi İkram Muradov Meydan TV-yə deyib ki, hazırda kiməsənin əlindən ferması alınmayıb. Hamı öz yerindədir, toxunulmayıb: "Onlara da kimsə çıx deməyib. Heç bir problemdən söhbət gedə bilməz. Bunu şişirtməyin anlamı yoxdur".

Kənd sakini Ələddin Hüseynov
İmişli Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə şöbəsinin müdiri Mirzə Quliyev isə deyir ki, bütün kənd sakinlərinin örüş sahəsi yerindədir, toxunulmayıb: "Kimsə girə bilməz ora. Sadəcə Nazilər Kabinetinin qərarı ilə bəzi torpaq sahələrinin təyinatı dəyişdirilib. Odur ki, həmin ərazidəki torpağın bir qisminə dövlətin sifarişi ilə pambıq əkiməsi nəzərdə tutulub. Yenə deyirəm, hansı torpaqlar ki, onlar əkin dövriyyəsindədir. Örüş sahəsinə kimsə müdaxilə edə bilməz".
Xatırlatma
Bu, Sarıxanlı kəndindən Meydan TV-yə daxil olan ilk şikayətlər deyil. Ötən ayın əvvəlində fermer Vüsal Şirinov eyni aqibətlə üzləşib. Hüquqşünas Vaqif Alıyev Meydan TV-yə deyib ki, Nazirlər Kabinetinin 20 yanvar 2017-ci il tarixli 10 saylı qərarı ilə "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi” Qaydaları təsdiq edilib: "Mülkiyyətçidən, istifadəçidən (icarəçidən) torpağın alınması, yaxud onlara eyni ölçüdə və keyfiyyətdə başqa yerdə torpaq sahəsinin verilməsi, həmçinin, kompensasiyanın ödənilməsi təmin olunmalıdır”. Hüquqşünas deyir, icarəçi kimi istifadələrində olan torpaqları əllərindən çıxmış kəndlilər İqtisad Məhkəməsinə müraciət etməlidirlər. Yeni jurnalist araşdırmaları ilə sübut olunub ki, ölkə başçısı İlham Əliyevin qızları "Gilan Holdinq”də böyük pay sahibidirlər. "Gilan Holdinq”in mülkiyyət strukturuna dair mövcud yeganə sənəd şirkətin 2005-ci ildə yaradıldığını və onun Heydərovlar ailəsinə məxsus olduğunu göstərir. Ancaq indi - Əliyevin qızlarının "Gilan Holdinq”də sahib olduğu böyük pay haqqında yeni açıqlamalar veriləndə məlum olur ki, Heydərovlar həm Əliyevlər ailəsinin vasitəçisi kimi fəaliyyət göstərir, həm də şirkətin idarəetməsi dəyişdirilib və ya satılıb. Bir müddət öncə Qəbələ rayon sakini Əlibaba Məmmədov da ona məxsus torpaq sahəsinin "Gilan Holdinq” tərəfindən mənimsənildiyini deyirdi.
Oxşar xəbərlər