Əli Həsənov "Qaçqınkom"dan apardığı “BMW”yə görə cəza ala bilər

  • 31 yan 2019, 09:59

Hüquqşünas: "Onun hərəkəti vəzifədən sui-istifadədir”

 

 

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri, hazırda baş nazirin müavini olan Əli Həsənovun "Qaçqınkom”a məxsus maşını özününküləşdirməsi geniş müzakirələrə səbəb olub. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məsələ ilə bağlı açıqlama da yayıb. Açıqlamadan belə aydın olur ki, sabiq sədr Əli Həsənov vəzifədən gedərkən xidməti maşını da özü ilə aparıb. Buna görə də Rövşən Rzayev xidməti maşın almaq məcburiyyəti ilə üzləşib.

Müzakirələrdə Əli Həsənovun məsuliyyət məsələsi də əsas məqamlardan biri kimi keçir. Əli Həsənov bu hərəkətinə görə cəzalandırıla bilərmi?

Hüquqşünas Əkrəm Həsənov deyir ki, Əli Həsənovun hərəkəti vəzifədən sui-istifadədir: "Cinayət Məcəlləsində 308-ci maddə var. Həmin maddə vəzifə səlahiyyətlərindən sui-istifadə adlanır. Yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya 3-cü şəxslər üçün qanunsuz üstünlük əldə etmə məqsədi ilə belə hərəkətlərə yol verilib. Məsələn, həmin maşından ailə üzvlərinin daşınması üçün istifadə edilməsi qulluq mənafeyinə qəsdən zidd hərəkətlərə yol vermədir. Və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməmə fiziki və hüquqi şəxslərin qanuni mənafelərinə, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla törədilərsə, 3 min manatdan 4 min manata kimi cərimələnə bilər. Və ya 3 il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum oluna bilər. 2 ilədək müddətə islah işləri ilə, 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Yəni belə aydın olur ki, Əli Həsənov vəzifədən getdiyi 5-6 ay ərzində maşından istifadə edib və onu məsuliyyət məsələsi də bu hala uyğun müəyyən edilməlidir. Əgər müəyyən olunsa ki, onun bu özbaşınalığı ağır nəticələrə səbəb olub, bu halda sabiq sədri hətta 7 ilədək cəza gözləyir”.

Hüquqşünas güman edir ki,  Əli Həsənovun əməlində ağır nəticələr yoxdur: "İstənilən halda Əli Həsənov cavabdehlik daşıyır, dövlətin əmlakını öz məqsədləri üçün istifadə edib. 308-ci maddə Cinayət Məcəlləsinin 33-cü fəslindədir. Həmin fəslin adı korrupsiya cinayətləridir. Qulluq mənafeyi əleyhinə olan digər cinayətlərdir. Bu əməllərə görə digər maddələr üzrə də ittiham oluna bilər. 308.1 maddəsi ilə də ittiham verilə bilər. Həmin maddə dövlət büdcəsinin, məqsədli dövlət büdcə fondlarının və ya büdcədən kənar büdcə fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmədir. Həmin maddə üzrə ittiham olunarsa, maksimum 3 ilədək azadlıqdan məhrum oluna bilər. 309-cu maddə ilə də ittiham oluna bilər. Vəzifə səlahiyyətlərini aşma cinayətinə görə məsuliyyət müəyyən edən maddə ilə ittiham olunsa, 3 ilədək azadlıqdan məhrum oluna bilər”.

Əkrəm Həsənov deyir ki, əksər dövlət məmurları xidməti avtomobildən öz məqsədləri, mənafeləri üçün istifadə edirlər: "Təsadüfi deyil ki, bu yaxınlarda dövlət başçısı xüsusi qərar verdi. Həmin qərara görə xidməti maşınların veriləcəyi vəzifə sahiblərinin siyahısı tərtib olunmalıdır. Hazırda elə məmurlar var ki, uşağına, həyat yoldaşına, qulluqçusuna belə ayrıca bir maşın işləyir. Həmin maşınların bir çoxu da dövlət büdcəsi hesabına alınıb, təmir olunur, gündəlik yanacaq xərcləri də həmin hesabdan qarşılanır. Əslində bu çox böyük korrupsiya cinayətidir və bunun qarşısı alınmalıdır. Kim istəyir ki, qulluqçusu maşında gəzsin, zəhmət çəkib maşını şəxsi hesabından alsın, maşının təmir, yanacaq və digər xərclərini cibindən versin. Korrupsiyaya Qarşı Mübarizə İdarəsi belə məmurları müəyyən edib onların dövlət büdcəsinə illərlə vurduqları ziyanı hesablamalı və ödətdirməli, özlərinin isə cəzaya çatdırılmasına nail olmalıdır. Əks təqdirdə, büdcənin çıxarları gəlirlərini  belə qanunsuzluqlara görə hər il üstələyəcək”.

Yada salaq ki, prezidentin struktur dəyişiklikləri ilə bağlı son fərmanı ilə Nazirlər Kabinetinə 3 ay müddətində mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət adından yaradılan publik hüquqi şəxslərdə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə xidməti nəqliyyat vasitələri ilə təmin edilməli vəzifələrin siyahısını prezidentlə razılaşdırmaqla müəyyən etmək tapşırılır. Sənədə əsasən müəyyən olunacaq siyahıdan kənarda qalan vəzifələrdə işləyən şəxslərə xidmət edən xidməti nəqliyyat vasitələrinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin balanslarından çıxarılaraq özəlləşdirilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim ediləcək və nəticə barədə prezidentə məlumat veriləcək.

Maraqlıdır ki, qərarda Nazirlər Kabinetinin özünün olduğu xidməti avtomobillərə dair məlumat əksini tapmayıb. Bu baxımdan, baş nazirin müavini Əli Həsənova qurumdan xidməti avtomobil verilib-verilmədiyini müəyyənləşdirmək mümkün deyil.

E.MƏMMƏDƏLİYEV
"Yeni Müsavat”

Oxşar xəbərlər