Bu il 6 mindən çox şəhid ailəsi “qan pulu” alacaq
Ötən il isə şəhid hərbi qulluqçuların yaxınlarına 34 milyon manat ödənilib
Ötən il prezidentin imzaladığı fərmanla Azərbaycanda şəhid olmuş hərbi qulluqçuların ailələrinə sığorta haqqının ödənilməsinə başlanıb. Uzun illərdən bəri gözlənilən bu proses xeyli səs-küylü hadisələrlə müşayiət olunmaqdadır. Xeyli sayda şəhid yaxını sığorta haqqını almaq istəsə də, dövlət qurumları onların bu hüquqdan əvvəllər istifadə etdiklərini əsas gətirməklə bu istəyin reallaşmasına qarşı çıxırlar. İndiyədək də şəhid yaxınlarının etirazları davam edir. Onların əksəriyyəti müvafiq qurumların təqdim etdiyi sənədlərin saxta olduğunu iddia edərək, sığorta almaq haqlarının qəsdən pozulduğunu bildirirlər.
Qeyd edək ki, ötən ilin dövlət büdcəsindən şəhid hərbi qulluqçuların ailələrinə sığorta haqqının ödənməsi üçün 58 milyon manat ayrılmışdı. Bu il isə həmin məqsədlə daha 50 milyon manatın sərf olunması nəzərdə tutulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumata görə, ötən ilin sonunadək 3100 şəhid hərbi qulluqçunun 4200 vərəsəsinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilib: "Məmur təması olmadan onlara 34 milyon manat vəsaitin ödənilməsi təmin edilib”.
Nazirlikdən bildirildiyinə görə, ümumilikdə siyahı üzrə 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ vardır ki, onlardan qalan hissəsinin, yəni 6,4 min nəfərinin vərəsələrinin də bu il ərzində birdəfəlik ödəmə ilə təminatı həyata keçiriləcək: "Birdəfəlik ödəmənin verilməsindən ötrü ümumilikdə dövlət büdcəsindən 108 milyon manat ayrılıb. Onu da bildirək ki, fərmanın icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində hazırlanaraq təsdiq edilmiş Qaydalara görə, ödənişi həyata keçirən orqanla bu ödəməni alan vətəndaş arasında təmas baş vermir. Yəni tam şəffaf ödəniş mexanizmi yaradılıb. Vəsait vərəsələrin bank hesablarına köçürülərkən bu barədə onlara sms vasitəsilə məlumat göndərilir”.