Sahil Babayevin adı korrupsiya qalmaqalında
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil
Babayevin kadr siyasəti, əlillərin müavinətinin müxtəlif bəhanələrlə kəsilməsi,
Ünvanlı Sosial Yardım (ÜSY) alan yoxsul ailələrə maliyyə dəstəyinin
dayandırılması müqabilində xəstə heyvanların verilməsi və s. çatışmazlıqlar
müxtəlif şəxslərin narazılığına səbəb olub
Sahil Babayev nazir təyin edildikdən sonra vaxtı ilə işlədiyi İqtisadiyyat
Nazirliyi və biznes sahəsindən tanıdığı xeyli dostlarını Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) yüksək vəzifələrə təyin edib. Elə ötən həftə
ƏƏSMN-ə Aparat rəhbəri təyin olunan Hidayət Abdullayev də Sahil Babayevin
dostlarındandır. Deyilənə görə, S. Babayev vaxtilə H. Abdullayevin İqtisadiyyat
Nazirliyində də karyera yüksəlişinə dəstək verib.
Məlumatda qeyd olunur ki, əvvəllər bank sektorunda işləyən Hidayət Abdullayev
2011-ci ildə Sahil Babayevin dəstəyi ilə İqtisadiyyat Nazirliyində şöbə
müdirinin müavini, 2013-cü ildən həmin nazirlikdə Beynəlxalq layihələr üzrə
müdir müavini vəzifələrində çalışıb. S. Babayev nazir təyin ediləndən 4 ay
sonra isə onu özünə müşavir təyin edib. Bir neçə gün əvvəl isə ƏƏSMN-nin Aparat
rəhbəri təyin olunmasına imza atıb.
Nazirlikdəki mənbəmiz bildirir ki, S. Babayevin heç nəyə məhəl qoymadan,
İqtisadiyyat Nazirliyi ilə biznes sektorundan gətirdiyi kadrları ƏƏSMN-də üstün
mövqe qazanıblar. Həmin komanda isə nazirlikdəki "köhnə qvardiya”nı sıxışdırır,
əksəriyyətini vəzifələrdən azad ediliblər, az bir qismini isə hələlik aşağı vəzifələrə
keçirib, onların bilik və bacarığından müəyyən müddət yararlanmaq istəyirlər.
S. Babayevin maraqlı təyinatlarından biri də Dövlət Məşğulluq Xidmətinin rəisi
ilə bağlıdır. Nazir xidmətin rəisi Anar Bədəlbəylini vəzifəsindən kənarlaşdıraraq,
onun yerinə uzun illər əvvəl bank sektorundan tanıdığı dostu Fuad Musayevi gətirib.
Fuad Musayev Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli
Konfederasiyasının prezidenti Məmməd Musayevin oğludur. Amma Sahil Babayev Məmməd
Musayevin oğlunu yüksək vəzifəyə təyin etməklə kifayətlənməyib, onun özünü də
nazirlikdə yaradılan DOST-da işlə təmin edib.
Xatırladaq ki, bir neçə gün əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin
(DOST Agentliyinin) Müşahidə Şurasının ilk iclasında Sahil Babayev Şuranın sədri
olub. Məmməd Musayev isə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Anar Əliyevlə birlikdə 7 nəfərlik Şura üzvündən birinə çevrilib.
Məmməd Musayevin oğlu, ƏƏSMN-in Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev,
həm də Sahil Babayevin hazırda böyük narazılıqla qarşılanan "inəkpaylama”
aksiyasında əsas yeri tutur. Bu faktlar göstərir ki, Sahil Babayev – Fuad
Musayev işbirliyinin bağları çox dərindir. Yəqin elə bu səbəbdəndir ki, Sahil
Babayev hətta böyük pulların dövr etdiyi yoxsullara paylanılan inəklərin və digər
mal-materialların alınması kimi "böyük məsələ”ni də dolaysı ilə Fuad Musayevin
nəzarətinə verib. İddia olunur ki, mal-qaranın alınmasına məsul MMC də F.
Musayevin nəzarətindədir.
Adının çəkilməsini istəməyən nazirlik əməkdaşı isə deyir ki, narazılıqlara səbəb
olmuş həmin MMC və onun rəhbəri haqqında cəmiyyətə ətraflı məlumat verilməlidir:
"Kimindir bu MMC? Həmin MMC nə vaxt yaranıb və onun belə bir iş təcrübəsi
varmı?”.
Mənbəmiz nazirliyin bu istiqamətdə ətraflı açıqlama verəcəyinə inanmır: "Bunun
səbəbini hələlik açıqlamıram. Amma əminəm ki, bu MMC haqqında hər şeyi mümkün qədər
gizlədəcəklər. Bu yöndə artan narazılıqlara isə yalnız ümumi cavab verməklə, həmişəki
kimi vəziyyətdən çıxmağa çalışacaqlar. Necə ki, iqtisadçı Qubad İbadoğlunun
açıqlamasından sonra məsələyə ətraflı aydınlıq gətirməkdən yayındılar”.
Məlumatlı şəxs bir neçə gün əvvəl iqtisadçı Qubad İbadoğlunun inəkpaylama
aksiyasına toxunaraq, yazdığı və müxtəlif KİV-lərdə yer alan faktları da
xatırladıb. Əlavə edib ki, Q. İbadoğlu haqlıdır: "Yada salım ki, Qubad İbadoğlu
nazirliyin ÜSY alan vətəndaşlara payladığı heyvanların sağlam olmadığını,
onların dişsiz, qısır, bəzi hallarda qotur olmasının bu sistemdə korrupsiyanın,
pis idarəçiliyin davam etməsinin göstəricisi olduğunu bildirib. Qubad İbadoğlu əlavə
edib ki, ünvanlı sosial yardıma şərik olanlar, indi də özünüməşğulluq
proqramından qazanmağa balşayıblar. Sosial müfəttişlər proqram çərçivəsində ailəyə
təsərrüfat yaratmaq üçün ayrılan vəsait hesabına alınan heyvanların qiymətini
artırmaqla yanaşı, onların çıxdaş və zay olanlarını alır, sağlam və baha qiymətə
rəsmiləşdirirlər.
İndi siz nazirliyin Qubad İbadoğlunun bu açıqlamasına verdiyi cavaba diqqət
edin. Sahil Babayevin nazirlikdəki "Qara qutusu” sayılan nazir müavini Anar
Əliyev mətbuata açıqlamasında vətəndaşlara qısır, dişsiz, şikəst, qotur
heyvanların verilməsi hallarının olmasını dolayı da olsa, gizlədə bilməyib.
Nazir müavini bildirib ki, verilən mal-qara ilə bağlı hər hansı problem
yarananda, müvafiq aktivlərlə dəyişdirilib.
İndi kimsə xalqa başa salsın ki, nazir müavini "Problem yarananda dəyişdirlib”lə
nə demək istəyib? Yəni bu, iqtisadçının iddia etdiyi heyvanların paylanılmasını
təsdiq etmirmi? Əmin olun ki, fakt belədir”.
Qeyd edək ki, nazir müavini A. Əliyev bu məsələdə F. Musayevlə S. Babayevin
ortaq anlaşdığı MMC-dən danışsa da, onun adını çəkməyib. Sadəcə, qeyd edib ki,
"biz təchizatçı şirkətlə aktivlərin, əmlakların alınması və təhvil verilməsi ilə
bağlı müqavilə bağlamışıq: "Maldarlıqla əlaqədar olanda isə biz bütün hallarda
şirkətdən müvafiq baytarlıq arayışları tələb edirik. Vətəndaş aktivlərin
keyfiyyəti ilə razı olmadığı halda həmin aktivlər dəyişdirilir”.
Gördüyünüz kimi, nazir müavini ümumi şəkildə, detallara varmadan, məsələdən
açıq yayınan sözlər işlədib. Əlbəttə, ondan fərqli izahat gözləmək də mümkün
deyil. Çünki yuxarıda qeyd etdiyim səbəblərdən, bu, onun birbaşa nazirə, onun
özəl və ümumi maraqlarına qarşı çıxması demək olardı”.
Məlumatlı şəxsin iddiasına görə, S. Babayev nazirliyin daxilində ehtiyat etdiyi
şəxsləri demək olar ki, tam zərərsizləşdirib: "Əlbəttə, Sahil Babayev bu sahədə
yenidir. Bəzi məsələləri dərindən mənimsəmək üçün bir neçə ehtiyatlandığı köhnə
kadrlara hələlik ehtiyacı var. Əminəm ki, müəyyən müddətdən sonra onlarla da
yollarını ayıracaq”.
Mənbəmiz bildirib ki, hazırda Sahil Babayevin dostlarının təqdimatı ilə ƏƏSMN-də
vəzifə gözləyən xeyli şəxs var: "Onların bəzilərinin təqdimatçıları qədər, özlərinin
də tərcümeyi-halı maraqlıdır. Əmrləri verilən kimi, adlarını redaksiyanıza təqdim
edərəm”.(reytinq.az)
Qarşı tərəfin də mövqeyinə yer ayırmağa hazırıq.
Demokratik.Az