İkram Rəhimov DTX-dan köçürülməsini istəyir

  • 29 dek 2018, 11:36

Bu gün, dekabrın 28-də Bakı Apellyasiya Məhkəməsində realliq.info saytının həbsdə olan redaktoru İkram Rəhimovun şikayətinə baxılıb.

Söhbət Səbail Rayon Məhkəməsinin İkram Rəhimovun məhkəməyə qədər həbs müddətinin 2 ay 28 gün artırılmasını nəzərdə tutan qərarından verilən şikayətdən gedir.

Bu haqda AzadlıqRadiosuna İ.Rəhimovun ailəsindən məlumat veriblər.

Onların deməsinə görə, jurnalistin vəkilləri həbs müddətinin artırılması üçün gərəkli hüquqi əsasların olmadığını bildirərək, məhkəmədən xahiş ediblər ki, rayon məhkəməsinin qərarını ləğv etsin.

İ.Rəhimov özü də prosesdə iştirak edib. Ailə üzvlərinin sözlərinə görə, o, çıxışında həm şikayəti müdafiə edib, həm də saxlanma durumundan, istintaqın gedişindən danışıb.

"Mən ilk dəfə deyil ki, məhkəməyə çəkilirəm. Bundan əvvəl də istintaq, araşdırma olubh, hər zaman məhkəmənin, istintaqın çağırışlarına zamanında getmişəm. Yaşayış yerim də bəllidir. Hesab edirəm ki, məhkəməyə kimi həbsdə, özü də istintaq edən orqanın təcridxanasında saxlnılmağım qanuni deyil” yaxınlarının sözlərinə görə, İ.Rəhimov məhkəmədə belə deyib.

Onun sağlıq durumundan şikayətləndiyi, Dövlət Təhlükəsizlik Axidmətində saxlanılmasına da etiraz etdiyi bildirilir.

"Ölkə prezidentinə, ombudsmana Bakı İstintaq Təcridxanasına köçürülməyimin təmin olunması üçün müraciət etmişəm. İstintaq məni burda təzyiq altında saxlayır”, ailə üzvləri deyir ki, İ.Rəhimov məhkəmədə belə deyib və məhkəmədən şikayətinin təmin olunmasını istəyib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Rəşad Abdulovun sədrlik etdiyi məhkəmə kollegiyası isə şikayəti rədd edib.

Jurnalistin yaxınları deyib ki, qərarı alıb, Avropa Məhkəməsinə şikayət edəcəklər.

Səbail Rayon Məhkəməsi dekabrın 20-də realliq.info saytının redaktoru İkram Rəhimovun həbs müddətini həmin tarixdən hesablanmaqla 2 ay 28 gün artırıb.

İkram Rəhimovu oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları saxlayıb.

Ardınca onun haqqında məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. O, tutulmazdan əvvəl prezidentin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə izlənildiyini bildirib.

Onda da bu açıqlamaya Əli Həsənovdan hər hansı münasibət almaq mümkün olmayıb. Ancaq İkram Rəhimovun tənqid etdiyi qurumlardan biri, Mətbuat Şurasından onun açıqlamalarını əsassız sayıblar. Qurumdan bildiriblər ki, onlar da İkram Rəhimovun fəaliyyəti ilə bağlı oxşar məzmunlu şikayətlər alıblar.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında isə İkram Rəhimovun başqalarından pul tələb etməkdə günahlandırıldığı qeyd olunurdu: "İkram Rəhimov Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) maddələri üzrə şübhəli şəxs kimi saxlanaraq, cinayət məsuliyyətinə cəlb edilib”.

İkram Rəhimov 2016-cı ildə böhtana görə 1 illiyə azadlıqdan məhrum edilmiş, daha sonra vaxtından əvvəl azadlığa buraxılmışdı. O, onda da ittihamı qəbul etmirdi.

Oxşar xəbərlər