Xəbər lenti
Bütün xəbərlər

Həbsdəki bloggerə yeni cinayət işi açılıb

  • 28 dek 2018, 09:02

Səidə Qocamanlı: "Artıq üçüncü dəfədir ki, belə bir hal yaşayırıq”; Əliməmməd Nuriyev: "Cinayət işinin açılması o demək deyil ki, şəxsin təqsiri sübut olunur”

Həbsdə olan gənc blogger Mehman Hüseynova qarşı yeni cinayət işi açılıb. Azadlığa çıxmasına iki ay qalan gənc məhbus bu dəfə Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə ittiham olunub.

Penitensiar Xidmətin bununla bağlı yaydığı məlumatda bildirilir ki, dekabrın 26-da 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Qeyd olunub ki, hadisə zamanı xəsarət almış Ə.Abdalova tibbi yardım göstərilməsi məqsədilə müəssisəyə təcili həkim briqadası çağırılıb: "Məhkum Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb. Bakı şəhəri Qaradağ Rayon Prokurorluğu tərəfindən hadisə yeri müayinə olunub və aidiyyəti üzrə araşdırma aparılır”.

Məlumat üçün bildirək ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qərar Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında çıxarılıb. Blogger Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub.

Hüquq müdafiəçisi Səidə Qocamanlı məsələ ilə yaxından maraqlanacaqlarını bildirdi: "Belə bir halın baş verməsinə çox təəssüfləndim. Mehmanın azadlığa çıxmasına iki ay qalmışdı. Martın ilk günlərində azadlığa buraxılmalı idi. Belə bir hadisənin həqiqət olub-olmaması ilə bağlı nəsə bir söz deyə bilmərəm. Çünki məlumatı təzə almışıq. Mütləq məsələni araşdıracağıq. Artıq üçüncü dəfədir ki, belə bir hal yaşayırıq. Mehman kimi daha iki məhbusa indiyə qədər azadlığa çıxmalarına az müddət qalmış əlavə maddələrlə cinayət işi açılıb. Hazırda onlar da həbsxana həyatlarına davam edirlər. Bunlar yaxşı hal deyil. Biz çalışırıq ki, siyasi məhbuslarla bağlı siyahıları bağlayaq. İstəyirik ki, bu tipli məhbusların hamısı azadlığa çıxsın. Bu problem Azərbaycanın başı üzərindən yığışdırılmalıdır. Uzun müddətdir ”Domokl qılıncı" kimi başımız üzərindən asılıb, bundan da istifadə edirlər, hərənin ağzından bir avaz gəlir. Yerindən duran da siyahılar hazırlayır. Buna şərait yaratmaq olmaz. Bunlar xoşagəlməyən hallardır, həm ölkəmiz, həm hüquq müdafiəçiləri, həm də ölkəmizdəki hüquq müdafiə təşkilatları üçün. Düşünürəm ki, bu işlərin  baş verməsində kiminsə marağı var. Onlar çalışırlar ki, bu problem gündəmdən düşməsin. İstəyirlər ki, bu problem Azərbaycan üçün beynəlxalq aləmdə daim qınaq obyekti olsun. Mehmanın olduğu həbsxanaya gedib bu məsələ ilə yaxından maraqlanacağıq".

Əfv Komissiyasının və Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin üzvü Əliməmməd Nuriyev M.Hüseynova qarşı açılan cinayət işi ilə bağlı danışmağın tez olduğunu söylədi: "Komitə üzvləri məsələ ilə bağlı əlavə məlumat alacaqlar. Həbsxanaya mütləq getmək lazım olacaq. İndidən nələrisə demək düşünürəm ki, istintaqın gedişinə təsir edə bilər. Onu da deyim ki, cinayət işinin açılması o demək deyil ki, şəxsin təqsiri sübut olunur. Yəqin bununla bağlı müvafiq araşdırmalardan sonra qərarlar qəbul olunacaq. Əgər onun əməlində cinayət tərkibi varsa, iş məhkəməyə göndəriləcək. Bu gün qəti bir fikir söyləmək düzgün olmaz. Hər halda, tərəflər müəyyən iddialar irəli sürüblər. Bununla bağlı Penitensiar Xidmətin açıqlaması da olub. Əlimizdə yalnız bu sənəd var. İddialar bizə o şəxsin təqsirli olub-olmadığını qəti şəkildə deməyə əsas vermir. Son qərarı məhkəmə verməlidir. İstintaqın nə qədər çəkəcəyi, yekunda hansı nəticəyə gəlinəcəyi hələ ki tam aydın deyil. Şəxsin təqsirsizlik prezumpsiyası var. Bu günləri biz konstitusion prinsip olan buna söykənməliyik. Deyə bilmərik ki, Mehman Hüseynov bu və ya digər məsələyə görə təqsirlidir. Fikirlər söyləməkdə tələsməməyin tərəfdarıyam. Güman edirəm ki, bütün məsələlər obyektiv olaraq həyata keçiriləcək. Biz qəti fikir söyləməyə, qəti şəkildə qənaətə gəlməyə tələsməməliyik”.

"Yeni Müsavat”

Oxşar xəbərlər