İkram Rəhimovun həbs müddəti artırıldı – Qərar
Hədə-qorxu yolu ilə pul tələb etməkdə və digər cinayətlərdə ittiham olunan "Realliq.info” saytının baş redaktoru İkram Rəhimovun barəsində seçilmiş həbs qətimkan tədbirin uzadılması barədə vəsatətə baxılıb.
Demokratik.Az xəbər verir ki, dünən Səbail rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
İstintaq orqanının vəsatəti təmin edilib və İkram Rəhimovun barəsində seçilmiş həbs qətimkan tədbiri 2 ay müddətinə artırılıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, İkram Rəhimovun tabeçiliyində olan şəxslərlə birlikdə "Realliq.info” və digər "reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.
Məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb.
İkram Rəhimov oktyabrın 26-da həbs edilib.
İstintaq orqanı tərəfindən İkram Rəhimovun barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə), 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) və 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) maddələri ilə ittiham elan edilib.
Bildirək ki, İkram Rəhimov bütün ittihamları qətiyyətlə rədd edir.
Yaxınları son qərardan apellyasiya şikayəti veriləcəyini bildiriblər.
Demokratik.Az