Xəbər lenti
Bütün xəbərlər

İrəvandan erməni diversantla bağlı gülünc vəd

  • 29 noy 2018, 08:40

Ermənistanın məsələni beynəlxalq təşkilatlara çıxarmasının təsiri ola bilməz, çünki...

"Azərbaycan əsirlərin dəyişdirilməsi təklifi ilə çıxış edir. Azərbaycanda üç erməni var, Qarabağda üç azərbaycanlı. Üç azərbaycanlıya qarşı üç ermənini verməyi təklif edirlər”. Publika.az xəbər verir ki, bu barədə Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycan mövqelərinə soxulmaq istəyərkən ələ keçirilən erməni diversant cın valideynləri ilə görüşdə deyib. Lakin Paşinyan Azərbaycanın təklifindən imtina etdiklərini bildirib.

"Qarabağda iki azərbaycanlı var. Onları qaytarsaq, Azərbaycanda Ramil Səfərov kimi qarşılanacaqlar. Biz bunu istəyirik? Kazaryanla bağlı məsələni Azərbaycan tərəfi ilə müzakirə etməyə davam edirik. Biz bu məsələni beynəlxalq səviyyəyə çıxaracağıq”, - deyə Paşinyan Kazaryanın ailəsinə söz verib.

Lakin Ermənistan mediası bunun, sadəcə olaraq, seçki öncəsi vəd olduğunu yazır. Əsirlər məsələsi seçki öncəsi N.Paşinyana əməlli-başlı başağrısına çevrilib. Ötən həftə Emənistanın Berdavan kəndinin sakinləri Karen Kazaryanın dəyişdirilməsi tələbi ilə etiraz aksiyaları keçiriblər. Onlar Paşinyana Azərbaycanda saxlanılan erməni kəşfiyyatçı Karen Kazaryanın azad edilməsi tələbi ilə keçirilən aksiyalarla bağlı yazılı müraciət ünvanlayıblar. Kənd sakinləri müraciətdə onları təhqir edən Paşinyan və hökumətindən üzr tələb ediblər. Paşinyanın əsirləri azərbaycanlı girovlarla dəyişmək istəmədiyini bəyan etməsi isə ona qarşı narazılığı bir qədər də artırıb.

Azərbaycan Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov hesab edir ki, Ermənistan diversant Karen Kazaryanın və ya digər iki diversantın məsələsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət etsə belə, heç bir nəticəsi olmaz: "Çünki həmin erməni diversantlar faktiki olaraq Azərbaycan sərhədlərini qanunsuz olaraq keçiblər və diversant olduqları bəllidir. Onlardan Arsen Baqdasaryanın diversiya təxribat hərəkətlərinə yol verdiyi məhkəmədə sübuta yetirilib. Baqdasaryanın özü istintaqa ifadəsində Azərbaycana qarşı təxribat həyata keçirmək barədə əmri o zamankı müdafiə naziri Seyran Ohanyandan aldığını etiraf edib. Digər diversant Karen Kazaryanın isə hazırda məhkəmə istintaqı gedir. Onu da Azərbaycan ərazisinə qanunsuz keçərkən saxlamışdılar. Həmin diversantların saxlanması qətiyyən beynəlxalq qanunların pozulması deyil. Lakin Ermənistan hərbçilərinin girov götürdüyü və hazırda Dağlıq Qarabağda saxlanılan azərbaycanlılar isə Ermənistanın sərhədlərini pozmayıblar. Dilqəm Əsgərov və Şahbaz Quliyev doğma rayonları Kəlbəcərə yaxınlarının məzarını ziyarət etməyə getmişdilər. Orada işğalçı erməni hərbi birləşmələri onları girov götürüb. Azərbaycanın ərazisində azərbaycanlıları girov götürməklə, bir azərbaycanlını - Həsən Həsənovu isə qətlə yetirməklə Ermənistan  beynəlxalq qanunları pozub. Azərbaycan sərhədlərini pozmuş erməni diversantları saxlamaq isə heç bir qanunu və insan haqlarını pozmaq sayılmır”.

Qeyd edək ki, hazırda Azərbaycanda Ermənistanın üç vətəndaşı saxlanılır - Arsen Baqdasaryan, Karen Kazaryan və Zaven Karapetyan. Onlar diversant və hərbi cinayətkarlardır. Ermənistanın isə rəsmi etiraf etdiyi 3 azərbaycanlı onlarda əsirlikdədir. Bunlar Dilqəm Əsgərov, Şahbaz Quliyev və Elnur Hüseynzadədir. Azərbaycan dövləti onların azad edilməsi istiqamətində çalışır. /Y.M/

Oxşar xəbərlər