Xəbər lenti
Bütün xəbərlər

Bakı İslam Universiteti bağlanır

  • 25 sen 2018, 08:37

QMİ-nin sözçüsü: "BİU-nun birinci kursları başqa ali məktəblərə köçürülüb, yuxarı kurslar dərslərinə davam edir”

Bakı İslam Universiteti bağlanır. Bu məlumatı ilk olaraq ötən gün təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə yazıb. K.Əsədov qeyd edib ki, Bakı İslam Universiteti fəaliyyətini dayandıracaq. Bu il qəbul olunan tələbələr isə topladıqları ballara uyğun olaraq digər universitetlərə köçürüləcək. Təhsil eksperti qeyd edib ki, onda olan məlumata görə, artıq bu il birinci kursa qəbul olan tələbələrin bir hissəsi köçürülüb.

Bu xəbər sosial şəbəkələrdə və bəzi saytlarda Bakı İslam Universitetinin artıq bağlanması kimi gedib. Ancaq Qafqaz Müsəlmanları İdarəsinin sözçüsü Rəhimə Dadaşova "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Bakı İslam Universiteti hazırda fəaliyyətini davam etdirir. Universitetin 2,3 və 4-cü kurs tələbləri dərslərinə davam edirlər.

R.Dadaşova bildirdi ki, müvafiq məsləhətləşmələrdən sonra BİU-nun builki qəbulu dayandırılıb. Bu il universitetə qəbul olunan birinci kurs tələbələri isə digər ali təhsil ocaqlarının müvafiq ixtisaslarına yerləşdiriliblər. Rəhimə Dadaşova bu qərarı ikinci ilahiyyat ali təhsil ocağının yaradılması ilə izah edib. Sitat: "Bu il İlahiyyat İnstitutu yaradıldı və hazırda orda eyni ixtisaslarda ödənişsiz təhsil verilir”.

Dövlət İmtahan Mərkəzi də BİU-nun bağlanmasına münasibət bildirib. DİM mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə də "Qafqazinfo”ya bildirib ki, Nazirlər Kabineti tərəfindən Dövlət İmtahan Mərkəzinə müraciət olunub ki, Bakı İslam Universitetinin I kursuna qəbul olunan tələbələri  digər ali təhsil müəssisələrinin boş qalan ixtisaslarına yerləşdirilsin: "Söhbət 139 tələbədən gedir.  Ona görə də  həmin tələbələr Dövlət İmtahan Mərkəzinə dəvət olunub. Onların topladıqları ballara uyğun olaraq digər ali təhsil müəssisələrinə yerləşdirilməsi prosesi hazırda davam edir”.

Qeyd edək ki, Bakı İslam Universitetinin müəyyən bir uyğun formatla bağlanması daha əvvəldən də gözlənilən idi. Məsələ ondadır ki, bu ilin əvvəlində Azərbaycan prezidentinin sərəncamı ilə BDU-nun İlahiyyat Fakültəsinin bazasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində Azərbaycan İlahiyyat İnstitutu yaradılıb. Artıq bu ildən İlahiyyat İnstitutuna ilk qəbul aparılıb və 60 abituriyent instituta qəbul olub.

Ölkədə iki ilahiyyat ali məktəbinin fəaliyyət göstərməyəcəyi gözlənilən idi. Digər tərəfdən, Təhsil Nazirliyi 2009-cu ildə BİU-ya verdiyi 56 illik fəaliyyət lisenziyasının müddəti bitməsinə baxmayaraq onu yeniləməyib. Bu isə istər-istəməz BİU-nun bağlanacağı şübhəsini yaradırdı. Ancaq QMİ-dən verilən məlumatda da qeyd olunduğu kimi, BİU hələ 3 il fəaliyyət göstərəcək, sonuncu, yəni 2017-ci ildə qəbul olunan tələbələr ali məktəbi bitirdikdən sonra rəsmən bağlanacaq.

Bakı İslam Universiteti Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən özəl - vəqf universiteti idi. Azərbaycanda bu istiqamətdə ilk fəaliyyətə başlayan təhsil ocağıdır. Sovetlərin zəiflədiyi dövrdə din sahəsində də yumşalma olub. Bu səbəbdən də 1989-cu ilin əvvəlində QMİ-nin nəzdində ilk dəfə Bakı İslam Mədrəsəsi yaradılıb. 1991-ci ildə Mədrəsə Universitetə çevrilib. 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində BİU-nun Zaqatala, Mingəçevir, Lənkəran və Sumqayıt filialları fəaliyyət göstərib. Ancaq sonradan hökumət bu filialları bağlayıb. BİU-nun yarandığı gündən rektoru QMİ sədrinin müavini Hacı Sabir Həsənli olub.

Oxşar xəbərlər