Tədris ili və Bakının tıxaclı günləri başladı

  • 18 sen 2018, 08:40

Ekspert: "Universitetləri mərkəzdən köçürmək, məktəblərə şagirdlərin daşınması üçün avtobus almaq lazımdır”

Yeni tədris ilinin başlaması ilə Bakının tıxac problemi də qayıtdı. Belə ki, sentyabrın 15-də Bakının bir sıra mərkəzi küçələrində 2 saata yaxın davam edən tıxac problemi yaşanıb. Ötən illərdə yaşananlar göstərir ki, bu cür tıxac problem hələ ən azı 1 aydan çox davam edəcək. Maraqlısı da budur ki, hər il  tədris ilinin ilk günlərində yaşanan ciddi tıxac problemi ilə bağlı hər hansı bir tədbir görülmür və bu problem ilbəil təkrarlanır.

"Yeni Müsavat”a danışan nəqliyyat üzrə ekspert İlqar Hüseynov bildirib ki, bu günlərdə həddən çox taksi sifarişləri edilib:

"Eyni zamanda insanlar avtomobillərindən də istifadə edərək, uşaqlarını orta məktəbə aparırlar. Bütün bunlar isə Bakı küçələrində uzun tıxacların yaranmasına səbəb olur. Xarici ölkələrdə adətən bu cür halın qarşısını almaq üçün məktəb avtobusları yaradılıb. Belə ki, həmin avtobuslar şagirdləri yığıb, məktəblərə daşıyırlar. Eyni zamanda dərs bitdikdən sonra da şagirdlər bu avtobus vasitəsilə evlərinə yollanırlar. Bakıda isə valideynlər sanki bu cür avtobuslara etibar etmirlər. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən əksər məktəblərdə bu cür nəqliyyat vasitəsi mövcud deyil. Yalnız xüsusi imtiyazlı və böyük ödənişli  liseylərdə bu, tətbiq olunur. İkinci bir məsələ də ondan ibarətdir ki, bu problemin kökü yalnız orta məktəblərlə də məhdudlaşmır. Məlumdur ki, ölkənin əsas aparıcı universitetləri şəhərin mərkəzində yerləşir. Tədris ili başlayan zaman bu universitetlərdə təhsil alan kifayət qədər tələbə var ki, onlar şəxsi avtomobillərindən istifadə edərək, dərsə gedirlər. Eyni zamanda rayonlardan gələn kifayət qədər tələbələr də var ki, onlar da şəxsi avtomobillərindən istifadə edirlər. Dünya praktikasında universitetlər yataqxanalarla, kampuslarla təmin olunur və şəhər kənarında fəaliyyət göstərirlər. Həmin ölkələrdə tələbələr yalnız tələbə şəhərciyi ərazisində olurlar. Nəticədə nə onların özləri əziyyət çəkib yolda qalırlar, nə də digər yol hərəkəti iştirakçıları tıxacda gözləməli olmurlar. Bizdə tələbə şəhərciyi məfhumu da yoxdur. Yəni bütün məsələlər tıxacın yaranmasına səbəb olacaq haldadır. Şəhərin infrastrukturu imkan vermir ki, birdən-birə daxil olan çoxsaylı avtomobil yükünü qaldırsın”.

Ekspert bildirib ki, indiki halda vətəndaşların özləri də bir qədər diqqətli olmalıdır:

"Şəxsi nəqliyyat vasitələrindən bir qədər az istifadə etməyə çalışmalıdırlar. Ancaq biz görürük ki, insanlar ictimai nəqliyyatdan istifadə etməyə çox da meylli deyillər. Belə olan halda universitetlərin köçürülməsi, şəhər daxilində olan məktəblərə daşıma ilə məşğul olan avtobusların alınması məsələsi gündəmə gəlməlidir. Bir var ki, bir məktəbin 10 şagirdini şagirdlərin sayı qədər avtomobil gətirib-apara, bir də var ki, həmin şagirdlər bir avtobus vasitəsilə dərsə gedələr. Problemin əsasında dayanan məsələ budur. Hər kəsə də məlumdur ki, tədris ili başlayan kimi Bakı küçələrində tıxaclar yaşanacaq. Ancaq illərdir ki, qeyd etdiyimiz istiqamət üzrə addımlar atılmır. Yenə də məktəblər avtobussuzdur, universitetlər və onların korpusları isə paytaxtın mərkəzi küçələrində yerləşir”.

Ekspert söyləyib ki, indiyə qədər atılan bəzi inzibati addımlar da  düzgün praktika deyil:

"Bir zamanlar şəhərdə tıxacın qarşısını almaq üçün rayondan gələn avtomobillərin paytaxt küçələrinə daxil olmasını əngəlləməyə çalışdılar. Bu, artıq fundamental insan hüquqlarının pozulması demək idi. Necə ola bilər və hansı kriteriyalar tətbiq olunmalıdır ki, rayondan gələn avtomobillər şəhərə daxil olmasın. Bu gün biz rayonlara getsək görərik, orada fəaliyyət göstərən avtomobillərin 100-də 50-sinin dövlət nömrə nişanları Bakı seriyası ilədir. Demək olar ki, əksər maşınlar Bakıdan alınır və seriya nömrələri də yerində qalır. Yol polisi əməkdaşlarının bunun qarşısını tam olaraq alması qeyri-mümkün hal idi və belə də oldu. Bunun tətbiqi effektiv olmadı. Çünki həm də bu hal kütlənin narazılığına gətirib çıxara bilərdi və çıxardı da. İnsanlar bəzən xəstələrini gətirirdilər, bəzən yasa gəlirdilər. Onların şəhərin kənarında düşürdülməsi mümkün ola bilməzdi. Çünki həm də bu şəxslərin ixtiyarına o qədər sayda və sürətli ictimai nəqliyyat da verilmədi ki,  həmin nəqliyyat vasitələri insanların istədikləri istiqamətə gəlmələrini təmin edə bilsin. Elə insanlar var ki, həftədə bir dəfə rayona gedib, ərzaq təminatını alır, yüklə qayıdırlar. Onların aqibəti necə olacaqdı? Ona görə də bu üsul nə effekt verdi, nə də Bakıdakı tıxacın qarşısını aldı. Bakıda tıxacın qarşısını almaq və avtomobil sıxlığını azaltmaq üçün yuxarıda söylədiyim hallar reallaşdırılmalıdır. Belə olarsa, sıxlıq nəzərəçarpacaq dərəcədə azalar”. /Y.M/

Oxşar xəbərlər