Xəbər lenti
Bütün xəbərlər

“Elçibəyə dil uzadanlar cavabını alacaq” – Toliki həbs gözləyir

  • 14 sen 2018, 21:03

Prodüser Tarix Əliyevin (Tolik) sosial şəbəkədə mərhum prezident Əbülfəz Elçibəyi təhqir etməsi neçə gündür ki, sosial şəbəkənin və medianın gündəmindən düşmür. Mərhum prezident haqqında yazışmaları yayılan prodüserə qarşı çıxanlar isə günü-gündən çoxalır. Belə ki, Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa demokrat.az-a açıqlamasında deyib ki, T.Əliyev Əbülfəz Elçibəyi təhqir etdiyi üçün onun ailəsindən və Azərbaycan xalqından üzr istəməlidir: "Əgər onun bu hərəkətləri Azərbaycan qanunlarının tələblərini pozursa, bu şəxs cəzalandırılmalıdır. Onun bu cür tərbiyəsiz hərəkətləri yolverilməzdir".

Eks-millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı mətbuata açıqlamasında prodüserə sərt şəkildə cavab verib: "O kimdir ki, Əbülfəz Elçibəyi təhqir edir? Azərbaycan prezidenti olmuş bir şəxs barəsində bu cür tərbiyəsiz fikirləri danışan adamın telekanallar vasitəsilə ictimaiyyət qarşısına çıxmağa heç bir mənəvi haqqı yoxdur. Tolik mütləq cəzalandırılmalıdır. O, Əbülfəz Elçibəyin ailəsindən və Azərbaycan xalqından üzr istəməlidir. İctimaiyyətə açıq şəkildə deməlidir ki, bir daha belə hərəkət etmərəm".

Tolik isə "Yeni Müsavat”a açıqlamasında bildirib ki, ona qarşı kampaniya aparılır: "Fransada yaşayan, Məhəmməd Mirzəli adlı mühacir "İnstagram” sosial şəbəkəsində mənə yazaraq, məni qızışdırdı. Mən Elçibəyi təhqir etməmişəm. Doğrudur, yazmışam ki, sənin liderin Elçibəy Azərbaycan üçün nə edib? Biz bu gün hansısa vəfat etmiş şəxs haqqında təhqiramiz fikirlər bildiririksə, deməli, elə öz mərhum yaxınlarımıza hörmət etmirik. Xaricdə yaşayan, satqın insanlar nə ölüyə baxır, nə də diriyə hörmət edir. Həmin şəxs məqsədli şəkildə öz yazdıqlarını silib, mənim yazdıqlarımı yayıb. Lakin mən də bütün yazışmaları sosial şəbəkədə paylaşdım”.

Bəs, sözügedən qalmaqal haqqında eks-prezidentin yaxınları nə düşünür?

Yeni Müsavat” məsələ ilə bağlı Əbülfəz Elçibəyin qohumu, müstəqil jurnalist Çingiz Özgürün fikirlərini öyrənib. O qəzetimizə açıqlamasında deyib ki, eks-prezidentin ailəsi Toliklə bağlı hər hansı tədbir görmək niyyətində deyil:

"Neçə gündür Tolikə qarşı sərt reaksiya var. Mənə də çox deyirlər. Düşünmürəm ki, hər hansı tədbir görməliyik. Bu cür adamlarla Elçibəy və ailəsi tərəf müqabili ola bilməz. Hətta Elçibəy ailəsi məsələ ilə bağlı vəkilinin də Tolik səviyyəsində olan  adamlarla üz-üzə gəlməyinə razı olmaz. Zaman-zaman alim, aparıcı və başqa sahənin "tolik”ləri Elçibəyə söz atıb. Qoy, elə Elçibəyi toliklər bəyənməsin.

Biz Tolikə cavab verməyi düşünmürük. O, Azərbaycan Respublikasının qanuni sabiq prezidentini təhqir edib. Türkiyədə belə addım atılsaydı, həmin insanı linç edərdilər, qanun qarşısında cavab verərdi. Elçibəyə dil uzadanlar gec-tez öz cavabını alacaq. Bunun üçün  onları məhkəməyə vermək, küçədə onlara hücum etmək lazım deyil. Tolikin özünün açıqlamalarını oxudum, belə başa düşdüm ki, səhvinin fərqindədir, yeri gələndə üzr istəyəcək. Hər kəs bilsin ki, Əbülfəz Elçibəy tarixdə qalıb, qalacaq. O, insanların ürəyinə yol tapıb”.

Bəs, hüquqi tərəfdən eks-prezidentləri təhqir edənlərə  hansı cəza gözləyir?

Hüquqşünas Ruslan Əhmədoğlu "Yeni Müsavat”a açıqlamasında deyib ki, eks-prezidentləri təhqir etməsin qanuni cəhətdən öz cəzası var:

"İlk olaraq, eks-prezidentin təhqir olunub-olunmaması  sübut olunmalıdır.  Təhqir olunan şəxsin hüquqi varisləri, yəni, övladları, həyat yoldaşı məhkəməyə müraciət edərək xüsusi ittiham qaydasında iddia qaldır bilər. Eks-prezident təhqir olunduğu halda qanunvericilikdə bunun öz cəzası var. Belə ki, Cinayət Məcəlləsinin 323-cü və Konstitusiyanın 106-cı maddəsində prezidentin şərəf və ləyaqəti qanunla qorunur. Bununla yanaşı,  Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində ləkələmə və ya alçaltma beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri, eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalana bilər”.

Oxşar xəbərlər