Ramiz Yediyarovun ölkədən çıxışına qadağa qoyulub

  • 14 sen 2018, 08:44

Gədəbəyin sabiq icra başçısına ölkədən çıxmaq yasağı qoyulub...

İyunun 1-də Gədəbəy rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilən Ramiz Yediyarov barəsində Baş prokuror yanında korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən araşdırmalara başlanılıb. Bu barədə sentyabrın 13-də publika.az saytı hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata istinadən xəbər yayıb. R.Yediyarovun rayon maliyyə idarəsinin rəisi Namiq Məmmədovla birgə külli miqdarda dövlət vəsaitini təyinatı üzrə xərcləməyərək büdcəyə ziyan vurduğu bildirilir. Artıq onun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məhkəmə qərarı çıxarılıb.

Qeyd edək ki, Ramiz Yediyarov 2012-ci il aprelin 18-dən 2018-ci il iyunun 1-dək Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı işləyib. 1997-ci ildən icra başçısı təyin olunanadək dövlət vergi orqanlarında çalışıb, müxtəlif ərazi idarələrinə rəhbərlik edib, Bakı Şəhər Vergilər Departamentinin rəis müavini olub. Keçmiş vergilər naziri Fazil Məmmədovun yaxın adamı kimi tanınan R.Yediyarovun Gədəbəyə başçılıq etdiyi dövrdə yerli sahibkarlara qarşı amansızlığı, əhali ilə kobud davranışı və digər qanunsuz hərəkətləri ilə bağlı mediada tez-tez məlumatlar yayılırdı. Ölkə prezidentinin icra başçılarına xəbərdarlıqlarından nəticə çıxarmadığı bu məlumatlardan da görünürdü. Vəzifədən uzaqlaşdırılmasında da məhz amilin də rol oynadığı istisna deyil.

R.Yediyarovdan şikayətlər vəzifədən çıxarıldıqdan sonra da davam edir. Özü də maraqlıdır ki, Yeni Azərbaycan Partiyasının Gədəbəy rayon təşkilatının üzvü tərəfindən partiyanın rəhbərliyinə müraciət edildiyi dünən məlum olub. Belə ki, YAP-ın Gədəbəy təşkilatını yaradanlardan olan,

12 il təşkilat sədrinin müavini, 8 il sədri olmuş Ramazan Muradov partiyanın rəhbərliyinə Ramiz Yediyarovun qanunsuz əməli barədə müraciət edib. R.Muradov müraciətində qeyd edib ki, 2013-R.Yediyarovun qurduğu oyunların nəticəsində YAP-ın Gədəbəy rayon təşkilatının sədri vəzifəsindən kənarlaşdırılıb, sədr vəzifəsinə əvvəllər Müsavat Partiyasının üzvü olmuş, saxta ali təhsil diplomlu Rüstəm Nağıyevi sədr seçdirib. YAP-ın qurulmasında və inkişaf etməsində heç bir əməyi olmayan Ramiz Yediyarovun bir savadsız müxalifətçini rayon təşkilatına sədr seçdirməsi hələ o zaman rayon YAP-çılarının narazılığına səbəb olub.

R.Muradov daha sonra bildirib ki, təşkilatın sədri Ramiz Yediyarovun rayona rəhbərlik etdiyi 6 il ərzində rayon təşkilatının yerli qərargahını icra başçısının korrupsiya əməllərinin həyata keçirildiyi məkana çevirib. Təzə təyin edilən kadrlardan, yaylaqlara çıxan fermerlərdən, pay torpaqlarında qanunsuz  ev tikənlərdən, sahibkarlardan və idarə, müəssisə rəhbərlərindən R.Nağıyevin külli miqdarda rüşvət almasına bu qərargah şahid olub: "R.Nağıyev R.Yediyarova arxalanaraq qardaşının adına rəsmiləşdirməklə, qeyri-qanuni yollarla onlarla torpaq sahəsi və daşınmaz əmlak ələ keçirdi. Təsadüfi deyil ki, Yediyarovun fəaliyyətini araşdıran Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin  istintaq qrupu R.Nağıyevi və İdarə Heyətinin üzvlərinin əksəriyyətini istintaqa cəlb edib.

Mən və rayon təşkilatının yaradılmasında əməyi olan şəxslər, rayon təşkilatının üzvləri təşkilatımızın bu acınacaqlı vəziyyətə salınmasından dərin narahatlıq hissi keçiririk. Biz hesab edirik ki, ən qısa zamanda rayon təşkilatının üzərindən bu ləkə götürülməlidir".

R.Muradov YAP rayon təşkilatının növbədənkənar konfransının çağırılması xahişini də edib.

Oxşar xəbərlər