Vətəndaşlardan narkotik və silah aşkarlanıb

  • 01 avq 2018, 12:31

Vətəndaşlardan narkotik və silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Sadiq Əliyevdən və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tələt Əliyevdən metamfetamin aşkar edilib. Davam etdirilən tədbirlərlə S.Əliyevin evindən narkotik vasitə olan heroin və marixuana da aşkar edilərək götürülüb.

Araşdırmalar zamanı S.Əliyevin Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olduğu da müəyyən edilib.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq T.Əliyevin idarə etdiyi "Lada-Priora” markalı avtomobildən 1 ədəd pnevmatik tüfəng, 1 ədəd bıçaq və pnevmatik tüfəngə aid patron, habelə onun tanışı, Şuşa şəhər sakini Eynulla Mustafazadənin idarə etdiyi "Range-Rover” markalı avtomobildən 1 ədəd qaz tapançası, 4 ədəd dəyənək və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yuxarı Nüvədi kəndi ərazisində kənd sakini Rüstəm Əkbərovun kultivasiya yolu ilə yetişdirdiyi 41 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlərlə onun evindən əlavə olaraq 2 kiloqram 300 qram marixuana da aşkar edilərək götürülüb.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları Xudat şəhər sakini Cavid Əlimuradovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu və 528 qram marixuana götürüblər.

Faktlarla bağlı rayon polis şöbələrində cinayət işləri başlanılıb.

Oxşar xəbərlər