7 kq narkotik qanunsuz dövriyyədən çıxarıldı

  • 27 mart 2018, 11:10

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 26-da ümumi çəkisi 7 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in mətbuat xidmətindən musavat.com-a daxil olan məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini Məmməd Cəfərovdan 6,75 qram marixuana aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun idarə etdiyi "VAZ-2121” markalı avtomobildən isə əlavə olaraq 5 kiloqram 185 qram marixuana aşkar edilib.

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan Bakı şəhər sakini Rəhman Əmirovdan 495 qram həşiş və 0,156 qram heroin götürülüb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Cəmil Məmmədovdan 100,372 qram, yaşadığı evdən isə 1 kiloqramdandan artıq  tiryək aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Oxşar xəbərlər